Jan Batist Duvil (; ) — Fransa səyyahı. Erkən yaşlarında böyük sərvətə sahib olduqdan sonra xarici ölkələrə səyahət etmək istəyini reallaşdırmaq qərarına gəlmişdir. Özünün bildirdiyinə görə, o, Hindistan, Kəşmir, Böyük Xorasan, İran, Kiçik Asiya və Avropanın bir çox hissələrini ziyarət etmişdir. 1826-cı ildə Cənubi Amerikaya yollanmış, 1827-ci ildə isə Braziliyanı tərk edərək Afrikanın qərb sahilindəki Portuqaliya mülklərinə getmişdir. Onun 1828-ci ilin mart ayında burada olması Luanda general-qubernatoru Kastelo Brankonun məktublarında adının çəkilməsi ilə təsdiqlənir.

1831-ci ilin may ayında o, yenidən Fransada peyda olmuş və tədqiqatlarını Mərkəzi Afrikanın daxili hissələrinə qədər genişləndirdiyini iddia etmişdir. Onun bu hekayəsi Paris Coğrafiya Cəmiyyəti tərəfindən asanlıqla qəbul edilmişdir. Cəmiyyət onun xidmətlərini yüksək qiymətləndirərək onu böyük qızıl medalla təltif etmiş və 1832-ci il üçün özünə katib təyin etmişdir. Müəllifin üç cilddən ibarət olan və ətraflı atlasla müşayiət edilən "Konqoya və Ekvatorial Afrikanın daxili hissələrinə səyahət" () adlı xatirələri nəşr olunduqdan sonra ictimaiyyətin ona olan marağı daha da artmışdır.

1832-ci il başa çatmamış Duvilin səyahətinin real faktlara yox, uydurmaya əsaslandığı müəyyən edilmişdir. Onun Rene Kayenin Timbuktuya səyahəti barədə yazdığı hekayədən təsirləndiyi və Afrika tədqiqatçılarına nəsib olan şöhrətdən pay almaq istədiyi ehtimal olunur. Duvil 1832-ci ildə çap olunmuş "Mənim müdafiəm" () və 1833-cü ildə işıq üzü görmüş "Həyatımın otuz ayı və ya Konqoya səyahətimdən on beş ay əvvəl və on beş ay sonra" () adlı əsərlərində öz hekayəsinin doğruluğunu sübut etməyə çalışmışdır, lakin onun bu cəhdləri uğursuzluqla nəticələnmişdir.

Onun evlənməyə hazırlaşdığı Madmazel Odrun bu rüsvayçılığın gətirdiyi kədərə dözməyərək intihar etmişdir. Səyyah 1833-cü ildə Braziliyaya köçmüş və Amazon hövzəsində tədqiqatlarını davam etdirmişdir. Həkim Q. Qardnerin 1846-cı ildə nəşr olunmuş "Braziliyanın daxili hissələrinə səyahətlər" () adlı əsərində qeyd etdiyinə görə, Duvil 1837-ci ildə San-Fransisko çayının sahilində göstərdiyi tibbi yardıma görə həddindən artıq yüksək haqq tələb etdiyi üçün öldürülmüşdür. Onun Anqola əyalətinin bir hissəsini tədqiq etdiyi ehtimal olunur. Ser Riçard Barton Fransa səyyahının Konqo torpaqları barədə təsvirlərinin real olduğunu, yerli əhalinin antropologiyası, mərasimləri, adət-ənənələri və xəstəlikləri barədə müşahidələrinin fövqəladə dərəcədə dəqiqliyini və hətta mətndə istifadə olunan yerli sözlərin böyük qisminin xüsusi düzgünlüklə verildiyini iddia etmişdir. Buna baxmayaraq, Duvilin əsas ilham mənbəyinin əldə etdiyi bir çox çap olunmamış Portuqaliya əlyazmaları olduğu sübuta yetirilmişdir.One or more of the preceding sentences вклучува текст од објавено дело кое сега е јавна сопственост: Chisholm, Hugh, уред. (1911). „Douville, Jean Baptiste“ . Encyclopædia Britannica. 8 (11. изд.). Cambridge University Press. стр. 451.

İstinadlar

Kateqoriya:Fransa səyyahları Kateqoriya:Afrikanın tədqiqatçıları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri