Bəhlul Hüseyn oğlu Bayramov () — Azərbaycan inşaatçısı, Sosialist Əməyi Qəhrəmanı (1971).

Həyatı Bəhlul Hüseyn oğlu Bayramov 15 may 1927-ci ildə Ağdam qəzasının (hazırkı Ağdam rayonunun) Mərzili kəndində anadan olmuşdur.

1941-ci ildən Ağdam rayonundakı "Zəhmət" kolxozunda kolxozçu işləmişdir. 1945-ci ildən Mingəçevir su-elektrik stansiyasının tikintisində çalışmışdır. Mingəçevir SES-in tikintisinə gələn ilk könüllülərdən biri olmuş və tikinti işlərində fərqlənmişdir. 1952-ci ildən ömrünün sonunadək Mingəçevir şəhərində "Azselstroy" trestinin 5 saylı mexanikləşdirmə idarəsində ekskavator maşinisti işləmişdir.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 7 may 1971-ci il tarixli Fərmanı ilə əsaslı tikinti üzrə beşillik plan tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi yüksək nailiyyətlərə, yeni texnikanın və qabaqcıl əmək təşkili üsullarının tətbiqinə görə Bəhlul Hüseyn oğlu Bayramova "Sosialist Əməyi Qəhrəmanı" adı verilmiş, "Lenin" ordeni və "Oraq və çəkic" medalı ilə təltif edilmişdir.

1966-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 1971-ci ildə Sov. İKP XXIV qurultayının nümayəndəsi seçilmişdir.

12 dekabr 1995-ci ildə Mingəçevir şəhərində vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan inşaatçıları Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri