Yusif ibn Təşfin () və ya tam adı ilə Əbu Yaqub Əmir əl-müslimin Nəsirəddin Yusif ibn Təşfin ibn İbrahim ibn Turqut əs-Sənhəci əl-Ləmtuni () — Murabitlər hökmdarı, Məğribi və Əndəlüsü eyni mərkəzi hakimiyyət altında birləşdirmiş lider.

Həyatı Sənhəcə qəbiləsinin Ləmtun qoluna mənsubdur. Atasının əmisi qızı olan anası Fatimə də atası Təşfin kimi Ləmtuna mənsub idi.

Yusif ibn Təşfin 1009-cu ildə Böyük Səhrada anadan oldu və Əbu Bəkr ibn Ömər əl-Ləmtuninin komandirlərindən biri kimi fəaliyyətə başladı (1056). O eyni zamanda Əbu Bəkr ibn Ömərin əmisi oğlu idi.

1062-ci ildə Mərrakeş şəhərinin salınmasını tamamladı, ordunu yenidən təşkil etdi. Yusif ibn Təşfinin güclü ordu yaratdığını görən Əbu Bəkr ibn Ömər, 1073-cü ildə hakimiyyəti Yusif ibn Təşfinə təhvil verdi. Hakimiyyəti ələ keçirən Yusif ibn Təşfin Mərrakeşi özünə paytaxtı elan etdi.

Məğribi-Əqsa və Məğribi-Əvsat torpaqlarını (Tanca, Tilimsan, Əlcəzair, Seuta və s.) nəzarətə götürən Yusif ibn Təşfin, 1087-ci ildə Əbu Bəkrin ölümüdən sonra Böyük Səhranı da ələ keçirdi. Beləliklə, Böyük Səhra, Məğribi-Əqsa və Məğribi-Əvsat tarixdə ilk dəfə Murabitlər dövlətinin bayrağı altında birləşdi. O, həmçinin bölgədəki kiçik şiə və xarici sülalələri aradan götürərək Məğribdə maliki məzhəbinin yayılmasında dini və siyasi birliyi təmin etdi.

Kastiliya və Leon kralı VI Alfonsonun siyasi manevrlar sayəsində Tuleytulanı (Toledo) işğal etməsindən sonra Əndəlüs əmirlərinin dəvəti ilə 15 minlik orduyla birlikdə dənizi keçdi. 1086-cı ildə Zəlləq döyüşündə VI Alfonsonu ağır məğlubiyyətə uğratdı. Döyüşdə yaralanmış VI Alfonso kiçik bir dəstə ilə döyüşdən qaçdı və xristianların irəliləyişi dayandı.

Bu qələbədən sonra Yusif ibn Təşfin, Məğrib və Əndülüsdəki iri şəhərlərə fəthnamələr göndərdi və ona Abbasi xəlifəsi tərəfindən "Əmirül-müslimin" və "Nəsirəddin" titulları verildi. Həmçinin Əndəlüslü şairlər bu qələbə ilə bağlı şeirlər və qəsidələr söylədilər.

Əndəlüs əmirlərinin öz aralarında münaqişələri davam etdiyi üçün Əbu Həmid əl-Qəzzali və ət-Turtuşi kimi alimlərin fətvaları ilə 1090-cı ildə Əndəlüsü tamamilə Murabitlər dövlətinə qatdı (Qranada, İşbiliyyə, Qordova, Valensiya və s.).

1103-cü ildə oğlu Əli ibn Yusifi vəliəhd elan edərək Murabitlərdə irsi hakimiyyət sisteminin əsəsını qoydu və 1106-cı ildə təxminən 100 yaşında Mərrakeşdə vəfat etdi.

İstinadlar Kateqoriya:Mürabitlər Kateqoriya:Orta əsr qoşun başçıları