Yovan Nenad (; və ya ; ) — "Qara" ləqəbi ilə tanınan,"Qara" ləqəbi bədənində doğuşdan olan qara zolaqla əlaqələndirilirdi. Macarıstan krallığının xidmətində olmuş serb hərbi sərkərdəsi idi. O, Moxaç döyüşündə Macarıstan ordusunun məğlubiyyətindən və bundan sonra Macarıstan taxtı uğrunda baş vermiş mübarizədən istifadə edərək Pannoniya düzənliyinin cənub hissəsində öz dövlətini yaratmışdır. O, özünü imperator (çar) elan etmişdi.
Serb tarixçiləri Yovan Nenadı Voyvodinanın banisi və Osmanlı fəthindən əvvəl mövcud olmuş son müstəqil serb dövlətinin hökmdarı hesab edirlər.
Mənşəyi Etnik mənsubiyyətcə serb olan Yovan Nenad təxminən 1492-ci ildə Lipova şəhərində, Mureş çayı yaxınlığında, Banatın şimal hissəsində (indiki Rumıniya) anadan olmuşdur. Mənşəyi haqqında digər məlumatlar dəqiq deyil. O özü "serb və Bizans hökmdarlarının nəslindən olduğunu" iddia edirdi. Müasirlərinin bəziləri onu serb despotlarının nəslindən hesab edir, digərləri isə aşağı təbəqədən çıxmış bir şəxs olduğunu düşünürdülər.
O, orta boylu, arıq bədən quruluşuna malik, yüksək əxlaqlı və dindar insan kimi təsvir olunurdu. Müasirləri onu bədənindəki qeyri-adi doğum ləkəsi səbəbindən "Qara adam" adlandırırdılar. Bir çoxları bu izi ilahi nişanə hesab edirdi. Məlumata görə, "onun sağ gicgahından başlayaraq bədəninin sağ ayağına qədər uzanan, bir barmaq enində qara zolaq var idi".
Hərbi fəaliyyəti 29 avqust 1526-cı ildə baş vermiş Moxaç döyüşü zamanı Osmanlı imperiyası Macarıstan–Bohemiya kralı II Layoşun ordusunu darmadağın etdi. Kral II Layoş döyüş meydanında həlak oldu. Onun varisi olmadığından Macarıstan taxtı uğrunda mübarizə başladı. Zadəganların bir hissəsi nüfuzlu macar aristokratı Yanoş Zapolyanı kral seçdi, digər hissəsi isə II Layoşun yeznəsi olan I Ferdinandı dəstəklədi. Beləliklə, Macarıstan üzərində hakimiyyət uğrunda Ferdinand, Zapolya və Osmanlı imperiyası arasında üçtərəfli mübarizə başladı. Bu qarşıdurmada serb muzdlu döyüşçülərinin rəhbəri Yovan Nenad da mühüm rol oynadı.
Moxaç döyüşündən dərhal sonra Yovan Nenad Tisa və Dunay çayları arasındakı ərazidə serb hərbi dəstəsinin rəhbəri kimi meydana çıxdı. O, qısa müddətdə osmanlı qoşunlarını Baçka, həmçinin Banat və Sremin bir hissəsindən çıxardı və həmin torpaqları müstəqil şəkildə idarə etməyə başladı.
Əvvəlcə o, Yanoş Zapolyanı dəstəkləyirdi. Lakin Baçkadakı macar zadəganları ilə münasibətlərinin pisləşməsi və Zapolyanın Nenadın hakimiyyətini tanımaqdan imtina etməsi nəticəsində 1527-ci ilin əvvəlində Habsburq namizədi I Ferdinandın tərəfinə keçdi. Münaqişənin əsas səbəbi Baçkadan qaçmış macar zadəganlarının öz mülklərinə qayıtmasına Yovan Nenadın icazə verməməsi idi. O, bu torpaqları öz hakimiyyətinin ayrılmaz hissəsi hesab edirdi. Qoşunları macar zadəganlarının mülklərini və kəndlərini talan edir, yerli macar əhalisi arasında qorxu yaradırdı. Bu səbəbdən ona qarşı yalnız zadəganlar deyil, kəndlilər də çıxış etməyə başladılar.
