Ehsan Rəşid Əbdülqadir Abbas (; ) — Fələstinli ərəb dili və ədəbiyyatı alimi, tarixçi, tənqidçi, naşir. "Kral Feysəl mükafatı" laureatı (1980).
Həyatı Ehsan Abbas 2 dekabr 1920-ci ildə Fələstinin Eyn Qəzəl kəndində anadan olmuşdur. Atası Rəşid Abbas əkinçiliklə məşğul idi. Ehsan ilk təhsilini kəndində, orta və lisey təhsilini isə Hayfa və Əkkada tamamladı. Hayfada oxuduğu müddətdə İstiqlal məscidində xütbələrini dinlədiyi Fələstin İstiqlal Hərəkatının liderlərindən İzzəddin əl-Qəssamı tanımaq fürsəti əldə etdi. Sonralar Hizbüt-Təhririn yaradıcısı Təqiyyəddin ən-Nəbhəninin də tələbəsi oldu.
Ali təhsilini 1937–1941-ci illərdə Qüdsdə Ərəb Dili fakültəsində (əl-Külliyyətül-Ərəbiyyə) aldı. Ardınca Fələstindəki Safəd liseyində beş il müəllimlik etdi. Burada gələcəkdə özü kimi adını tanıdacaq Nasirəddin əl-Əsəd, Məhəmməd Yusif Nəcm, Vəlid Ərafat və digər bəzi ədəbiyyatçılarla tanış oldu.
Daha sonra Qahirəyə gedərək I Fuad Universitetinin (Qahirə Universiteti) Ədəbiyyat fakültəsində təhsil aldı (1946–1950). Safəd 1948-ci ildə İsrail tərəfindən işğal edildikdən sonra vətəninə qayıda bilmədi. Ailə üzvləri də İraq, İordaniya, Suriya və Livana dağıldılar və mühacir həyatı yaşadılar.
1951-ci ildə Sudanın Xartum Universitetində müəllim kimi fəaliyyətə başladı və ərəb ədəbiyyatı, İslam tarixi və fiqh fənlərini tədris etdi. Bu müddətdə Qahirə Universitetində "Həyatül-ədəbil-Ərəbi fi Siqilliyə" adlı əsəri ilə magistr dərəcəsi aldı (1952). İki il sonra isə "Nəzatüz-zöhd və əsəruhə fil-ədəbil-Üməvi" adlı dissertasiyası ilə doktorluq dərəcəsinə yiyələndi.
1961-ci ildə Beyrut Amerika Universitetində müəllim işləməyə başladı. 1975–1977-ci illər arasında ABŞ-yə dəvət edildi və orada dərs dedi. 1986-cı ildə universitetdə müəllimlik etmək üçün getdiyi İordaniyada ömrünün sonuna qədər qaldı və 29 iyul 2003-cü ildə Əmmanda vəfat etdi.
Əsərləri O 26-dən çox əsərin, o cümlədən "İtticəhətüş-şeiril-Ərəbiyyil-müasir"in müəllifidir.
Həmçinin bax Şövqi Dayf
İstinadlar