Ənənəvi mühafizəkarlıq (həmçinin klassik mühafizəkarlıq) — cəmiyyətin riayət etməli olduğu iddia edilən müəyyən təbii hüquq prinsipləri vasitəsilə ifadə olunan, fövqəlinsani əxlaqi prinsiplərin əhəmiyyətini vurğulayan siyasi və sosial fəlsəfə istiqamətidir. Bu, mühafizəkarlığın müxtəlif formalarından biridir. Müasir mənada ənənəvi mühafizəkarlığın kökləri Edmund Börkün siyasi fəlsəfəsinə, eləcə də Fransız inqilabından sonra baş vermiş Terror dövrünə görə əvvəlki onilliklərdə xristianlıqın rasionalist mövqedən rədd edilməsini məsul sayan Jozef de Mestrin oxşar fikirlərinə gedib çıxır. Ənənəçilər həddindən artıq rasionalizm və individualizm hesab etdikləri yanaşmalardansa, sosial əlaqələrə və əcdadlardan miras qalmış institutların qorunmasına üstünlük verirlər. «Mühafizəkarlıq» ifadəsinin ilk istifadələrindən biri təxminən 1818-ci ildə Fransua-Rene de Şatobrianın Lui de Bonaldın köməyi ilə yazdığı Le Conservateur adlı monarxist qəzetlə əlaqələndirilir.
Millət, mədəniyyət, adət, konvensiya, dini köklər və ənənə anlayışları ənənəvi mühafizəkarlıqda mühüm yer tutur. Nəzəri zəka praktik zəka ilə müqayisədə ikinci dərəcəli hesab edilir. Dövlət də mənəvi və orqanik xüsusiyyətlərə malik sosial təşəbbüs kimi nəzərdən keçirilir. Ənənəçilər hesab edirlər ki, müsbət dəyişikliklər keçmişlə tam və məqsədli şəkildə əlaqəni kəsmək cəhdindən deyil, icmanın ənənələrindən qaynaqlanmalıdır. Liderlik, hakimiyyət və iyerarxiya insan cəmiyyətinə xas təbii xüsusiyyətlər hesab olunur. Ənənəçilik Yakobitizm, Əks-Maarifçilik və erkən romantizm formalarında XVIII əsrdə Avropada Maarifçilik dövrünə, eləcə də İngiltərə və Fransa inqilablarına qarşı reaksiya olaraq meydana çıxmışdır. Sonrakı formalarına erkən Alman romantizmi, karlizm və qel dirçəlişi daxildir. Ənənəvi mühafizəkarlıq XX əsrin ortalarında intellektual və siyasi qüvvə kimi möhkəmlənməyə başlamışdır.
Əsas prinsiplər
Dini inanc və təbii hüquq
Təbii hüquq anlayışı Foma Akvinalı tərəfindən Summa Theologiae əsərində müdafiə olunur. O, burada ziddiyyətsizlik prinsipini («eyni şey eyni zamanda həm təsdiq, həm də inkar edilə bilməz») nəzəri zəkanın ilk prinsipi, «xeyir həyata keçirilməli və ardınca gedilməli, şərdən isə çəkinilməlidir» prinsipini isə praktik zəkanın, başqa sözlə, insanın hərəkətlərindən əvvəl gələn və onları müəyyən edən zəkanın ilk prinsipi kimi təqdim edir. Orta əsrlər xristian fəlsəfəsində summum bonum, yəni «ən yüksək xeyir» anlayışına xüsusi əhəmiyyət verilirdi. Xeyir ideyasına yalnız sakit təfəkkür vasitəsilə çatmağın mümkün olduğu düşünülürdü.A. Kojeve, Introduction to the Reading of Hegel (1980) p. 108 Təbii hüququn digər müddəaları müəyyən dərəcədə Aristotelin əsərlərində inkişaf etdirilmiş, Siseronun əsərlərində də qeyd edilərək müdafiə olunmuş, xristian filosofu Albertus Maqnus tərəfindən isə daha da inkişaf etdirilmişdir.Cunningham, Stanley. Reclaiming Moral Agency: The Moral Philosophy of Albert the Great. Washington, D.C.: The Catholic University Of America Press, 2008 p.207 Bu, ənənəvi mühafizəkarların mütləq tomist olması və ya təbii hüququn sırf tomist nəzəriyyəsini qəbul etməsi demək deyil. Yunan-Roma, erkən kilsə, orta əsrlər və Reformasiya düşüncəsinin bəzi istiqamətlərində təsdiqlənən, Aristotel fəlsəfəsinə əsaslanmayan yanaşmalar da daxil olmaqla, tomist olmayan təbii hüquq anlayışlarını qəbul edən şəxslər də ənənəvi mühafizəkarlıqla özlərini əlaqələndirə bilərlər.
