Martiropolun mühasirəsi — b.e. 531-ci ilinin iyul – noyabr aylarında, İber müharibəsi gedişində müdafiə olunan Bizans imperiyası qüvvələri ilə işğalçı Sasanilər imperiyası ordusu arasında baş vermiş münaqişə.
İber müharibəsi Bizans və İran imperiyalarının Qafqaz regionundakı İberiya çarlığı üzərindəki nüfuz rəqabətindən qaynaqlanmışdır. Müharibə İberiya çarlığının Bizans imperiyasının himayəsini tələb etməsi ilə başlamışdır. Müharibə dövründə həm Bizans, həm də İran tərəfi uğursuzluqlara məruz qalmışdır. Bizans imperatoru I Yustinian iranlılarla danışıqlar aparmağa cəhd göstərməklə yanaşı, diqqətini şərq sərhəd şəhərlərinin möhkəmləndirilməsinə yönəltmişdir. İran şahənşahı I Qubad isə Bizans ərazilərinə işğalçı qüvvələr göndərərək üstünlük əldə etməyə çalışmışdır. Martiropol şəhəri İran sərhədlərinin yaxınlığında strateji mövqedə yerləşirdi və Bizans komandiri Vessa bu şəhərdən İran ərazilərinə hücumlar təşkil etmək üçün baza kimi istifadə edirdi. Buna cavab olaraq, Qubad Martiropol şəhərini mühasirəyə almaq üçün ordu göndərmişdir. İranlılar şəhərə hücum etmək üçün mühasirə qurğularından və nərdivanlardan istifadə etmişlər. Müdafiəçilər məhdud təchizat səbəbindən əlverişsiz vəziyyətdə olsalar da, hücumların qarşısını almışlar.
Yaxınlaşmaqda olan müttəfiq sabir hunlarının tərəf dəyişdirməsi (bu, Bizansın aldatma taktikası idi) və şəhərə Bizansın köməkçi qüvvələrinin yaxınlaşması xəbərini alan farslar təşvişə düşmüşlər. 531-ci ilin sentyabrında Qubadın vəfatı mühasirənin pozulmasına səbəb olmuşdur. Onun davamçısı I Xosrov taxta iddiasını təmin etmək üçün sülhə can atmış, bu da İran ordusunun mühasirəni qaldıraraq öz ərazisinə çəkilməsinə gətirib çıxarmışdır. 532-ci ildə Yustinian və Xosrov "Əbədi sülh" müqaviləsini imzalayaraq İberiya müharibəsinə son qoymuşlar.
Zəmin İber müharibəsi Qafqaz regionunda yerləşən İberiya çarlığına nüfuz etmək uğrunda I Yustinianın rəhbərlik etdiyi Bizans imperiyası ilə I Qubadın rəhbərlik etdiyi Sasanilər imperiyası arasında baş vermiş münaqişə idi. Müharibə İberiya çarından İran hakimiyyətinə qarşı üsyan etməsi və Bizansdan dəstək istəməsindən sonra başlamışdır. Döyüşlər Ermənistan və Mesopotamiyanın müxtəlif regionlarında cərəyan etmişdir. Başlanğıcda iranlılar üstünlüyə malik olsalar da, Dara və Satala döyüşlərindən sonra bizanslılar tarazlığı bərpa edə bilmişlər. Üstünlüyü ələ keçirmək üçün Qubad Antioxiya şəhərini hədəf alan hərbi yürüş əmri vermişdir. Bizans ordusu Iran ordusunun Antioxiya istiqamətində irəliləməsinin qarşısını almış, lakin farslar öz ərazilərinə qayıdərkən iki ordu Kallinika şəhəri yaxınlığında döyüşə girmişdir. İranlılar qələbə qazansalar da, bu, Pirr qələbəsi idi, çünki heç bir qala ələ keçirilməmiş və böyük itkilər verilmişdi.
Həmin vaxt Yustinian Bizansın mövqelərini möhkəmləndirmiş və iranlılarla barışıq əldə etməyə çalışmışdır. Yustinian Sittanı Şərqə cavabdeh olan strateq təyin etmişdir. Vessa isə bu yaxınlarda Yustinian tərəfindən istehkamlarla əhatə olunmuş sərhəd şəhəri Martiropol baza olmaqla Mesopotamiya duksu təyin edilmişdi. Başlanğıcda Vessa İran işğalının qarşısını almış, lakin növbəti toqquşmada İran qüvvələrinin rəhbəri Kadisenli Qadar döyüşdə həlak olmuş və Arzanena valisinin qardaşıoğlu əsir götürülmüşdür. Bundan sonra Vessa Arzanenadakı İran mülklərinə hücumlar təşkil etmişdir. İran hökmdarı Martiropolun strateji əhəmiyyətini dərk edirdi. Belə ki, bu şəhər Bizans ordusu üçün sığınacaq təmin etməklə yanaşı, İran ərazilərinə yaxınlığı səbəbindən hücumlar təşkil etmək üçün baza rolu da oynaya bilərdi. Qubad 531-ci ilin iyulunda Adurqunbad, Bavi və Mehrimahrunun rəhbərliyi altında İran ordusu ilə Martiropolu mühasirəyə almaq üçün növbəti işğala başlamışdır.
