Məzhic () — qəhtanimənşəli böyük ərəb qəbilə konfederasiyası. Ərəbistanın cənubunda və mərkəzində yerləşmişdir. Bu konfederasiya ilk müsəlman fəthlərində iştirak etmiş, Sasanilər imperiyasının və Bizans imperiyasının işğalında mühüm rol oynamışdır. Alt URL
Bəzi rəvayətlərə görə, islam peyğəmbəri Məhəmməd cənnət əhlinin əksəriyyətinin Məzhic qəbiləsindən olacağını bildirmişdir. Onlar cəsarət, şücaət, mərdlik, ədalət, hikmət, nəzakət və təvazökarlıq kimi islamın dəyər verdiyi fəzilətləri özündə təcəssüm etdirərək ərəblər arasında xasiyyətcə ən nəcib insanlar kimi təsvir edilmişdir.
Həmdani özünün "Sifət Cəzirətül-Ərəb" ("Ərəbistan yarımadasının təsviri") kitabında Məzhic qəbiləsinin adını 30 dəfə ən yaxşı oxatanlar hesab olunan Nəxə, Zübeyd, Ruhə və Həda kimi qollara malik əsilzadə ərəb sülaləsi kimi çəkmişdir. Bu qəbilədən islamı qəbul etmiş Yəmənin cəngavər padşahı Əmr ibn Mədi Yəkrib Zübeydi Məzhici və Məhəmməd peyğəmbərin yaxın səhabəsi, Siffeyn döyüşündə Əli ibn Əbu Talibin hərbi sərkərdəsi olmuş Malik Əştər Nəxai kimi məşhur tarixi şəxsiyyətlər çıxmışdır. Məzhic qəbiləsi daha sonra Yəməndə Əbül-Aşirə və Malik ibn Mərərə Rəhavinin rəhbərliyi altında qərmətilərə qarşı döyüşmüşdür. Həmədaninin kitabına yazılmış şərhlər göstərir ki, onlar günümüzdə də Həmədaninin miladi 900-cü ilə aid kitabında təsvir etdiyi həmin şəhər və məkanlarda yaşayırlar.
Məzhic adı Hirənin nəsrani padşahı, "bütün ərəblərin padşahı" İmrül-Qeys ibn Əmrin (328-ci ildə vəfat etmişdir) xatirəsinə ucaldılmış Nəmarə yazısında çəkilir. Burada onun Məzhicə qarşı hərbi yürüş təşkil edərək Şəmmər Yeraşın Nəcran şəhərinə qədər çatması ilə öyündüyü bildirilir. Həmin əhvalat Vəhb ibn Münəbbih tərəfindən islamaqədərki rəvayətlərdən bəhs edən "Taclar kitabı" əsərində təfərrüatı ilə qeyd olunmuşdur.
İslamdan əvvəl Məzhic qəbiləsinin öz bütü var idi və bütpərəst ərəblər dövründə onlar hər il Məkkəyə həcc ziyarətinə gələrkən bu bütü də özləri ilə gətirərdilər. Onlar bu büt üçün Məzhicə xas təlbiyə oxuyaraq Kəbənin ətrafında bir neçə dəfə dövr edər və bütlərinin Kəbə ətrafında yerləşdirilməsi üçün tanrıya dua edərdilər. Ərəblərin Kəbəni onu "Beytullah" adlandıran İbrahimdən miras aldığı, lakin sonrakı əsrlərdə bütlərə sitayiş etməyə başladıqları və bütlərinin xeyir-dua alması üçün onları Kəbəyə gətirdikləri bildirilir. Alt URL
Məzhic adı 330-cu ilə aid Nəmarə yazısında da aşkar edilmişdir.
Məzhic kişiləri müsbət cəhətləri vəsf edilərkən bərkimiş və təcrübəli döyüşçülər kimi təsvir olunmuşdur. Onlar həmçinin at çapmaq bacarıqları ilə tanınmış və at üzərində ikən en yaxşı oxatanlar kimi şöhrət qazanmışdılar. Daha sonra, Kufə qarnizon şəhərinin əsası qoyulduqdan sonra, Məzhic qəbiləsi, o cümlədən onların en məşhur başçısı Əmr ibn Mədi Yəkrib Kufədə məskunlaşmışdır.
İstinadlar
Kateqoriya:Qəhtanilər Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Konfederativ dövlətlər