Ximotripsinogen — zülalları daha kiçik peptidlərə parçalayan həzm fermentlərindən biri olan ximotripsinin qeyri-aktiv ilkin forması (zimogen)dır. Ximotripsinogen 245 amin turşusu qalığından ibarət tək polipeptid zənciridir. O, mədəaltı vəzinin asinar hüceyrələrində sintez olunur və bu hüceyrələrin apikal hissəsində yerləşən membranla əhatə olunmuş sekretor qranullarda saxlanılır. Qranulların hüceyrədən xaric olunması hormonal siqnallar və ya sinir impulsları vasitəsilə stimullaşdırılır. Nəticədə qranulların tərkibindəki maddələr onikibarmaq bağırsaqa açılan axacağa ifraz edilir.Berg.M.J., Tymoczko.L.J., Stryer.L., Gatto Jr. J.G. Biochemistry, 7th Ed.; Freeman: New York, 2012.
Aktivləşməsi
Ximotripsinogen mədəaltı vəzinin və digər orqanların toxumalarının zədələnməsinin qarşısını almaq üçün həzm sisteminə daxil olana qədər qeyri-aktiv vəziyyətdə qalmalıdır. Onun aktivləşməsi tripsin adlanan digər fermentin təsiri ilə baş verir. Aktivləşmə nəticəsində əvvəlcə π-ximotripsin əmələ gəlir və bu forma sonradan α-ximotripsinin yaranmasında iştirak edir.
Tripsin ximotripsinogen molekulunda arginin-15 və izoleysin-16 amin turşusu qalıqları arasında yerləşən peptid rabitəsini parçalayır. Bunun nəticəsində π-ximotripsin molekulunda disulfid rabitəsi vasitəsilə bir-birinə bağlı qalan iki peptid zənciri əmələ gəlir.
Daha sonra bir π-ximotripsin molekulu digər π-ximotripsin molekuluna təsir göstərərək leysin və serin qalıqları arasındakı peptid rabitəsini parçalayır. Aktivləşmiş π-ximotripsin digər π-ximotripsin molekulları ilə reaksiyaya girərək iki dipeptidin — serin-14–arginin-15 və treonin-147–asparagin-148 — parçalanmasına və molekuldan ayrılmasına səbəb olur. Bu reaksiyalar nəticəsində α-ximotripsin əmələ gəlir.
α-Ximotripsinin əmələ gəlmə miqdarı hidrosinnamat kimi inhibitorların təsirindən, həmçinin mühitin pH göstəricisindən, temperaturdan və kalsium xloridin mövcudluğundan asılı olaraq dəyişə bilər. İstinadlar