Bənu Teymul-Lat () və ya Bənu Teymullah () — Ədnanilərə mənsub ərəb qəbiləsi.

Bu qəbilə, İslamdan əvvəlki dövrdə ərəblərin ibadət etdikləri bütlərindən biri olan əl-Lata nisbətlə Teymul-Lat adlandırılmış, lakin İslamdan sonrakı dövrdə Teymullah olaraq dəyişdirilmişdir.

Mənşəyi Qəbilənin əcdadı olan Teymullahın nəsəbi Teymullah ibn Sələbə ibn Uqabə ibn Səb ibn Əli ibn Bəkr ibn Vail ibn Qasit yolu ilə Ədnana gedib çatır.

Tarixi Bənu Teymullah qəbiləsi cahiliyyə dövründə Bənu Bəkrin digər qolları ilə müttəfiq olmuş, Bənu Hənifə, Bənu Zöhl və Bənu Şeyban qəbilələrinin qoşulması ilə bu ittifaq daha da genişlənmişdir.

Bənu Teymullah qəbiləsi öz müttəfiqləri ilə birlikdə Bənu Təmim və Bənu Təğlib qəbilələri ilə olan döyüşlərdə iştirak etmişdir.

İslamın yaranması dövründə Bənu Teymullah qəbiləsinin bir hissəsi, ərəb qəbilələrinin əksəriyyəti kimi bütpərəst olumuşdur. Qəbilənin digər hissəsi isə məskunlaşdıqları bölgələrdə xristianlığın geniş yayılması səbəbindən, xristianlığı qəbul etmişlər. Bənu Teymullah qəbiləsi həm Riddə döyüşləri zamanı, həm də İslam fəthlərinin ilk illərində müsəlmanlara qarşı olmuşlar. Əbu Bəkrin xilafəti dövründə Bəhreyndə baş vermiş hadisələrdə Bənu Teymullah qəbiləsi hicri 12-ci (633) ildə bölgəyə vali təyin edilən Əla ibn Hədrəminin komandanlığı altındakı İslam ordusuna məğlub olmuş və bundan sonra qəbilənin böyük hissəsi İslamı qəbul etmişdir. Elə həmin il baş vermiş Ülleys döyüşündə Xalid ibn Vəlidin məğlub etdiyi Sasani ordusunun tərkibindəki xristian dəstələri arasında Bənu Bəkr qəbiləsinin İcl və Zübeyə qolları ilə yanaşı Bənu Teymullahdan olan dəstələr də iştirak etmişdir.

Bənu Teymullah qəbiləsi Siffin döyüşündə Əlinin ordusunda Muaviyəyə qarşı döyüşmüşdür. Bununla yanaşı, Əməvilər dövründə baş vermiş daxili çəkişmələr zamanı Bənu Teymullahın bəzi nümayəndələri hakimiyyəti dəstəklədilər. Onların bir hissəsi hicri 61-ci (680) ildə Kərbəla hadisəsində Hüseynin və ailə üzvlərinin qətlə yetirilməsində iştirak etmişdir. Hicri 72-ci (691) ildə Əbdülməlik ibn Mərvanın Musab ibn Zübeyrə qarşı göndərdiyi yardımçı qüvvələrə Bənu Teymullahın Malik qolundan Ubeydullah ibn Ziyad ibn Zəbyan başçılıq etmişdir. O, Deyri-Casəlik döyüşündə Musabın öldürülməsində bilavasitə iştirak etmiş, qardaşının qatili olduğunu iddia edərək şəxsi ədavət zəminində onun başını kəsib xəlifəyə təqdim etmişdir. İbn Həbib isə Ubeydullah ibn Ziyadı və Bənu Teymullah qəbiləsinin digər nümayəndəsi Əmr ibn Əbcər ibn Əbbadı məşhur sui-qəsdçilər sırasında qeyd etmişdir.

Həmçinin bax Ərəb qəbilələri siyahısı

İstinadlar

Kateqoriya:Ədnanilər Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Ərəb xristianları Kateqoriya:Rəbiə Kateqoriya:İslamdan əvvəlki Ərəbistan