Veteranlar xiyabanı və ya Veteranlar parkı — Bakı şəhərinin Suraxanı rayonuna daxil olan Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən ictimai park və istirahət məkanı.

Tarixi Veteranlar xiyabanı 8 may 2007 tarixində Suraxanı Rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasovun təşəbbüsü ilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Qaraçuxur Bələdiyyəsi ilə birlikdə salınmışdır. Park Bakı şəhərinin Suraxanı rayonuna daxil olan Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşir. Parkın eni təxminən 15, uzunluğu isə 750 metr və ya 2 kilometrdir.

Xiyaban qəsəbə sakinlərinin, xüsusilə də müharibə və əmək veteranlarının asudə vaxtının təşkili, eləcə də yerli əhalinin istirahəti üçün nəzərdə tutulmuşdur. Parkın mövzusu 9 May Qələbə Günü ilə bağlıdır. Park yerləşən ərazidə Qaraçuxur Bələdiyyəsi və YAP Suraxanı Təşkilatının binaları yerləşir.

Park yarandığı dövrdən etibarən rayonun mədəni-kütləvi tədbirlərinin keçirildiyi əsas məkanlardan birinə çevrilmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə parkın ərazisində ənənəvi olaraq hər il genişmiqyaslı "Gül bayramı" tədbirləri keçirilmiş, uşaqların və qəsəbə sakinlərinin əl işlərindən ibarət sərgilər nümayiş etdirilmişdir.

Parkın yaşıllaşdırılması və ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində müxtəlif dövrlərdə aksiyalar həyata keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan "Hərəmiz bir ağac əkək" layihəsi çərçivəsində Veteranlar xiyabanının ərazisində yerli iqlimə uyğun çoxsaylı yeni ağaclar və bəzək kolları əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir.

Suraxanı rayonunun sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat iclaslarında Qaraçuxur qəsəbəsindəki digər xiyaban və parklarla yanaşı, Veteranlar parkının da abadlaşdırılması, qəsəbə infrastrukturunun müasirləşdirilməsi məsələləri mütəmadi olaraq diqqət mərkəzində saxlanılmışdır. Aparılan təmir və bərpa işləri zamanı parkın daxili yolları yenilənmiş və ərazi müasir görkəmə salınmışdır.

Müəyyən dövrlərdə Veteranlar xiyabanının infrastrukturunda bəzi problemlər qeydə alınmışdır. Parkın işıqlandırma sistemində yaranan nasazlıqlar səbəbindən ərazinin qaranlığa qərq olması, axşam saatlarında sakinlərin gəzintisini çətinləşdirməsi mətbuatda işıqlandırılmışdır. Suraxanı Rayon Küçə İşıqları İdarəsinin rəisi Abdulla Bağırov sakinlərin şikayəti ilə bağlı bildirmişdir ki, idarənin "Azərişıq" ASC-yə borcu olduğuna görə gecələr küçə işıqlarının verilməsi dayandırılmışdı. Bununla yanaşı, parkın baxımsız qaldığı dövrlərdə ərazidə sahibsiz itlərin toplaşması sakinlərin, xüsusilə uşaqların təhlükəsizliyi baxımından narahatlıqlara yol açmış və aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır.

İstinadlar

Kateqoriya:Bakı parkları Kateqoriya:Suraxanı rayonu Kateqoriya:İctimai şəhər parkları Kateqoriya:2007-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan İkinci Dünya müharibəsində