Allahsız — 1931–1933-cü illərdə Bakıda Azərbaycan dilində nəşr olunmuş ateist yönümlü jurnal. Nəşr Azərbaycan Mübariz Allahsızlar İttifaqının Mərkəzi və Bakı Şuralarının orqanı olmuşdur. Jurnal Sovet İttifaqında dinə qarşı aparılan ideoloji kampaniyanın Azərbaycandakı mətbu vasitələrindən biri idi.

Tarixi 1920-ci illərin ikinci yarısından etibarən Sovet hakimiyyətinin Azərbaycanda dinə qarşı siyasəti gücləndirildi. 1924-cü ildə Bakıda Allahsızlar Cəmiyyətinin təşkil olunduğu, daha sonra isə bu qurumun Mübariz Allahsızlar İttifaqına çevrildiyi qeyd olunur. Təşkilatın əsas məqsədlərindən biri ateist dünyagörüşünün yayılması və dinə qarşı təbliğatın aparılması idi.

1929-cu ildə Azərbaycan K(b)P MK-nın plenumunda Molla Nəsrəddin jurnalının din əleyhinə təbliğat aparan kütləvi nəşrə çevrilməsi məsələsi gündəmə gətirilmişdi. Jurnalın Allahsızlar İttifaqının orqanına çevrilməsi və adının dəyişdirilməsi ilə bağlı tələblər irəli sürülmüşdü. Cəlil Məmmədquluzadə isə jurnalın Allahsız adlandırılmasına etiraz etmişdi.

1931-ci ilin avqustunda Allahsız jurnalının ilk sayı çapdan çıxmışdır. İlk sayın üz qabığında Allahsız adının yanında mötərizədə Molla Nəsrəddin adı da verilmiş, jurnal özünü Azərbaycan Mübariz Allahsızlar İttifaqının Mərkəzi və Baş Şurasının orqanı kimi təqdim etmişdir.

Bəzi mənbələr Allahsızı Molla Nəsrəddin jurnalının 1931-ci ildən etibarən dəyişdirilmiş adı kimi təqdim edir. Bu yanaşmaya görə, Molla Nəsrəddinin sonrakı sovet mərhələsində jurnalın adı Allahsızla əvəz edilmiş və nəşr 1933-cü ilədək davam etmişdir. Prezident Kitabxanasının məlumatında isə Molla Nəsrəddinin 1931-ci ilin yanvarında iki sayından sonra fəaliyyətini dayandırdığı, sonrakı Allahsız nəşrinin isə onun yerini tutduğu bildirilir.

Redaksiya və nəşr Jurnalın ilk sayı 14 səhifədən ibarət olmuş və Bakıda, Baş Şaumyan küçəsi 20 ünvanında nəşr edilmişdir. 1931-ci ilin sentyabr-oktyabr aylarında çıxan ikinci və üçüncü sayların hər biri 23 səhifədən ibarət olmuşdur. Bu saylarda jurnalın məsul müdiri kimi Vəli Xuluflu, təhrir heyətinin üzvləri kimi Əhməd Əhmədov, Əhməd Trinç, İ. Dubinski (İlya Moiseyeviç Dubinski-Muxadze?), Vəli Xuluflu, Məmməd Səid Ordubadi və Sami Qamal göstərilmişdir.

Jurnalın ilk sayında əsasən imzasız və kiçik həcmli məqalələr dərc olunmuşdu. Burada Mübariz Allahsızlar İttifaqının fəaliyyətinə, ateist təbliğata və dinə qarşı mübarizəyə həsr olunmuş materiallara geniş yer verilmişdi. Nəşrdə İttifaqın rəhbərlərindən İ. Dubinskinin çıxışları və Y. Yaroslavskinin məruzəsi də dərc edilmişdir.

1931-ci ilin sonrakı saylarında Məmməd Səid Ordubadi, Vəli Xuluflu və digər müəlliflərin yazılarına rast gəlinir. 1931-ci ilin noyabr-dekabr tarixli 4–5-ci saylarında Cəfər Xəndanın Allahsız adlı şeiri dərc edilmişdir.