Ənənə və adət
Adından da göründüyü kimi, ənənəçilər ənənə və adətlərin insanı və onun dünyagörüşünü istiqamətləndirməli olduğunu düşünürlər. Hər nəsil əcdadlarının təcrübəsini və mədəniyyətini miras alır; insan isə bunları adət və presedentlər vasitəsilə öz nəslinə ötürə bilir. Edmund Börk belə qeyd etmişdir: «Fərd ağılsızdır, lakin növ müdrikdir». Con Keksin fikrincə, «ənənə mühafizəkarlar üçün fərdi və sosial olanı birləşdirən davamlılıq yaradır və əsaslandırılmış tənqidə qarşı davamlıdır». Ənənəvi mühafizəkarlıq, adətən, nəzəri zəka əvəzinə praktik zəkaya üstünlük verir.
Mühafizəkarlığın mücərrəd siyasi düşüncədən daha çox canlı ənənəyə əsaslandığı irəli sürülür. Siyasi publisist Edmund Foset və tarixçi Syao Qonqçin mühafizəkar düşüncədə iki istiqamətin olduğunu qeyd edirlər: məhdud islahatlara imkan verən, Edmund Börklə əlaqələndirilən çevik mühafizəkarlıq və daha çox irticaçı olan, Jozef de Mestrlə əlaqələndirilən sərt mühafizəkarlıq.
Çevik mühafizəkarlıq daxilində də bəzi şərhçilər fərqləndirmə apararaq mücərrəd nəzəri zəkanı şübhə altına alan «praqmatik mühafizəkarlığı» belə şübhə ilə yanaşmayan və müəyyən iyerarxiyanı kifayət hesab edən «rasional mühafizəkarlıq»dan ayırırlar.
Təbəqələşmə, orqanikizm və hakimiyyət Ənənəvi mühafizəkarlar insan cəmiyyətinin mahiyyət etibarilə iyerarxik olduğunu, yəni qarşılıqlı asılılıq yaradan bərabərsizliklər, dərəcələr və siniflərdən ibarət olduğunu düşünürlər. Onların fikrincə, bu xüsusiyyəti nəzərə alan siyasi quruluşlar daha ədalətli, firavan və ümumilikdə faydalıdır. Təbəqələşmə cəmiyyətin bir hissəsini digərlərinin hesabına qorumaq əvəzinə, bütöv icmanın qorunmasına imkan verir.
Orqanikizm də mühafizəkar düşüncənin xüsusiyyətlərindəndir. Edmund Börk cəmiyyəti orqanik baxımdan nəzərdən keçirirdi. Bu yanaşma liberal mütəfəkkirlərin inkişaf etdirdiyi daha mexaniki baxışdan fərqlənirdi. Mühafizəkar düşüncədə orqanikizmin iki əsas müddəası vardır:
Orqanik cəmiyyətin daxili elementlərini təsadüfi şəkildə yenidən qurmaq olmaz; bu, canlı orqanizmin hissələrini özbaşına dəyişdirməyə bənzəyir. Orqanik cəmiyyət siyasi nəzəriyyəçilərin hazırladığı yeni ideoloji layihəyə deyil, təbii ehtiyaclara və instinktlərə əsaslanır.
Ənənəvi hakimiyyət müxtəlif formalarda ifadə olunsa da, mühafizəkarlığın geniş yayılmış prinsiplərindən biridir. Aleksandr Kojev ənənəvi hakimiyyətin iki formasını fərqləndirmişdir: ata hakimiyyəti (atalar, keşişlər, monarxlar) və ağanın hakimiyyəti (aristokratlar, hərbi komandirlər). İstər ailə, istərsə də dinlə bağlı olsun, bu hakimiyyətə itaət bu gün də mühafizəkarlığın əsas prinsiplərindən biri olaraq qalır.
