Əbül-Əs ibn ər-Rəbi (; ) — Zeynəb bint Məhəmmədin həyat yoldaşı, səhabə.
Həyatı Onun nəsil şəcərəsi "Əbül-Əs ibn ər-Rəbi ibn Əbdüluzza ibn Əbdüşəms ibn Əbdümənaf ibn Qusay"dır. Anası Halə bint Xüveylid Xədicənin bacısı idi. Mənbələrdə əsl adının Mihşəm, Qasım (və ya Müqassim), Ləqit, Hüşeym (və ya Hüşeyyim), Yasim (və ya Yasir) və Zübeyr olduğu barədə fərqli məlumatlar mövcuddur. "Əbül-Əs" künyəsinin mənşəyi isə naməlumdur. Ləqəbi "Cərvül-Bəthə"dir.
O, xalasının qızı Zeynəb ilə ailə qurdu. Bu nikahdan Əli və Ümamə adlı iki övladı dünyaya gəldi. O, islamı qəbul etməsə də, islamı qəbul edən Zeynəbin inancına müdaxilə etmədi. Hətta məkkəli bütpərəstlərin təkidlərinə baxmayaraq, Zeynəbi boşamayacağını bildirdi.
Bəzi şiə müəlliflərə görə, Bənu Haşim və Bənu Müttalib qəbilələrinə qarşı tətbiq edilən boykotda Əbül-Əsin müsəlmanlara kömək etmişdir. Sünni mənbələrdə isə bu barədə məlumatlara rast gəlinmir.
Zeynəbin ailə üzvləri Mədinəyə hicrət etdikdə, Əbül-Əs ona hicrət etməyə icazə vermədi və Zeynəb Məkkədə qalmağa məcbur oldu. Əbül-Əs Bədr döyüşündə müsəlmanlara əsir düşdükdə, Zeynəb onu xilas etmək üçün anasından qalmış qiymətli əşyaları fidyə olaraq göndərdi. Məhəmməd Xədicədən qalmış qiymətli əşyaları gördükdə, Əbül-Əs ibn ər-Rəbini Zeynəbi Mədinəyə göndərməsi şərti ilə azad etdi. Əbül-Əs Məkkəyə qayıtdıqda Zeynəbi öz qardaşı Kinanə ilə Mədinəyə yolladı.
Lakin bəzi qureyşlilər bunu öyrəndikdə, onların arxasından getdilər və onlara çatdılar. Həbbab adlı şəxs nizəsi ilə Zeynəbin dəvəsini ürkütdü və nəticədə Zeynəb dəvədən yıxılaraq ciddi xəsarət aldı. Əbu Süfyanın məsləhətindən sonra gecə hərəkət etməyə başlayan Kinanə, Zeynəbi Zeyd ibn Harisəyə təslim etdi. Hadisədən xəbər tutan Məhəmməd, Zeynəbə xəsarət yetirənlərin cəzalandırılması üçün dəstə yolladı. Lakin göndərilmiş dəstə günahkarı tapa bilmədi.
Əbül-Əs müsəlman olmadığı üçün hicrətin 6-cı (627) ilin sonuna kimi Zeynəb Mədinədə, Əbül-Əs isə Məkkədə yaşamağa davam etdilər. Mənbələrdə Əbül-Əs ibn ər-Rəbinin bu müddətdə ərzində Uhud döyüşündə də iştirak etdiyi qeyd edilir.
Hicrətin 6-cı ilində Əbül-Əs qureyşlilərin ticarət karvanı ilə birlikdə Suriyadan qayıdarkən, mallar və karvandakı şəxslərlə birlikdə müsəlmanlara əsir düşdü, lakin Əbül-Əs onların əlindən qaçmağ bacardı və Mədinəyə getdi. Orada Zeynəbi tapdı. Zeynəbdən özünə aman verilməsini və karvan mallarının geri qaytarılmasını istədi. Zeynəb ona aman verdiyini bildirdi və Məhəmməddən onun istəyinin yerinə yetirilməsini xahiş etdi.
Məhəmməd də Zeynəbin istəyini qəbul etdi. Lakin Məhəmməd onların ər-arvad kimi yenidən bir araya gəlmələrinin mümkün olmadığını söylədi.
Bundan sonra Əbül-Əs Məkkəyə qayıtdı və malları sahiblərinə təhvil verdi. Ardınca məkkəlilərə islamı qəbul etdiyini bildirdi (Zəhəbi Əbül-Əsin Hüdeybiyyə müqaviləsindən beş ay əvvəl müsəlman olduğunu bildirmişdir.) və hicrətin 7-ci ilinin Məhərrəm ayında (628-ci ilin may–iyun aylarında) Mədinəyə hicrət etdi. Məhəmməd də onların əvvəlki nikahlarına əsasən evliliklərini davam etdirmələrinə icazə verdi.
Zeynəb hicrətin 8-ci ilinin Səfər ayının sonunda (629-cu ilin iyun ayında) Mədinədə vəfat etdikdən sonra, Əbül-Əs Səid ibn əl-Əsin qızı Fəhitə ilə evləndi. Onların bu nikahdan Məryəm adlı qızları dünyaya gəldi.
Əbül-Əs Əbu Bəkrin xilafəti dövründə, Zilhiccə ayının 12-sində Mədinədə vəfat etdi (634).
Hədis elmindəki yeri Mənbələrdə onun rəvayət etdiyi hər hansı bir hədisə rast gəlinmir.
İstinadlar
Kateqoriya:Səhabələr Kateqoriya:İslamı qəbul edənlər