Mənbələrdə jurnalın 1931–1933-cü illərdə nəşr olunduğu göstərilir. 1932-ci ildə jurnalın müxtəlif nömrələri, o cümlədən 4 (9) və 8 (12) nömrələri çap edilmişdir. 1933-cü ildə də jurnalın ayrı-ayrı nömrələri nəşr olunmuş, bundan sonra onun fəaliyyəti dayandırılmışdır.

İdeoloji istiqaməti Allahsızın əsas mövzusu ateizmin və sovet dünyagörüşünün təbliği, dinə və dini təsəvvürlərə qarşı tənqidin yayılması idi. Jurnal Sovet hakimiyyətinin həyata keçirdiyi din əleyhinə kampaniyanın mətbuat vasitələrindən biri kimi fəaliyyət göstərirdi.

Jurnalda İslam dini, dini ayinlər və dini dünyagörüşü marksist-leninçi və ateist mövqedən tənqid olunurdu. Mənbələrdə jurnalda din əleyhinə şeirlərin, məqalələrin və karikaturaların dərc edildiyi qeyd olunur.

Jurnalın nəşri Azərbaycan Mübariz Allahsızlar İttifaqının fəaliyyəti ilə sıx bağlı idi. Sovet dövründə bu təşkilat dini etiqadın zəiflədilməsi və ateist dünyagörüşünün yayılması məqsədilə müxtəlif təbliğat vasitələrindən istifadə edirdi.

"Molla Nəsrəddin" ilə əlaqəsi Allahsızın yaranması Molla Nəsrəddin jurnalının sovet hakimiyyəti dövründəki taleyi ilə birbaşa əlaqəli olmuşdur. 1929-cu ildən etibarən Molla Nəsrəddinin istiqamətinin dəyişdirilməsi və onu din əleyhinə təbliğat orqanına çevirmək barədə tələblər mətbuatda müzakirə edilmişdi.

Cəlil Məmmədquluzadənin bu dəyişikliklərə etiraz etməsinə baxmayaraq, 1931-ci ildə Allahsız adlı jurnal meydana çıxmışdır. İlk sayda Allahsız adının yanında Molla Nəsrəddin sözünün mötərizədə yazılması iki nəşr arasındakı institusional və redaksiya əlaqəni göstərən əsas faktlardan biri hesab olunur.

Mirzə Cəlil Allahsızın nəşrindən əvvəl Molla Nəsrəddinin adının dəyişdirilməsinə etiraz etmiş və nəticədə jurnalın redaktorluğundan uzaqlaşmışdır.

Nəşrin dayandırılması Allahsızın nəşri uzunmüddətli olmamışdır. Jurnal 1931–1933-cü illərdə fəaliyyət göstərmiş, 1933-cü ildə isə nəşrini dayandırılmışdır.

Azərbaycan mətbuat tarixində Allahsız Sovet dövrünün ilk onilliklərində dövlətin ateizm siyasətinin həyata keçirilməsində istifadə olunan ixtisaslaşmış nəşrlərdən biri kimi qiymətləndirilir. Jurnalın fəaliyyəti eyni zamanda Molla Nəsrəddinin sovet hakimiyyəti dövründə ideoloji təzyiqlərlə üzləşməsinin mühüm mərhələlərindən biri ilə əlaqələndirilir.

İstinadlar

Ədəbiyyat Hacıyev, Taleh. "Allahsızlar İttifaqı"nın Azərbaycandakı fəaliyyəti. Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 09(09), 2008. Çanaklıoğlu, Vefa. Komünist Dönemde Türkçe Basın. Yeni Türkiye, № 74, 2015. Əsədov, Sahib. Sovet Azərbaycanında Ateizm Təbliğatı.

Xarici keçidlər Sovet hakimiyyəti dövründə "Allahsız" adlandırılan jurnal

Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:Bakı kütləvi informasiya vasitələri