Yovan Nenad Radoslav Çelniki ordusunun baş komandanı təyin etdi. Xarici hökmdarların yanına göndərilən elçiləri İlokdan olan fransiskan rahibi Fabiyan Literat və İriqdən olan, Baç qalasının kastellanı İvan Doliç idi. Onun xəzinədarı və palatini isə Yaqodinadan olan Subota Vrliç idi. Əsas ordusundan əlavə, Subotitsadakı sarayını qoruyan 600 nəfərlik şəxsi mühafizə dəstəsi də yaratmışdı.
Onun ordusu Osmanlı ərazilərindən gələn serblər, Banat və Transilvaniyadan olan valaxlar, həmçinin müəyyən sayda katolik döyüşçülərin hesabına sürətlə böyüyürdü. 1527-ci ilin əvvəllərində ordusunun sayı təxminən 15 min nəfərə çatmışdı. Pravoslav və katolik slavyanların əməkdaşlığının onun uğurlarının əsas səbəblərindən biri olduğu hesab edilir. Həmin dövrdə cənub Pannoniya düzənliyində, xüsusilə Dunay və Tisa hövzəsində çoxsaylı serblər yaşayırdı. Bu bölgə o dövrdə ümumilikdə Rasiya (Rascia) adı ilə tanınırdı.
thumb|Yovan Nenadın ("Qara Serbiya") nəzarət etdiyi ərazilər.
Yovan Nenad Macarıstan taxtı uğrunda mübarizəni müvəqqəti məsələ hesab edir, əsas məqsədinin isə serb torpaqlarını Osmanlı hakimiyyətindən azad etmək olduğunu bildirirdi. 1527-ci ilin ilk yarısında I Ferdinand Macarıstandan kənarda idi və sonradan 1527–1528-ci illər Macarıstan yürüşü adlandırılan hərbi kampaniyaya hazırlaşırdı. Bundan istifadə edən Kral Yanoş Zapolya Ferdinandın geri qayıtmasından əvvəl daxili vəziyyəti sabitləşdirmək məqsədilə Yovan Nenadın üzərinə qoşun göndərdi.
Nenadın qüvvələrini lazımınca qiymətləndirməyən Zapolya əvvəlcə Laslo Çakinin komandanlığı altında 300 nəfərlik süvari dəstəsi göndərdi. Bu qüvvə 1527-ci ilin aprel ayının əvvəlində məğlub edildi, Laslo Çaki əsir götürüldü və edam olundu. Bu qələbədən sonra Yovan Nenad hakimiyyətinin zirvəsinə çatdı və özünü çar elan etdi.
Bundan sonra Transilvaniya voyevodası Peter Perenyinin rəhbərliyi altında ikinci macar ordusu onun üzərinə göndərildi. Lakin həmin ordu da aprelin sonlarında Tisasölleş yaxınlığında, Sölleş döyüşündə məğlub edildi. Nəhayət, Transilvaniya və Yuxarı Macarıstanın bütün hərbi qüvvələrinin iştirak etdiyi üçüncü ordu Peter Perenyi və yepiskop Cibakın komandanlığı altında Yovan Nenadın ordusunu Södvalva döyüşündə qəti şəkildə məğlub etdi. Döyüşdə onun təxminən 8 min əsgəri həlak oldu.
I Ferdinandın qüvvələri ilə birləşmək istəyən Yovan Nenad Seqed yaxınlığında ağır yaralandı. Senta istiqamətində geri çəkilərkən Tornyoş kəndi yaxınlığında yaxalandı və öldürüldü. Onun başı Yanoş Zapolyaya göndərildi.
Yovan Nenadın ölümündən sonra ordusunun böyük hissəsi dağıldı. Qalan qüvvələrə Radoslav Çelnik rəhbərlik etdi və onları Osmanlı hakimiyyəti altında olan Sremə apardı. Çelnik burada 1530-cu ilə qədər Osmanlı vassalı kimi hakimiyyət sürdü, daha sonra isə Habsburqların tabeliyinə keçdi.
Qeydlər
İstinadlar
Mənbə
Kateqoriya:Banat tarixi Kateqoriya:Baçka tarixi