İlk müsəlmanlar — islam dinini qəbul edən ilk şəxslər. 613-cü ildən 619-cu ilə qədər islam peyğəmbəri Məhəmməd öz doğma şəhəri Məkkədə onun islama çağırışını qəbul edən və beləliklə müsəlman olan kiçik bir ardıcıl qrupunu ətrafına toplamışdır. İslamı qəbul edən ilk şəxs onun həyat yoldaşı Xədicə binti Xüveylid olmuşdur. Məhəmmədin özündən sonra ikinci kişi müsəlmanın kimliyi məsələsi əsasən məzhəb xətləri boyunca mübahisə doğurur. Belə ki, şiə və bəzi sünni mənbələri onu həmin dövrdə uşaq olan və əmisi oğlu Məhəmmədin evində böyüyən ilk şiə imamı Əli ibn Əbu Talib kimi təqdim edir. Digər mənbələr islamı qəbul edən ilk kişinin sonradan ilk sünni xəlifəsi kimi Məhəmmədin xələfi olan Əbu Bəkr və ya Məhəmmədin oğulluğu Zeyd ibn Harisə olduğunu bildirir. İlk din dəyişmələrinin xronoloji ardıcıllığını müəyyən etmək çətindir, lakin ilk müsəlmanların kimliyi müəyyən dərəcədə dəqiqliklə məlumdur.
İlk qadın müsəlman Məhəmməd ilk vəhyləri təxminən 610-cu ildə aldığını iddia etmiş və bunu ilkin olaraq yalnız həyat yoldaşı Xədicə binti Xüveylid ilə bölüşmüşdür. Zaman keçdikcə Məhəmməd öz doğma şəhəri Məkkədə onun islam (hərfi mənası Allaha "təslimiyyət") çağırışını qəbul edən və müsəlman olan kiçik bir ardıcıl qrupunu ətrafına toplamışdır. Bu vəziyyət ilk müsəlmanları, xüsusilə də qulları və cəmiyyətdən təcrid olunmuş şəxsləri təqib edən Məkkə elitasının qəzəbini getdikcə daha çox artırmışdır. Xədicənin islamı qəbul edən ilk qadın olduğu hamılıqla qəbul edilir, lakin Məhəmmədin özündən sonra ikinci kişi müsəlmanın kimliyi mübahisəlidir.
İkinci kişi müsəlman Davam edən mübahisə ikinci kişi müsəlmanın, yəni Məhəmmədin təlimlərini qəbul edən ilk kişinin kimliyi ilə bağlıdır. Şiə və bəzi sünni mənbələri onu Məhəmmədin əmisi oğlu, həmin dövrdə doqquz ilə on bir yaşlarında olan Əli ibn Əbu Talib kimi eyniləşdirir. Məsələn, bu barədə sünni tarixçisi İbn Hişam şiəliyə meylli tarixçi İbn İshaqın bioqrafik əsəri olan "Əs-sirətun-nəbəviyyə"yə yazdığı redaksiyasında məlumat vermişdir. Bənzər məlumatlar sünni müəllifləri İbn Səd və Cəlaləddin Süyutinin əsərlərində də yer alır. Əli özü də "Nəhcül-bəlağə"də ona aid edilən "əl-Qasiə" xütbəsində ikinci kişi müsəlman olduğunu iddia etmişdir. Müasir müəlliflərdən Həsən Abbas, Con Espozito, Kleman Uar, Betti Kelen, Con Makhuqo, Mucan Momen, Seyyid Hüseyn Nəsr, Əsma Əfsaruddin və Rza Şah-Kazımi də bu fikri müdafiə edirlər. Vilyam Montqomeri Vott "Əs-sirətun-nəbəviyyə"dəki ilk müsəlmanların sözügedən siyahısını "təxminən doğru" hesab edir.
Digər sünni mənbələri islamı qəbul edən ilk kişinin ya ilk sünni xəlifəsi Əbu Bəkr, ya da Məhəmmədin oğulluğu Zeyd ibn Harisə olduğunu qeyd edir. Xüsusilə, sünni tarixçisi Təbəri Əli, Əbu Bəkr və Zeydin nisbi öncülüyünə dair bir neçə ziddiyyətli sünni rəvayətini sadalayır, lakin bu məsələdə özü hər hansı bir hökm verməkdən çəkinir və hansı rəvayətə üstünlük veriləcəyini oxucunun öhdəsinə buraxır. İslamşünas Robert Qlivin fikrinə görə, indiki dövrə qədər gəlib çatmış ən qədim qeydlər Əlini Əbu Bəkrdən önə qoyur. Buna baxmayaraq, bu məsələ ətrafındakı sünni–şiə ixtilafı aşkar bir polemik xarakter daşıyır və Əbu Bəkrin sonrakı yüksək statusu ilk islam qeydlərinə retrospektiv şəkildə əks olunmuş ola bilər.
