Pir Ömər Sultan ziyarətgahı — Azərbaycanın Şamaxı rayonunun Avaxıl kəndində yerləşən, XIV əsrə aid tarixi-dini abidə. Ziyarətgah xəlvətilik sufi məktəbinin banisi Pir Ömər Avaxılı Şirvaninin adı ilə bağlıdır. 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan arxeoloji tədqiqatlar zamanı burada Pir Ömərin türbəsinin qalıqları, onun məzarına aid kitabə, müxtəlif kitabələr, çoxsaylı müsəlman qəbirləri və maddi-mədəniyyət nümunələri aşkar olunub. Türbə kitabəsində Pir Ömərin 1409-cu ilin iyul ayında vəfat etdiyi qeyd olunur.

Tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir. XIV əsrə aiddir. Ziyarətgahda aparılan arxeoloji tədqiqatlar nəticəsində xəlvətilik sufi məktəbinin banisi Pir Ömər Avaxılı Şirvaninin türbəsinin qalıqları və ona aid olduğu müəyyənləşdirilən artefaktlar aşkar olunub. İlkin arxeoloji tədqiqatlar 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılıb. Tədqiqatlara professor Qafar Cəbiyev rəhbərlik edib. Qazıntılar zamanı türbənin qalıqları ilə yanaşı, onun ətrafında çoxsaylı müsəlman qəbirləri də aşkar olunub. Qəbirlərdən birinin kitabəsində Qurani-Kərimin "Ğafir" surəsinin 16-cı ayəsi həkk olunub.

Xəlvətiliklə əlaqəsi Xəlvətilik sufi təliminin ilkin təşəkkül məkanlarından biri Avaxıl hesab olunur. Təlimin Şirvan və Azərbaycan ərazisində formalaşmasından sonra daha geniş coğrafiyada yayıldığı qeyd edilir. Orta əsrlərdə xəlvətiliyin Şirvanşahlar dövləti tərəfindən dəstəkləndiyi, sonrakı dövrlərdə isə Teymuri, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı və Misir Məmlükləri kimi dövlətlər tərəfindən himayə edildiyi bildirilir.

Avaxılda aşkar edilmiş kitabələrdən Şeyx Cəlil və onun oğlu Allahvermişin də xəlvətilik ənənəsinin davamçıları olduğu məlum olur. Bu materiallar Avaxıldakı xəlvətilik ocağının fəaliyyətinin sonrakı əsrlərə qədər davam etdiyini göstərən məlumatlar kimi təqdim edilir.

Türbə Arxeoloji tədqiqatlar zamanı aşkar olunan türbə təxminən 5x5 metr ölçüsündədir və yonulmuş çay və qaya daşlarından inşa edilib. Nisbətən yaxşı qorunmuş şimal divarının hündürlüyü 2,1 metr, qalınlığı isə 0,9 metrdir.

Türbənin cənub hissəsində şərq-qərb istiqamətində yerləşən qəbir kamerasının uzunluğu 2,1 metr, eni 0,9 metrdir. Kamera iri qaya parçaları ilə örtülüb. Qəbrin şimalında 3,2 metr uzunluğunda və 1,9 metr enində döşəmə sahəsi yerləşir. Döşəmənin şimal kənarı boyunca ziyarətçilərin oturması və zikr etməsi üçün kətil düzəldilib.

Türbənin cənub divarının mərkəzində eni 0,5 metr, qorunmuş hissəsində hündürlüyü 0,8 metr olan tağvari taxça aşkar edilib. Divarın qarşısında, taxçanın xarici tərəfində səlcuq zənciri ilə haşiyələnmiş mehrab təsvirli xatirə daşı da tapılıb. Daşın Pir Ömərin məzarına aid olduğu müəyyən edilib.

Türbənin qərb divarı qoz ağacının koğuşu ilə əhatə olunub. Ağacın köklərinin zamanla divarları sıxaraq dağıtması nəticəsində tikilinin qərb və şimal hissələri zədələnib. Tədqiqat zamanı Pir Ömərin həmin ağacın koğuşunda zikr etməsi ilə bağlı rəvayətlər nəzərə alınaraq ağaca toxunulmayıb. Bu səbəbdən türbənin qərb divarı tam şəkildə tədqiq edilməyib.

Qazıntılar zamanı həmin hissədən üzü üstə düşmüş vəziyyətdə türbə kitabəsi götürülüb. Türbənin şimal-qərb küncündəki döşəmə ilə qərb tərəfdə yerləşən daş döşənmiş sahənin əlaqəsi tikilinin girişinin bu istiqamətdə olduğunu göstərir.

Kitabələr və arxeoloji tapıntılar Türbənin daxilində və ətrafında xəlvətilik təriqətinin tarixi və Pir Ömərin fəaliyyəti baxımından əhəmiyyət daşıyan müxtəlif artefaktlar aşkar edilib. Onların arasında Pir Ömərin məzarına aid qəbir və türbə kitabəsi xüsusi əhəmiyyət daşıyır.

Ərəb dilində, sadə süls xətti ilə yazılmış kitabədən Pir Ömərin 1409-cu ilin iyul ayında vəfat etdiyi məlum olur. Kitabədə o, xəlvətilik sufi məktəbinin banisi və təriqət sahiblərinin əzizi kimi təqdim edilir. Burada Pir Ömərə "şeyx", "zahid" və "abid" epitetləri ilə müraciət olunur. Kitabədə Azərbaycan türkcəsində də ifadələrə rast gəlinir.

Türbənin ətrafında digər kitabələr də aşkar edilib. Onlardan biri Sultan Bəyazidin nəslindən olan Şeyx Cəlilə, digəri isə onun oğlu Allahvermişə aiddir. Tarixi mənbələrdə Sultan Bəyazid Pir Ömərin xəlifələrindən biri olan Bəyazid Pirani kimi göstərilir. Şeyx Cəlilin isə XVIII əsrin sonu – XIX əsrin əvvəllərində yaşamış xəlvətilik davamçılarından olduğu qeyd edilir.

Arxeoloji qazıntılar zamanı daş qablar, keramika və sikkələr də aşkar edilib. Bu tapıntıların bir qisminin xəlvətilik təliminin icrası ilə bağlı rituallarla əlaqəli olduğu ehtimal edilir.

Aşkar edilmiş kitabə və digər maddi-mədəniyyət nümunələri Avaxıldakı xəlvətilik xanəgahının uzun müddət fəaliyyət göstərdiyini göstərən arxeoloji materiallar kimi qiymətləndirilir.

Konservasiya Arxeoloji tədqiqatlardan sonra Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə konservasiya işləri aparılıb. Ziyarətgahın çay və qaya daşlarından tikilmiş qalıqları qorunmuş, burada Pir Ömər Avaxılıya aid qəbir və ziyarətgahın ətrafında başqa şəxslərə aid səkkiz qəbir səliqəyə salınıb.

Abidənin və ətrafındakı qəbirlərin qorunması məqsədilə eyni daş materialından əhatə divarı inşa edilib. Ziyarətçilər üçün ziyarətgah ərazisində gəzinti zolağı yaradılıb, aparılan işlər zamanı ətraf mühitin və qəbir yerlərinin qorunmasına diqqət yetirilib. Abidənin üzərində 16 metr hündürlüyündə səkkizbucaqlı metal konstruksiyadan çardaq da qurulub.

Şəkilləri

İstinadlar

Kateqoriya:Şamaxı türbələri Kateqoriya:Şamaxı rayonunun abidələri Kateqoriya:Şamaxının görməli yerləri Kateqoriya:Şamaxı rayonundakı tikililər Kateqoriya:Xəlvətilik