Oddino Morqari (; ) — İtaliya siyasətçisi və jurnalisti.
Həyatı Turinli freska rəssamları ailəsindən olan, rəssam Paolo Emilio Morqari və rəssam Klementina Lomazzinin oğlu, Luici və Beatriçenin qardaşı Oddino Morqari əvvəlcə mazziniçi olsa da, 1891-ci ildə sosialist olmuş və iki il sonra İtaliya Sosialist Partiyasının Turin bölməsinin katibi seçilmişdir. «Il Grido del Popolo» qəzetinin əlavəsi olan «La parola del povero» mətbuat orqanı ilə əməkdaşlıq edərək jurnalistika fəaliyyətinə başlamış və bu fəaliyyət 1908-ci ildə onun partiyanın orqanı olan "Avanti!"nin redaktoru olmasına gətirib çıxarmışdır.Biography at Marxists.org
1897-ci ildən 1926-cı ilədək səkkiz qanunvericilik dövrü ərzində Deputatlar Palatasına seçilmişdir. Deputatların yaşayış şəraiti ilə bağlı mübahisənin təşəbbüskarı olmuş və bu müzakirələr nəticəsində parlament mandatı ilə bağlı kompensasiya müəyyən edilmişdir.
Partiya daxilindəki müxtəlif cərəyanları (o cümlədən islahatçı və "güzəştsiz" cərəyanları) ilkin sosializmin məramı (Andrea Kosta və Kamillo Prampolini tərəfindən təmsil olunan) əsasında barışdırmaq niyyəti daşıyan "inteqralist islahatçı" cərəyanın banisi olmuşdur. Morqari 30 sentyabr 1906-cı il tarixli «Avanti!» qəzetində inteqralizmi sosializmin imkançılıq və futurizm ruhunun, idealizm və praktikliyin, birbaşa fəaliyyət və nümayəndəlik fəaliyyətinin, anti-dövlətçilik və dövlət qanunvericiliyinin, inqilab və qanuniliyin, sindikalizm və anti-sindikalizmin, güzəştsizlik və yaxınlaşmanın sintezi kimi tərif etmişdir. İnteqralist cərəyan qısa müddətdə böyük rəğbət qazanmış və hissiyyata söykənən, təkamülçü, islahatçı, tədrici və pasifist sosializmin qızğın tərəfdarı olan Morqari Turatinin islahatçılarının dəstəyi sayəsində 10 oktyabr 1906-cı ildə Roma konqresində öz siyasi xəttini qəbul etdirə bilmişdir. İnteqralist gündəlik 34.000 səsdən 26.500-nü toplamış, islahatçıların bütün səslərini və Enriko Ferri də daxil olmaqla güzəştsiz qanadın bir çox üzvünün dəstəyini əldə etmişdir.
İnteqralist ikiillik dövrdə ölkədə etirazların kəskin artması (Parma tətili, həmkarlar ittifaqı və siyasi iğtişaşlar, islahatların ləngliyinə etirazlar) və üçüncü Covanni Colitti hökumətinə mülayim parlament müxalifətinin mövcudluğu şəraitində partiya müxtəlif cərəyanlar arasında dərin parçalanmalar yaşamaqda davam etmişdir. Morqari inteqralist siyasi xətti real olaraq barışdıra bilməmiş və bu cərəyan bir neçə ildən sonra ləğv olunmuşdur. 1910-cu ilin oktyabrında Turatinin islahatçılarının üstünlük təşkil etdiyi Milan konqresində Morqari Cüzeppe Emanuele Modilyani və Qetano Salvemininin rəhbərlik etdiyi "sol islahatçılara" qoşulmuşdur.
1911-ci ildən etibarən Uzaq Şərqə səfəri ilə "sosializmin diplomatı" karyerasına başlamış və Birinci Dünya müharibəsi illərində bu fəaliyyətini intensivləşdirmişdir. Simmervald Konfransının hazırlanmasında fəal iştirak etmiş, 1917-ci il bolşevik qələbəsini salamlamış və 1 aprel 1919-cu ildə Moskvaya məktub göndərərək İtaliya Sosialist Partiyasının Kommunist İnternasionalına qoşulduğunu bildirmişdir. İtaliya Sosialist Partiyasının ikinci parçalanmasından (1922) sonra Turati və Trevesin ardınca Vahid Sosialist Partiyasına keçmişdir. 1924-cü ildə Aventin deputatları arasında yer almış, daha sonra 1926-cı ilin noyabrında onların deputatlıq səlahiyyətləri ləğv edilmişdir.
Faşist təqiblərindən yayınmaq üçün 1934-cü ildə Parisə mühacirət etmiş, sosialist pasifizmi ətrafında müzakirələr dövründə Sovet İttifaqının müdafiəsini və müharibə şəraitində faşist rejimlərinə karşı inqilabi məğlubiyyətçiliyi dəstəkləmişdir. 1939-cu ildə Taska və Saraqat ilə birlikdə İtaliya Sosialist Partiyasının Fəhlə İnternasionalı bölməsinin və «Nuovo Avanti» qəzetinin rəhbər komitəsinə seçilmişdir.
Turində San Salvario məhəlləsindəki küçələrdən birinə onun adı verilmişdir.
İstinadlar
Kateqoriya:İtaliya jurnalistləri Kateqoriya:XX əsr İtaliya siyasətçiləri