Sünni mənbələri çox vaxt Əlini islamı qəbul edən ilk uşaq kimi təsvir edir, lakin onun dinə gəlməsinin əhəmiyyəti Vott və sünni tarixçisi Cahiz tərəfindən şübhə altına alınmışdır. Buna qarşı olaraq, şiə fəqihi İbn Şəhraşub iddia edir ki, Əlinin gənc yaşı onun Məhəmmədin çağırışını qavramaq qabiliyyətinə mane olmaq bir kənara, əksinə, onun bu əməlindəki fəzilətini daha da artırır. Şəhraşub həmçinin vurğulayır ki, "Quran"a görə, İsa və Yəhya peyğəmbərlərə də uşaqlıq dövründə bənzər şəkildə ilahi hikmət bəxş edilmişdir. Şiə mənbələrində Əlinin təkcə ilk kişi müsəlman olması yox, həm də erkən yaşlarından Məhəmməd tərəfindən tərbiyə olunduğu üçün heç vaxt bütpərəstliklə məşğul olmaması fəzilət sayılır. Bu amil şiəlikdə onu islamı qəbul edərkən orta yaşlı bir insan olan Əbu Bəkrdən üstün mövqeyə qoyur.
Digər ilk müsəlmanlar İslamda sosial status müsəlman olma öncülüyündən asılı olduğu üçün Məhəmməd peyğəmbərin ardıcıllarının onun ətrafında hansı ardıcıllıqla toplaşmasına dair tarixi məlumatlar çox vaxt etibarlı hesab edilmir. Buna baxmayaraq, ilk müsəlmanların təxmini siyahısını müəyyən dərəcədə dəqiqliklə tərtib etmək mümkündür və belə siyahılardan biri İbn İshaq tərəfindən təqdim olunmuşdur. Vilyam Montqomeri Vottun ehtimalına görə, onların bir çoxu gənc və orta təbəqəyə mənsub kişilər olmuşdur. Onların da bəziləri hər hansı bir qəbilə himayəsindən məhrum olduqları üçün Məkkə bütpərəstləri tərəfindən təqiblərə məruz qalmışdılar.
Məhəmməd peyğəmbərin mənsub olduğu Bənu Haşim qəbiləsindən Cəfər ibn Əbu Talib və Həmzə ibn Əbdülmüttəlib ilk müsəlmanlardan olmuşdular. Məhəmməddən bir neçə yaş böyük olan Ubeydə ibn Haris də islamı erkən dövrdə qəbul etmiş digər bir qohumu idi. Əbu Bəkrdən başqa, Məkkənin Bənu Teym qəbiləsindən gənc Təlhə ibn Ubeydullah da ilk din dəyişənlər sırasında yer almışdır. Digər bir Məkkə qəbiləsi olan Bənu Zührədən Əbdürrəhman ibn Əvf, Səd ibn Əbu Vəqqas və qardaşları, Abdullah ibn Məsud, Müttəlib ibn Əzhər və qardaşı, həmçinin Xabbab ibn Ərat ilk müsəlmanlardan olmuşdular, lakin sonuncu şəxs az himayə olunan yoxsul bir müttəfiq idi və böyük ehtimalla Məkkədə təqiblərə məruz qalmışdı. Bu qəbilənin digər iki müttəfiqi olan Miqdad ibn Əmr və Məsud bin Rəbiə də ilk müsəlmanlar arasında idilər. Məkkənin Bənu Ədi qəbiləsindən ilk müsəlman olanlar sırasına Səid ibn Zeyd, Nüaym ibn Abdullah və sonradan xəlifəlikdə Əbu Bəkrin xələfi olan Ömər ibn Xəttab daxil idilər. Digər bir Məkkə qəbiləsi olan Bənu Harisdən Əbu Übeydə ibn Cərrah və Süheyl ibn Beyda müsəlman olmuşlar. Məkkənin Bənu Amir qəbiləsindən olan ilk müsəlmanlar sırasına Abdullah ibn Ümmü Məktum, Süheyl ibn Amr və qardaşları daxil idi. Zübeyr ibn Əvvam digər bir Məkkə qəbiləsi olan Bənu Əsəddən islamı erkən qəbul etdiyi adı ilə qeyd olunan yeganə şəxsdir. Məkkənin nüfuzlu Əbdüşşəms qəbiləsindən Osman ibn Əffan, Əbu Huzeyfə, Xalid ibn Səid və müttəfiq Cahş ailəsi islamı erkən dövrdə qəbul etmişdir. Məkkədə siyasi cəhətdən dominant qəbilə olduğu aşkar görünən Bənu Məxzumdən də Əbu Sələmə, Ərqam ibn Əbi Ərqam, Şəmmas ibn Osman və müttəfiq Ammar ibn Yasir daxil olmaqla bəzi ilk müsəlmanlar çıxmışdır. Xuneys ibn Huzafə digər bir Məkkə qəbiləsi olan Bənu Səhmdən adı çəkilən yeganə ilk müsəlmandır. Bənu Cümə qəbiləsindən Osman ibn Məzun və onun bəzi yaxın qohumları ilk din dəyişənlər sırasında sadalanmışdır.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Səhabələr