Hesseli Riçard Vilhelm Leopold (; ) — Almaniya imperatoru III Fridrixin nəvəsi, Hessen şahzadəsi.

Həyatı 1901-ci ildə Frankfurtda əkiz qardaşı Kristofla birlikdə dünyaya gəldi. Atası Hohensollern sülaləsindən Hesseli Fridrix Karl, anası isə Almaniya imperatoru III Fridrixin qızı Şahzadə Marqaritadır. Uşaqlıq illəri Kronberq malikanəsində keçdi. Bu qəsr ana nənəsi olan dul imperatriça Viktoriyanın ölümündən sonra 1901-ci ildə anasına miras qalmışdı. Anasının istəyilə ingilis üslubunda təlim-tərbiyə aldı.

Birinci Dünya müharibəsinin başlamasının ardından böyük qardaşları cəbhəyə yollandılar. Ancaq Riçard və Kristof yaşlarının az olması səbəbilə, müharibə boyunca Kronberqdəki ailə mülklərində qaldılar. Bu illər ərzində Reform gimnaziyasındakı təhsilini davam etdirdi və 1920-ci ildə təhsilini tamamladı.

Müharibənin ardından digər bütün alman əsilzadələri kimi monarxial ünvanlarını itirdi. Darmştadt Texniki Universitetinə daxil oldu və inşaat mühəndisliyi üzrə təhsil aldı. 1927-ci ildə Yunanıstan kralı I Georqun nəvəsi Şahzadə Sofiyaya aşiq olsa da, gənc qız onun yerinə əkiz qardaşı Kristofla evləndi.

1932-ci ildə Nasist partiyasına və onun militar qruplaşması olan SA qrupuna daxil oldu. Partiya daxilində aktiv rol oynadı. 1936-cı ilin martında və 1938-ci ilin aprelində parlament seçkilərinə qatılsa da, uğurlu olmadı.

İkinci Dünya müharibəsinin başlamasından qısa müddət sonra cəbhəyə yollandı. Böyük qardaşı Volfqanqla birlikdə 1940-cı ilin aprelindən etibarən Norveçin işğalında iştirak etdi. Ancaq müharibənin gedişatında Adolf Hitlerin alman əsilzadələrə olan inamı itdi. 1943-cü ilin oktyabrında ordudan və partiyadan xaric edildiyi bildirildi. Böyük qardaşı Filipp və xanımı həbs edildi. Əkiz qardaşı Kristof isə müəmmalı şəkildə təyyarə qəzasında həlak oldu.

Müharibənin ardından ABŞ əsgərləri tərəfindən əsir alındı və 16 ay boyunca həbs saxlanıldı. 1946-cı ilin aprelində azadlığa çıxdı. Bir çox dövlət qurumlarında kiçik məmur kimi çalışdı. 1969-cu ildə Frankfurtda vəfat etdi.

Mənbə

Ədəbiyyat Petropoulos, Jonathan (2006). Royals and the Reich: The Princes von Hessen in Nazi Germany. Oxford University Press. ISBN 0-19-920377-6

İstinadlar