Meklenburq-Şverinli Aleksandrina Avqusta (; ) — Böyük Meklenburq-Şverin hersoqu III Fridrix Fransiskin qızı, Danimarka və İslandiya kraliçası.

Həyatı 24 dekabr 1879-cu ildə Şverindəki Nyuştadt sarayında dünyaya gəldi. Atası Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransiskin oğlu vəliəhd-şahzadə Fridrix, anası isə rus çarı I Nikolayın nəvəsi Anastasiya Mixailovnadır. Mükəmməl saray təlim-tərbiyəsi aldı. Valideynlərinin ana dili olan alman və rus dilləriylə yanaşı, ingilis və fransız dillərini öyrəndi. Piano təhsili aldı. Bundan başqa qolf və tennis kimi idman növləriylə məşğul oldu.

Atasının 1883-cü ildə taxta çıxmasından sonra digər bacı-qardaşlarıyla birlikdə Şverindəki Ludviqslust sarayında məskunlaşdılar. Ancaq atasının səhhəti həssas idi və uşaqlığından bəri broxial xəstəliklərdən əziyyət çəkirdi. Bu səbəblə, ailə vaxtının çoxunu Cenevrə gölü ətrafında, eləcə də Palermo, Baden-Baden və Kann şəhərlərindəki mülklərində keçirirdi. 1897-ci ilin qışında Kann şəhərində Danimarka kralı IX Kristianın nəvəsi və vəliəhd-şahzadə Frederik Vilhelmin oğlu Şahzadə Kristianla tanış oldu. Bir-birinə aşiq olan cütlük 24 mart 1897-ci ildə Şverində nişanlandı. Ancaq cəmi bir ay sonra atası III Fridrix Fransisk vəfat etdi cə cütlüyün toy mərasimi 26 aprel 1898-ci ilədək təxirə salındı. Mərasim cütlüyün tanış olduğu Kann şəhərində baş tutdu. Cütlüyün bu nigahdan 2 oğlu doğuldu.

IX Frederik (1899-1972) Knud Kristian (1900-1976)

Mərasimdən qısa müddət sonra Kopenhagendə məskunlaşdılar. 1906-cı ildə IX Kristianın vəfatından sonra qaynatası VIII Frederik taxta çxıdı. Beləcə, o və əri vəliəhd-şahzadə Kristian taxt varisi ünvanını daşımağa başladılar. Ancaq cəmi 6 il sonra - VIII Frederik Nitsadakı müalicəsindən dönərkən Hamburqda vəfat etdi. Ərinin X Kristian adıyla taxta çıxmasının ardından Aleksandrina Danimarka kraliça-konsortu ünvanını daşımağa başladı.

Siyasətdən uzaq qaldı və xeyriyyə işləriylə məşğul oldu. 1926-cı ildə qaynanasının vəfatından sonra onun himayə etdiyi xeyriyyə qurumlarını dəstəkləməyə davam etdi. Birinci Dünya müharibəsi illərində yoxsul ailələri dəstəkləmək üçün öz adını daşıyan xeyriyyə qurumunu təsis etdi. Rusiyadakı Oktyabr inqilabı əsnasında 3 dayısının (Qeorqi, Sergey və Nikolay) bolşeviklər tərəfindən güllələnməsi xəbəri onu möhkəm sarsıtdı. 1918-ci ildə yoluxduğu ispan qripi epidemiyasından xilas oldu.

İkinci Dünya müharibəsi illərində Danimarka nasistlər tərəfindən işğal edildi və Kraliça Aleksandrina ilə Kral Kristian işğalçı qüvvələrə qarşı mübarizənin simvoluna çevrildilər. Əslən alman olmasına baxmayaraq müharibə boyunca Danimarkanın azadlığı uğrunda mübarizə apardı.

Ərinin 1947-ci ildə vəfatıyla dul qaldı və Yutlandiyadakı şəxsi mülkündə yaşamağa başladı. Ölümünədək dəstəklədiyi xeyriyyə qurumlarını himayə etməyə davam etdi. 28 dekabr 1952-ci ildə Kopenhagendə yuxuda ikən vəfat etdi. Ölümündən bir neçə həftə öncə bağırsaq əməliyyatı olmuşdu. Cənazəsi Roskille kafedralına dəfn olundu.

Qalereya

Mənbə

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Meklenburq-Şverin sülaləsi