İsmayılov Əbdürrəhim Hacıkərim oğlu (5 sentyabr 1931, Aşağı Əskipara, Qazax rayonu – 1994) — Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru, professor.
Həyatı
Əbdürrəhim Hacıkərim oğlu İsmayılov 1931-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1947-ci ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirmiş, həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuşdur.
1952-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş, daha sonra Leninqrad Hərbi Dəniz Akademiyasında bir il dinləyici olmuşdur.
Elmi fəaliyyəti
1953–1955-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda elmi işçi, 1955–1958-ci illərdə Azərbaycan Dövlət Neft Dəniz Layihə İnstitutunda mühəndis və böyük elmi işçi vəzifələrində çalışmışdır.
1958-ci ildə kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1958–1961-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1961–1968-ci illərdə isə Azərbaycan Neft Akademiyasının Monomer və Polimer Elmi-Tədqiqat Problemləri Laboratoriyasında böyük elmi işçi olmuşdur.
1967-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini almışdır. 1968-ci ildə professor elmi adı almışdır.
1968–1984-cü illərdə Azərbaycan Politexnik İnstitutunun Analitik kimya və kimya texnologiyaları kafedrasının müdiri olmuşdur. 1984-cü ildən ömrünün sonunadək Gəncə Texnologiya İnstitutunda professor, elmi işlər üzrə prorektor və Maye Kristal Elmi-Tədqiqat Laboratoriyasının rəhbəri kimi fəaliyyət göstərmişdir.
Elmi irsi
Əbdürrəhim İsmayılov 200-dən çox elmi əsərin, 45 ixtiranın, bir monoqrafiyanın və iki cildlik dərsliyin müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 25 elmlər namizədi və 5 elmlər doktoru hazırlanmışdır.
İstinadlar
Qazax mahalının alimləri. Bakı, s. 249.
Kateqoriya:1994-cü ildə vəfat edənlər Kateqoriya:Azərbaycan kimyaçıları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Kimya elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Qazax rayonunda doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları