Camaləddin Qaziqumuqlu və ya Seyid Camaləddin əl-Hüseyni əl-Kibudi əl-Qaziqumuqi əd-Dağıstani (; ) — Dağıstanlı dini (mənəvi) və ictimai xadim, alim, nəqşibəndi təriqətinin şeyxi, İmam Şamilin müəllimi.
Həyatı Camaləddin Qaziqumuqlu 1788 və ya 1792-ci ildə Qumuqda (indiki Dağıstanın Lak rayonu) anadan olmuşdur. Şimali Qafqazın bir sıra kəndlərində (aullarda), daha sonra isə Osmanlı imperiyasında təhsil almışdır. Dağıstanın bir neçə dilini, həmçinin ərəb, fars və türk dillərini bilirdi. Ərəb ədəbiyyatını, antik və müsəlman fəlsəfəsini, fiqhi və islam əxlaqını yaxşı öyrənmişdi. Gəncliyində Qaziqumuqlu Aslan xanın dəftərxanasında mirzə (kargüzar) kimi xidmət etmişdir.
Camaləddinin oğlu Əbdürrəhman atasından bəhs edərkən yazırdı: "Camaləddin-Hüseyn əslən Qazıqumuqdan idi. Gəncliyinin ilk illərində keçmiş Qazıqumuq xanı Aslan xanın yanında mirzə kimi xidmət edirdi. Lakin tezliklə dövlət qulluğundan imtina edərək, özünü tamamilə elmi fəaliyyətə və sufizm ideyalarına xidmət etməyə həsr etdi. O, vaxtını Qumuqda "guşənişinlikdə (təcrid olunaraq), dualarla və yanına gələnləri haqq yoluna yönəltməklə" keçirirdi". O, bütün sərvətini insanlara payladı və xana katiblik vəzifəsindən imtina etdiyini bildirdi. Çünki o, günah və şər əməllər yayan bir xainin köməkçisi olmaq istəmirdi.
Camaləddin Qaziqumuqlunun mənəvi maraqlarının formalaşmasında XIX əsr dağlılarının milli-azadlıq hərəkatının ideoloqu Məhəmməd Yaraqski ilə tanışlığı böyük rol oynamışdır. 1824-cü ildə Camaləddin Qaziqumuqlu ondan nəqşibəndi təriqəti üzrə mürşidlik (icazə) icazəsi aldı. Camaləddin Qaziqumuqlunun adı islam aləmində geniş tanınırdı və sufizmin görkəmli xadimləri haqqında bir çox elmi sorğu kitablarında yer alır.
Qaziqumuqlu Şeyxin vasitəsilə Dağıstan və Çeçenistan imamları Qazi Məhəmməd və İmam Şamil təriqətə daxil olmuşdular. Şeyx Camaləddin İmamət Divanının üzvü idi və imamlar arasında nüfuzu mübahisəsiz idi. Şamil dövlət idarəçiliyi, beynəlxalq əlaqələr və fiqh məsələlərində tez-tez öz mürşidinə məsləhət üçün müraciət edərdi.
Camaləddin Qazıqumuqlunun oğulları Əbdürrəhman və Əbdürrəhim İmam Şamilin qızları Nəfisət və Fatimət ilə ailə qurmuşdular. Camaləddinin qızı Zahitat (Zahidət) isə İmam Şamilin həyat yoldaşı idi.
Camaləddin Qaziqumuqlu 1862-ci ildə, Qafqaz imaməti süqut etdikdən sonra İstanbula köçdü. 1866-cı ildə İstanbulda vəfat etdi. Qaracaəhməd qəbiristanlığında dəfn edilmişdir.
Qalereya
Elmi fəaliyyəti Camaləddin Qaziqumuqlu həm də bir neçə əsərin müəllifi kimi tanınır. Bunlardan ən məşhuru «əl-Ədəb əl-mürdiyyət fi-t-təriqət an-nəqşibəndiyyət» («Nəqşibəndi təriqətində bəyənilən qaydalar») əsəridir. Nəqşibəndi təriqətinin nəzəriyyəsi və təcrübəsinə həsr olunmuş bu traktat dəfələrlə nəşr edilmişdir (Port-Petrovsk, 1905; Temirxan-Şura, 1908; Oksford, 1986). Rus dilinə tərcüməsi (materialın sərbəst şərhi) də 1869-cu ildə Tiflisdə nəşr olunmuş, təkrar nəşri isə 1986-cı ildə Oksfordda həyata keçirilmişdir.
«Təlif əş-şeyx əl-kamil əl-mürşid Camaləddin» («Kamil şeyx, mürşid Camaləddinin əsəri») və ya «Kifayət əl-avam» («Avam xalq üçün kifayət edən») adlı əsər sual-cavab formasında yazılmışdır. Bu əsər islam dininin əsaslarının (üsul əd-din), namaz qılmaq və oruc tutmaq qaydalarının sadə dildə izahına, Məhəmməd peyğəmbərin xarici görünüşü və həyat tərzinin təsvirinə həsr olunmuşdur.
Üçüncü məşhur əsəri isə «əl-Qövl əs-sədid fi cavab risalət Səid li-ş-şeyx əl-mürşid Camaləddin» («Şeyx mürşid Camaləddindən Səidin məktubuna dürüst cavab») əsəridir.
Əsərləri Camaləddin Qazıqumuqlu. Əl-Ədəb əl-mürdiyyə - Temirxan-Şura, 1908. Camaləddin əd-Dağıstani əl-Qazıqumuqi. Əl-Ədəb əl-mürdiyyə - Petrovsk, 1905. Camaləddin Qazıqumuqlu. Əl-Ədəb əl-mərziyyə. Nəqşibəndi təriqəti - Oksford, 1986. Camaləddin Qazıqumuqlu. Ədəbül-Mərziyyə. - Tiflis, 1869.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Dağıstan tarixi Kateqoriya:Qafqaz müharibəsinin iştirakçıları
Xarici keçidlər