Şimal-şərqi Abşeron şivələri — Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinə daxil olan və Abşeron yarımadasının şimal-şərq hissəsində yayılmış şivələr toplusudur. Şimal-şərqi Abşeron şivələrinin leksik xüsusiyyətləri ayrıca dialektoloji tədqiqatların və lüğətlərin mövzusu olmuşdur.Quliyeva, Kübra. Azərbaycan dilinin şimal-şərqi Abşeron şivələrinin lüğəti. Bakı: Elm və təhsil, 2025, 530 s.Vəliyeva, Gülxanım Qüdrət qızı. Şərqi Abşeron şivələrinin leksikası. Bakı: Elm, 2001, 167 s.
2025-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən nəşr edilmiş Azərbaycan dilinin şimal-şərqi Abşeron şivələrinin lüğəti şimal-şərqi Abşeronun on yaşayış məntəqəsindən toplanmış dialektoloji material əsasında hazırlanmışdır. Lüğət təxminən beş min sözü əhatə edir.
Yayılma arealı
Şimal-şərqi Abşeron şivələri Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrində yayılmışdır. 2025-ci ildə nəşr olunmuş lüğətdə bölgənin on yaşayış məntəqəsindən toplanmış dialektoloji material ümumiləşdirilmişdir.
Abşeron şivələrinin ayrı-ayrı əraziləri Azərbaycan dialektologiyasında müxtəlif dövrlərdə tədqiq edilmişdir. Abdulla Vəliyev Abşeron yarımadasının qərb rayonlarının şivələri mövzusunda dissertasiya müdafiə etmiş, Gülxanım Vəliyeva isə Şərqi Abşeron şivələrinin leksikasını ayrıca araşdırmışdır.Vəliyev, Abdulla H. Abşeron yarımadasının qərb rayonlarının şivələri. Filologiya üzrə fəlsəfə doktoru dissertasiyası. Moskva, 1952.Vəliyeva, Gülxanım Qüdrət qızı. Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası (müqayisəli-tarixi tədqiqat). Filologiya üzrə fəlsəfə doktoru dissertasiyası. Bakı, 1984.
Leksik xüsusiyyətləri
Şimal-şərqi Abşeron şivələrinin səciyyəvi xüsusiyyətlərindən biri yerli leksik vahidlərin zənginliyidir. Bu leksik materialların bir hissəsi ümumxalq Azərbaycan dilində işlənən sözlərdən fərqlənir, digər hissəsi isə Azərbaycan dilinin müxtəlif dialekt və şivələrindəki vahidlərlə leksik-semantik paralellər təşkil edir.
Şivə sözləri
Quliyevanın lüğətində şimal-şərqi Abşeron şivələrində işlənən müxtəlif yerli sözlər qeydə alınmışdır. Bunlardan bəziləri aşağıdakılardır:
ağadayi – üzüm növü ağcigər – qorxaq ağtepə – plov aramgah – istirahət yeri bedid – küt gedən çörək cayıl – cavan daradar – hay-küy danna – sonra, sabah diniş – nazik taxta əngozar – nasazlıq güdül – balacaboy mandal – cəftə pesavan – arxa, kömək şepxar – danadişi tico – isti ütığ – sırtıq, bacarıqlı vegesire – aciz zağara – papağın kənar hissəsi
Bu sözlərin mənaları və işlənmə xüsusiyyətləri Azərbaycan dilinin şimal-şərqi Abşeron şivələrinin lüğətində təqdim edilmişdir.
Frazeologiyası
Şimal-şərqi Abşeron şivələrində müxtəlif məişət və danışıq xarakterli frazeoloji birləşmələr də işlənir. Bunlardan aşağıdakılar lüğətdə qeydə alınmışdır:
danqası çıxmeg – çox arıqlamaq doban-dobana gedmeg – arxasınca getmək əndərbəla açmeg – başına min oyun gətirmək xəlec vırmeg – əngəl olmaq ipini burmeg – birinə quyu qazmaq şebedə elemeg – rişxənd etmək tir çekmeg – uzanmaq tağallaya qoymeg – lağa qoymaq
Tədqiqi
Abşeron şivələrinin öyrənilməsi Azərbaycan dialektologiyasının tarixində mühüm istiqamətlərdən biri olmuşdur. Abdulla Vəliyev 1952-ci ildə Abşeron yarımadasının qərb rayonlarının şivələri mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bu əsər Abşeron şivələrinin monoqrafik tədqiqinin erkən nümunələrindən biri kimi göstərilir.
