Təsnifat, həmçinin təsnifetmə ( — "dərəcə, təbəqə" və — "etmək, düzəltmək") — elmdə (fəlsəfə, formal məntiq və s.) anlayış həcminin müəyyən bir əsas (əlamət, meyar) üzrə bölünməsinin xüsusi növünü ifadə edən termin. Təsnifat zamanı cins anlayışın (sinif, çoxluq) həcmi növ anlayışlarına (yarımsiniflər, altçoxluq), növlər isə öz növbəsində yarımvəziyyətlərə (yarımnövlərə) və bu minvalla daha kiçik qruplara bölünür.
Məntiqi bölgünün bir növü olan təsnifatda əsas məqsəd tədqiq olunan obyektlər sistemi daxilindəki daxili qanunamüvafiqlikləri və əlaqələri aşkar etməkdir. Bu proses elmi idrakın sistemliliyini təmin edən mühüm metodoloji vasitə hesab olunur.
Təsviri Təsnifat həm elmdə (xüsusilə təbiət elmlərində), həm də praktiki fəaliyyətdə geniş tətbiq olunur. Bununla yanaşı, elmi təsnifatlar daha dayanıqlı xarakter daşıyır və buna görə uzun müddət öz əhəmiyyətini hifz edib saxlayır. Məsələn, Dmitri Mendeleyev tərəfindən yaradılmış kimyəvi elementlərin dövri sistemi (təsnifatı) bu gün də yeni elementlərlə tamamlanmaqda davam edir.
Təsnifat prosesində obyektlərin bölünməsi üçün əsasın (meyarın, əlamətin) seçilməsi mühüm əhəmiyyət kəsb edir. Bu əlamət mahiyyətli (mühüm) və ya qeyri-mahiyyətli (köməkçi) ola bilər. Mahiyyətli əlamət üzrə aparılan təsnifat təbii təsnifat, qeyri-mahiyyətli (köməkçi) əlamət üzrə aparılan təsnifat isə süni (və ya köməkçi) təsnifat adlanır.
Təsnifat zamanı ortaya çıxan əsas çətinliklərdən biri keçid formaları problemidir. Məsələn, insan və vətəndaş hüquq və azadlıqlarının təsnifatı zamanı söz azadlığı həm təbii (anadangəlmə) hüquqlara, həm də siyasi hüquqlara aid edilə bilər.
Əhatə dairəsinin genişliyindən asılı olaraq təsnifatlar ensiklopedik (universal) və ensiz bir qrup eynicinsli hadisələri əhatə edən xüsusi (sahəvi) təsnifatlara bölünürlər.
Təsnifetmə qaydaları (Anlayış həcminin bölünməsi qaydaları) Təsnifat anlayışın bölünməsi əməliyyatının bir növü olduğu üçün, anlayış həcminin bölünməsi zamanı tətbiq edilən bütün məntiqi qaydalar təsnifata da şamil edilir.
Təsnifat yalnız bir konkret əsas (meyar) üzrə aparılmalıdır. Bu qayda pozularsa, anlayışların kəsişməsi (çoxluqların kəsişməsi) xətası baş verir. Məsələn, "Kağızlar ağ, qara, qalın və nazik növlərə bölünür" bölgüsündə xətanın səbəbi bölgünün bir yox, eyni anda iki meyar üzrə aparılmasıdır. Burada birinci meyar rəng, ikinci meyar isə qalınlıqdır. Nəticədə bir kağız həm ağ və qalın, həm də qara və nazik ola bilər. Bölgünün mütənasibliyi (tamlığı) hifz edilməlidir. Yəni təsnifat üzvlərinin həcmlərinin cəmi, bölünən cins anlayışın (sinfin, çoxluğun) ümumi həcminə bərabər olmalıdır. Bu qayda pozulduqda iki növ xəta yarana bilər:* Qeyri-tam (dar) təsnifat: Təsnifat nəticəsində əldə olunan növ anlayışlarının həcmi bölünən anlayışın həcmini tam əhatə etmir. Məsələn, "Ədəbi janrlar məzmununa görə faciə, komediya və qorxuya bölünür" təsnifatında dram janrı unudulmuşdur.* Artıq növ anlayışları olan təsnifat: Bu növ xətaya misal olaraq "Kompüterlər masaüstü, mobil, daşınan və fərdi kompüterlərə bölünür" bölgüsünü göstərmək olar. Burada "fərdi" kompüter anlayışı artıq (təsnifatın digər üzvləri ilə eyni səviyyədə durmayan) növ anlayışıdır. Təsnifat üzvləri bir-birini istisna etməlidir. Yəni bölünmə nəticəsində yaranan qruplardan heç biri digərinin tərkibinə daxil olmamalıdır. Yarımsinflərə bölünmə kəsilməz (ardıcıl) olmalıdır. Bölgü zamanı cins anlayışdan birbaşa ən yaxın növ anlayışına keçilməlidir, əks halda "bölgüdə sıçrayış" xətası baş verir.
İstinadlar
Xarici keçidlər
OECD Glossary of Statistical Terms – Classification Schemes ISO/IEC 11179-2:2005 Metadata registries (MDR) – Part 2: Classification Nancy Lawler's presentation on Classification Schemes
Kateqoriya:Metaməlumatlar Kateqoriya:Sistem nəzəriyyəsi Kateqoriya:Təsnif etmə Kateqoriya:Təsnifat sistemləri Kateqoriya:Metadata reyestri