İnteqralizm və ilahi qanun İnteqralizm, əsasən katolik ideyası olsa da, daha geniş dini məna daşıyır və mümkün olduğu hallarda inancın və dini prinsiplərin dövlət qanunvericiliyinin və siyasətinin əsası olmalı olduğunu irəli sürür. Belə sistemin məqsədi dini hakimiyyəti siyasi hakimiyyətlə birləşdirməkdir. İnteqralist prinsiplər zaman-zaman ənənəçiliklə əlaqələndirilsə də, bu ideyalar əsasən Jozef de Mestrin əsərləri vasitəsilə geniş yayılmışdır.
Aqrarizm Kənd yerləri və onlarla əlaqələndirilən dəyərlər yüksək qiymətləndirilir; bəzən pastoral poeziyada olduğu kimi romantikləşdirilir də. Aqrar ideallar — məsələn, kiçik ailə təsərrüfatlarının, açıq torpaq sahələrinin və təbii ehtiyatların qorunması, eləcə də torpağa qayğı ilə yanaşılması — bəzi ənənəçilərin kənd həyatına dair təsəvvürlərində mühüm yer tutur. Lui de Bonald kənd təsərrüfatı ilə sənayenin müqayisəsinə həsr olunmuş qısa əsər yazmışdır.
Ailə quruluşu Düzgün ailə quruluşunun əhəmiyyəti mühafizəkarlıqda geniş yayılmış dəyərlərdən biridir. Ənənəvi əxlaq anlayışı çox vaxt familializm və ailə dəyərləri ilə birləşdirilir və ənənəçi düşüncədə cəmiyyətin təməli hesab olunur. Lui de Bonald 1802-ci ildə boşanma praktikasına qarşı çıxışını ifadə edən “Boşanma haqqında” adlı əsər yazmışdır. Bonald insan cəmiyyətinin üç əsas alt vahiddən ibarət olduğunu bildirirdi: dini cəmiyyət — kilsə, məişət cəmiyyəti — ailə və ictimai cəmiyyət — dövlət. O əlavə edirdi ki, ailə bu əsas kateqoriyalardan biri olduğuna görə boşanma sosial nizama qarşı hücum deməkdir.
Əxlaq Əxlaq, xüsusilə ənənəvi əxlaqi dəyərlər, ənənəvi mühafizəkarlığın mühüm istiqamətlərindən biridir və bu yanaşma Edmund Börkün dövrünə gedib çıxır. Börk hesab edirdi ki, insanın əxlaqi intuisiyasının təməlində həssaslıq anlayışı dayanır. Bundan əlavə, o, ilahi əxlaq qanununun həm insanı aşan, həm də insanın daxilində mövcud olan bir qüvvə olduğunu irəli sürürdü. Əxlaq məsələləri siyasi spektrin müxtəlif tərəflərində müzakirə olunsa da, mühafizəkarlıq saflıq anlayışına əsaslanan mühakimələrə yer verməsi ilə fərqlənir. Edmund Börkə aid edilən əxlaq anlayışı bəzi tədqiqatçılar tərəfindən “əxlaqi ənənəçilik” adlandırılır.
Kommunitarizm Kommunitarizm fərdin azadlıqlarından daha çox cəmiyyətin əhəmiyyətinə üstünlük verən ideologiyadır. Jozef de Mestr fərdiyyətçiliyə açıq şəkildə qarşı çıxır və Jan-Jak Russonun fərdiyyətçiliyini Fransa inqilabının dağıdıcı xarakterinin səbəblərindən biri hesab edirdi. Bəzi tədqiqatçılar kommunitar etikanın mühafizəkar hərəkatla əhəmiyyətli dərəcədə üst-üstə düşdüyünü iddia edə bilərlər, lakin bu iki anlayış fərqli olaraq qalır. Kommunitarlar öz arqumentlərini əsaslandırmaq üçün oxşar əxlaqi əsaslardan istifadə edə bilərlər, lakin onların liberalizmə qarşı çıxışı mühafizəkarların mövqeyindən daha məhduddur. Bundan əlavə, kommunitarların cəmiyyətə dair təklifləri sosial mühafizəkarların təkliflərindən daha məhdud əhatəyə malikdir. Bu termin adətən iki fərqli mənada işlədilir: liberal prinsipləri və atomistik nəzəriyyəni rədd edən fəlsəfi kommunitarizm və həmin cəmiyyətin üzvlərinin sosial xidmətlər almaq üzrə müsbət hüququna üstünlük verən sinkretik inanc olan ideoloji kommunitarizm. Kommunitarizm ekoloji mənada himayədarlıq anlayışı ilə də üst-üstə düşə bilər.