Şərqi Abşeron şivələrinin leksikası Gülxanım Vəliyevanın elmi yaradıcılığında əsas tədqiqat istiqamətlərindən biri olmuşdur. O, 1984-cü ildə Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası (müqayisəli-tarixi tədqiqat) mövzusunda dissertasiya müdafiə etmişdir.
2001-ci ildə Gülxanım Vəliyevanın Şərqi Abşeron şivələrinin leksikası adlı monoqrafiyası nəşr edilmişdir. Əsərdə Şərqi Abşeron şivələrinin leksik tərkibi, sözlərin mənşəyi və digər Azərbaycan dialekt və şivələri ilə əlaqələri araşdırılmışdır.
Şimal-şərqi Abşeron şivələrinin leksik materiallarının daha geniş şəkildə sistemləşdirilməsi 2025-ci ildə Kübra Quliyevanın Azərbaycan dilinin şimal-şərqi Abşeron şivələrinin lüğəti əsərinin nəşri ilə davam etdirilmişdir. Lüğət AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış və 530 səhifədən ibarətdir.
Azərbaycan dialektologiyasında yeri
Abşeron şivələri Azərbaycan dilinin dialekt və şivələrinin öyrənilməsi tarixində xüsusi yer tutur. Bölgənin şivələri müxtəlif illərdə aparılmış dialektoloji ekspedisiyalar və monoqrafik tədqiqatlar əsasında araşdırılmışdır.Şirəliyev, M.Ş. Azərbaycan dialektologiyasının əsasları. Bakı: Şərq-Qərb, 2008.
Şərqi Abşeron şivələrinin leksikasının ayrıca tədqiq edilməsi və şimal-şərqi Abşeron üzrə xüsusi lüğətin hazırlanması bölgə şivələrinin leksik tərkibinin sənədləşdirilməsinə imkan vermişdir.
Ədəbiyyat
Quliyeva, Kübra. Azərbaycan dilinin şimal-şərqi Abşeron şivələrinin lüğəti. Bakı: Elm və təhsil, 2025, 530 s. Vəliyeva, Gülxanım Qüdrət qızı. Şərqi Abşeron şivələrinin leksikası. Bakı: Elm, 2001, 167 s. Vəliyeva, Gülxanım Qüdrət qızı. Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası (müqayisəli-tarixi tədqiqat). Filologiya üzrə fəlsəfə doktoru dissertasiyası. Bakı, 1984. Vəliyev, Abdulla H. Abşeron yarımadasının qərb rayonlarının şivələri. Filologiya üzrə fəlsəfə doktoru dissertasiyası. Moskva, 1952. Şirəliyev, M.Ş. Azərbaycan dialektologiyasının əsasları. Bakı: Şərq-Qərb, 2008. Abdullayev, M. Azərbaycan dilinin dialektologiyası. Bakı: Elm, 1998. Axundov, A., Kazımov, Q., Behbudov, S. və b. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Şərq-Qərb, 2007. Behbudov, S.M. Azərbaycan dili şivələrinin frazeologiya lüğəti. Bakı: Elm və təhsil, 2011. Səlim-Sağanlı, T.Q. Abşeronun yer adları. Bakı: Elm, 1993. Adilov, M.İ., Paşayev, A. Azərbaycan onomastikası: qısa oçerklər. Bakı: ADU, 1987. Əsgərov, N.Ə. Azərbaycan makrotoponimləri. Bakı: Elm və Təhsil, 2009.
İstinadlar
Kateqoriya:Azərbaycan dilinin dialektləri Kateqoriya:Abşeron rayonu Kateqoriya:Bakı