Sam (; ; ) — dini mənbələrə görə Nuhun oğlu.

Etimologiyası Bu sözün mənşəyi naməlumdur. İvrit dilində şem (שֵׁם) "ad, şöhrət", akkad dilində isə šumu "ad, oğul" mənalarını ifadə edir.

Yəhudilikdə Ravvinik ədəbiyyatda Samın birbaşa sünnət olunmuş şəkildə doğulduğuna və İsrailoğullarının əcdadı hesab olunduğuna görə ona xüsusi əhəmiyyət verilmişdir. Nuhun ona xeyir-dua verməsi İsrailoğullarına verilən xeyir-dua kimi qəbul edilmişdir.

Nuhun Kənanı lənətləməsi isə, "Kölənin sahib olduğu hər şey onun ağasına məxsusdur" prinsipinə əsaslanaraq, İsrailoğullarının Kənanı işğal etməsinə əsas kimi təqdim olunmuşdur.

Nuh Böyük tufandan sonra dünyanı oğulları arasında bölüşdürmüş və vəd olunmuş torpaqların da daxil olduğu hissəni Sama vermişdir.

Nuhun üstünü örtməkdə ilk davranan şəxs olduğuna görə, Tanrının təcəllisinin yalnız Samın çadırında baş verdiyi bildirilmişdir. Həmçinin onun nəslindən gələn kişilərin səhər duası zamanı "tallit" adlanan dua örtüyündən istifadə etməsi də Samın bu əməli ilə əlaqələndirilmişdir.

Xristianlıqda Xristianlıq mənbələrində Samdan yalnız Əhdi-Cədiddəki Luka İncilində bəhs edilmişdir. Həmin hissədə Sam, İsanın əcdadlarından biri kimi təqdim edilmişdir.

İslamda Samdan Quranda bəhs olunmur. Lakin Məhəmmədin bir hədisində Sam ərəblərin, həbəşilərin (efiopiyalıların), Yafəs isə rumların (bizanslıların) əcdadı kimi göstərilir. Başqa bir rəvayətdə isə əcəmlərin (ərəb olmayan xalqların) və ərəblərin Samın nəslindən olduğu bildirilir. Qəhtan və Əmaliqə tayfaları da Samın nəslindən hesab olunmuşdur.

İslam mənbələrində Samla bağlı olan məlumatlar ümumiyyətlə yəhudilikdəki məlumatlarla bənzərlik təşkil edir. Müsəlman tarixçi Təbəri həm Samın, həm də Yafəsin Nuhun böyük oğlu olduğunu bildirən müxtəlif rəvayətləri nəql etmişdir.

Kufə dilçilik məktəbinin nümayəndəsi olan əl-Kisai qeyd edir ki, Nuh Hicazı, Yəməni, Şamı və əl-Cəzirəni (Yuxarı Mesopotamiyanı) Sama vermişdir. Həmçinin əl-Kisai bildirir ki, o, Nuhun bədəninin açıq qalmasını sərxoşluqla deyil, yatarkən əsən küləyin paltarını açması ilə izah edir. Həmçinin bildirir ki, Nuh bu vəziyyətə gülən Hama qəzəblənmiş, atasının üstünü örtən Sama isə Allahın dünyada onun eyib və nöqsanlarını örtməsi, axirətdə günahlarını bağışlaması üçün dua etmiş, bundan əlavə, onun nəslindən peyğəmbərlər gəlməsini arzu etmişdir.

Sələbiyə görə, Sam tufandan 78 il əvvəl doğulmuş, gəminin tikintisində atasına kömək etmiş və tufan zamanı gəmiyə minmişdir. Nuh vəfat etməzdən əvvəl onu yanına çağırmış, şirkdən və təkəbbürdən uzaq durmasını, Allahı daim xatırlaması vəsiyyət etmiş və onu özünə canişin təyin etmişdir. Sələbi, həmçinin, həvarilərin xahişi ilə İsanın möcüzəvi şəkildə Samı diriltdiyini və tufan haqqında ondan məlumat aldığını bildirən bir rəvayət də nəql etmişlər.

Hərəvi isə Suriyanın Həvran, Yəmənin Səna və Fələstinin əl-Xəlil şəhərlərində Sama aid edilən türbələrin mövcud olduğunu bildirmişdir. O, həmçinin Harran və Səna şəhərlərinin də Nuhun oğlu Sam tərəfindən salındığını qeyd etmişdir.

Həmçinin bax

Ham

İstinadlar Kateqoriya:Bibliya geneologiyası

Kateqoriya:Tövratdakı şəxslər Kateqoriya:Əfsanəvi ilk insanlar