Cumeyra (ərəbcə: جميرا, ingiliscə: Jumeirah) — Dubay şəhərinin mərkəzi hissəsində, Dubay Əmirliyində (BƏƏ) sıx məskunlaşmış rayon.
Jumeirah məhəllələri Dubayın şəhərinə aid Rəşid Limanının qərb sahilindən Dubayın Marina göydələnlərinin qərb hissəsinə qədər 25 kilometrlik ərazidə yerləşir. Cumeyra cənubdan Əl-Vəsl şossesi və Əs-səfa və Əl-Vəsl rayonları ilə birlikdə, şəhərin mərkəzi prospekti olan Şeyx Zaid Şossesi ilə həmhüduddur. Bəzi yerlərdə Cumeyra, bu elit ərazinin bir hissəsi olduğuna görə əlavə dəyər qazanan tikintilərin davam etməsi səbəbindən Əmirliyin darinliyinə qədər uzanır. Ərazinin özü üç hissəyə bölünür: Cumeyra 1 (şərq), Cumeyra 2 (mərkəzi) və Cumeyra 3 (qərb). Cumeyranın qumsal çimərlikləri boyunca lüks göydələn otellər və bahalı mağazalarla əhatə olunmuş Cumeyra Sahili adlanan turist seyrəngahı uzanır.
Cumeyra, Dubayın ən bahalı yaşayış sahələrindən biridir. Cəmi 30–40 il əvvəl burada öz ailələri ilə cəmi bir 20–30 balıqçı, xarici işçilər və kiçik sahibkarlar yaşayırdı. Hazırda bu ərazidə villalar, iri supermarketlər və turizm infrastrukturu qurulub. Son illərdə çimərliklərin yaxınlığında dünyaca məşhur "Burj Al Arab" və dalğavari "Jumeirah Beach Hotel" də daxil olmaqla lüks göydələn-otellər tikilib. Yaxınlıqda "Wild Wadi Water Park" (Vəhşi Vadidə Su Parkı) və "Madinat Jumeirah" ticarət, otel və biznes mərkəzi yerləşir.
Kəngər körfəzi sahillərində villaları və özəl limanları olan ayrıca, geniş özəl torpaq sahələri də mövcuddur. Memarlıq baxımından, tarixən ənənəvi ərəb və Aralıqdəniz arxitekturasında tikilmiş villalar üstünlük təşkil etsə də, 2010–2020-ci illərdə daha çox müasir villanın tikintisində artım müşahidə olunub. Dizaynerlər dünyanın müxtəlif yerlərindən ən yaxşı nümunələri toplayaraq villaların memarlıq növlərini şaxələndirməyə çalışırlar: Müasir, Ərəb (ənənəvi), Aralıqdəniz, Mərakeş və digərləri).
2001–2008-ci illər arasında Palma Adaları qrupuna daxil olan Cumeyra sahillərində ilk süni ada olan Cumeyra Palması inşa edildi. Cumeyra rayonunun qərb kənarında "Dubai Marina" göydələnlər rayonu və çoxmərtəbəli binalar şəbəkəsi olan "Jumeirah Lake Towers" (Cumerya Gölləri Qüllələri) yerləşir. Bu ərazi Dubay Metrosunun Qırmızı Xəttində yerləşən Cumeyra stansiyasına da ev sahibliyi edir.
2008-ci ildə Dubayda keçirilən dünyanın ən böyük tikinti və torpaq planlaşdırma sərgisində Şeyx Zaid şosesinin şimalında, Səfa Parkı ilə Əl-Diyatə küçəsi arasında 6 kilometr uzunluğunda yeni şəhər məhəllələrinin inşasını nəzərdə tutan Cumeyra Bağlarının yaradılması üçün yeni layihə təqdim edilib. Plana görə, bu ərazidə (Köhnə Satva) bütün köhnə, alçaqmərtəbəli binalar sökülməli, yerində qərbdən şərqə doğru dənizə çıxışı olan gəmigedən su kanalı tikilməli, istifadəsiz qalan 12 km² ərazidə 50–60 min nəfər əhali üçün müasir binalar tikilməlidir.
İstinadlar