Sosial nizam Sosial nizam mühafizəkarlığın əsas prinsiplərindən biridir. Bu prinsip ailə və ya qanun vasitəsilə formalaşan sosial əlaqələrin qorunmasını nəzərdə tutur. Bu anlayış sosial birliklə də əlaqələndirilə bilər. Jozef de Mestr ictimai cəlladın sabitliyin qorunmasındakı zəruriliyini müdafiə edirdi. O, Sankt-Peterburq dialoqları əsərində yazırdı: “Bütün hakimiyyət, bütün tabeçilik cəlladın üzərində dayanır: o, insan birliyinin dəhşəti və bağlayıcı qüvvəsidir. Bu anlaşılmaz amili dünyadan çıxarın və elə həmin an nizam xaosa çevrilər, taxtlar devrilər, cəmiyyət isə yox olar”.
Sosial nizam anlayışı yalnız mühafizəkarlığa xas deyil, baxmayaraq ki, bu ideya mühafizəkar düşüncədə kifayət qədər geniş yayılmışdır. Həm Jan-Jak Russo, həm də Jozef de Mestr sosial nizamı dəstəkləyirdi. Onların fərqi onda idi ki, Mestr mövcud vəziyyətin qorunmasına, qanunların və hakimiyyətin bölünməzliyinə, kilsə ilə dövlətin sıx əlaqəsinə üstünlük verirdi. Russo isə ictimai müqaviləni, ondan imtina etmək və hökmdarı seçmək imkanını, eləcə də kilsə ilə dövlətin ayrılmasını müdafiə edirdi. Bundan əlavə, Russo “dövlət kultu”nu da tənqid edirdi.
Klassizm və yüksək mədəniyyət Ənənəçilər Qərb sivilizasiyasının klassik irsini müdafiə edir və Roma dünyasından başlayaraq Orta əsrlərdəki sxolastika və İntibah humanizmi dövründə inkişaf etdirilmiş mətnlərin öyrənilməsinə əsaslanan təhsilə yüksək qiymət verirlər. Eyni zamanda, ənənəçi mühafizəkarlar klassizm tərəfdarlarıdır və yüksək mədəniyyətin bütün təzahürlərinə — məsələn, ədəbiyyat, klassik musiqi, memarlıq, incəsənət və teatra — hörmətlə yanaşırlar.
Lokalizm Ənənəçilər lokalizmi öz vətəninə bağlılıq hissi kimi təsvir edilən əsas prinsip hesab edirlər. Bu yanaşma dövlətin və ya millətin rolunu yerli icmadan üstün tutan millətçilikdən fərqlənir. Ənənəçi mühafizəkarlar ailəyə, yerli icmaya və bölgəyə sədaqətin siyasi öhdəliklərdən çox vaxt daha vacib olduğuna inanırlar. Onlar həmçinin millətçi dövlətin maraqlarından daha çox icma daxilindəki yaxın münasibətlərə üstünlük verir və Börkün “kiçik dəstələr” adlandırdığı vətəndaş cəmiyyətini dəstəkləyirlər. Lakin bu, mühafizəkarların dövlət hakimiyyətinə qarşı olması demək deyil. Əksinə, onlar dövlətin ailə və kilsə kimi birliklərin inkişaf etməsinə və çiçəklənməsinə imkan yaratmasını və bunu təşviq etməsini üstün tuturlar.
Bəzi nəzəriyyəçilər isə millətçiliyin asanlıqla radikallaşa və şovinizmə gətirib çıxara biləcəyini bildirirlər. Şovinizm dövləti yerli icma və ailə quruluşunun məhsulu kimi deyil, onlardan ayrı bir qurum kimi nəzərdən keçirir.