Mühasirə Bizans qarnizonuna Vessa və Vuza komandanlıq edirdilər. Sitta və onun Qəssani müttəfiqi Haris ibn Cəbələ şəhərin yaxınlığında mövqe tutsalar da, münaqişədə iranlılar üstünlüyə malik olduqları üçün döyüşə girməkdən çəkinmişdilər. Şəhərin yeni inşa edilmiş divarlarının natamam olması və ehtiyatların məhdudluğu səbəbindən müdafiəçilər əlverişsiz vəziyyətdə idilər. İranlılar müxtəlif üsullarla şəhəri yarmağa cəhd göstərmişlər. Onlar şəhər divarlarının altını qazmaq üçün lağımlardan, divarları aşmaq üçün nərdivanlardan, onaqr (daşatan) və mühasirə qülləsindən istifadə etmişdilər. Lakin bizanslılar İran hücumlarının qarşısını almış və əks-tədbirlər işləyib hazırlamışdılar. Bunlardan biri də divarların daxilində İran mühasirə qülləsindən daha uca bir qüllə inşa edərək, oradan İran texnikasının üzərinə ağır daşlar yağdırmaq olmuşdur.
Bu arada Sitta və Hermogenin rəhbərliyi altında Bizansın köməkçi ordusu toplanmışdır. Məhz bu məqamda iranlıların tərəfina keçmiş bir cəsus Bizans tərəfinə qayıdaraq sabir hunlarının iranlıların müttəfiqi kimi gəlməyi planlaşdırdığını bəyan etmişdir. Yustinian həmin şəxsi yenidən iranlıların yanına göndərərək hunların əksinə, bizanslıları dəstəkləyəcəyinə dair yalan xəbər yaymışdır. İranlılar hunların mümkün xəyanəti və Bizans ordusunun yaxınlaşması xəbərindən təşvişə düşmüşdülər. 8 sentyabr 531-ci ildə Qubadın iflic olması və oğlu I Xosrovu xələfi təyin etməsi ilə mühasirənin gedişatı dəyişmişdir. Qubad beş gün sonra vəfat etmişdir. Böyük oğlu Kavus taxta iddia etsə də, fars əyanları Qubadın yazılı bəyanatına əsaslanaraq Xosrovun hakimiyyətini təsdiqləmişdilər. Xosrov taxtdakı mövqeyini möhkəmləndirmək üçün Yustinianla sülhə can atmışdır. Nəticədə, İran ordusu mühasirəni qaldıraraq 531-ci ilin noyabrında geri çəkilmişdir ki, bundan qısa müddət sonra Bizansın köməkçi ordusu Amida şəhərinə çatmışdır.
Nəticəsi Mühasirə başa çatdıqdan qısa müddət sonra sabir hunları Antioxiya yaxınlığındakı Bizans ərazilərinə basqın etmişlər. Lakin bizanslılar əvvəlcədən xəbərdar olduqları və əhalinin böyük hissəsini, eləcə də onların əmlakını möhkəmləndirilmiş şəhərlərin daxilində qoruduqları üçün bu yürüş uğursuzluqla nəticələnmiş, qarətçilərə ələ keçirməyə az şey qalmışdır. Bizans qüvvələri istehkamlardan, pusqulardan və mütəmadi hücumlardan istifadə edərək hunları zəiflətmiş, daha sonra isə geri çəkilərkən onları məğlubiyyətə uğratmışdılar. 532-ci ilin yazında Yustinian və Xosrov "Əbədi sülh" adlandırılan sülh müqaviləsini imzalayaraq İber müharibəsinə son qoymuşdular.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:İber müharibəsi Kateqoriya:Bizans imperiyası ilə əlaqəli mühasirələr Kateqoriya:Sasanilər imperiyası ilə əlaqəli mühasirələr Kateqoriya:Silvan (Diyarbəkir) Kateqoriya:Bizans–Sasani müharibələrinin döyüşləri