Güllərlə natürmort (, həmçinin ) — Hans Memlinq tərəfindən təxminən 1485-ci ildə yaradılmış, Madriddəki Tissen-Bornemisa Milli Muzeyində saxlanılan rəsm əsəri. Taxta lövhə üzərində yağlı boya ilə çəkilmiş kompozisiyanın ölçüləri 29,2 × 22,5 sm-dir. Əsər muzeyin kolleksiyasında 284.b (1938.1.b) inventar nömrəsi ilə qeydə alınıb.
"Güllərlə natürmort" Qərbi Avropa rəssamlığında çiçək natürmortunun ən erkən nümunələrindən biri hesab olunur. Bununla belə, əsər ilkin olaraq müstəqil tablo kimi deyil, dua edən gənc kişinin portretinin arxa tərəfində yaradılmışdır. İkitərəfli lövhənin vaxtilə dini məzmunlu diptixə və ya triptixə aid olduğu ehtimal edilir. Əsərdə təsvir olunan çiçəklər və mayolika qabının üzərindəki monoqram Məryəm və İsa Məsihlə əlaqəli dini mənalar daşıyır.
Yaradılması və tarixləndirilməsi
Əsər Memlinqin yaradıcılığının yetkin dövrünə aid edilir. Rəssam XV əsrin ikinci yarısında Brüggedə fəaliyyət göstərmiş, dini təşkilatların, yerli varlı təbəqənin və şəhərdə yaşayan xarici tacirlərin sifarişlərini yerinə yetirmişdir. Onun əsərləri arasında dini kompozisiyalar və portretlər mühüm yer tutur.
"Güllərlə natürmort"un dəqiq yaranma tarixi məlum deyil. Sənətşünas Maks Fridlender 1937-ci ildə əsəri təxminən 1490-cı ilə aid etmişdir. Kolin Aysler 1989-cu ildə onun 1480-ci illərin ortalarında yaradıldığını irəli sürmüşdür. 1994-cü ildə Brüggedə keçirilmiş Memlinq sərgisinin kataloqunda isə yenidən 1490-cı il tarixləndirməsi qəbul olunmuşdur. Tissen-Bornemisa Milli Muzeyinin hazırkı kataloqunda təxminən 1485-ci il göstərilir.
Titia van Leuven də 1982-ci ildə nəşr olunmuş "Still-life in the Age of Rembrandt" sərgi kataloqunda əsəri təxminən 1490-cı ilə aid etmişdir.
İlkin təyinatı
Dua edən gəncin portreti 170px|thumb|left|Hans Memlinq - Dua edən gəncin porterti, 1485 - 1490-ci illər, Tissen-Bornemisa Muzeyinin kolleksiyası. "Güllərlə natürmort" əsəri bu tablonun arxa tərəfində çəkilmişdir. Natürmort ikitərəfli boyanmış taxta lövhənin arxa tərəfində yerləşir. Onun ön tərəfində əllərini dua vəziyyətində birləşdirərək sağa yönəlmiş gənc kişi təsvir olunub. Kişi açıq mənzərəyə baxan lociyada yerləşir. Kompozisiyanın memarlıq elementləri və mənzərə fonu portretin ilkin olaraq daha böyük rəsm əsərinin bir hissəsi olduğunu göstərir.
Əsərin ilkin görünüşünün rekonstruksiyasına əsasən, dua edən kişinin qarşısında Məryəm və körpə İsanın təsviri yerləşmiş ola bilərdi. Müvafiq kompozisiyanın digər hissələri günümüzədək müəyyən edilməmişdir.
Diptix və triptix fərziyyələri
İlkin kompozisiyanın forması sənətşünaslıqda müzakirə mövzusudur. Titia van Leuven 1982-ci il tədqiqatında lövhənin Məryəm və körpə İsanın təsvir edildiyi digər lövhə ilə birlikdə diptix təşkil etməsi ehtimalını qeyd etmişdir.
Tissen-Bornemisa Muzeyinin geniş kataloqunda isə triptix fərziyyəsinə üstünlük verilir. Bu yanaşma Memlinqin digər çoxpanelli əsərlərinin kompozisiyası ilə müqayisəyə əsaslanır. Rəssamın bəzi diptixlərində kişi sifarişçi sağda, Məryəm isə solda yerləşir. Madrid portretindəki kişinin sağa yönəlməsi həmin quruluşla uyğun gəlmir.
Memlinqin Villem Morel və Tommazo Portinarinin portretləri ilə əlaqəli triptixlərində isə kişi sifarişçi sol, qadın sifarişçi sağ qanadda yerləşir. Beləliklə, Madrid lövhəsinin də triptixin sol qanadına aid olması ehtimal edilir. Bu rekonstruksiyaya görə, mərkəzi lövhədə Məryəm və körpə İsa, sağ qanadda isə sifarişçinin həyat yoldaşı təsvir oluna bilərdi.
2010-cu ildə Uffitsi qalereyasında təşkil edilmiş sərginin rəsmi təqdimatında da triptix fərziyyəsi qeyd olunmuşdur. Bununla belə, itirilmiş digər lövhələrin müəyyən edilməməsi əsərin ilkin quruluşunu qəti şəkildə bərpa etməyə imkan vermir.
Sifarişçinin şəxsiyyəti
Portretdəki kişinin kimliyi məlum deyil. Geyimi və saç düzümünə əsaslanan bəzi tədqiqatçılar onun Brüggedə yaşayan italyan tacirlərindən biri ola biləcəyini irəli sürmüşlər. Digər müəlliflər isə ispan mənşəli sifarişçi ehtimalını qeyd etmişlər.
Bu ehtimallar Memlinqin italyan və ispan tacirləri üçün portretlər işləməsi ilə uyğun gəlir. Lakin təsvir olunan şəxsin konkret tarixi şəxsiyyətlə eyniləşdirilməsinə imkan verən qəti dəlil yoxdur.
Təsviri və kompozisiyası
Əsərdə klassik Muğan xalçası xalçasının üzərində yerləşdirilmiş mayolika qabında gül dəstəsi təsvir edilib. Kompozisiyada ağ zanbaqlar, süsənlər və akvilegiyalar seçilir. Qabın ön tərəfində İsa Məsihin monoqramı görünür. Çiçəklərin arxasında sadə memarlıq nişi yerləşir.
Güllər kompozisiyanın əsas təsvir mövzusudur. İnsan fiqurunun və geniş dini səhnənin olmaması natürmorta vizual müstəqillik verir. Lakin çiçəklərin simvolikası, qabın üzərindəki monoqram və təsvirin portretlə əlaqəsi onun dini məzmununu qoruyur.
İkonoqrafiyası
Çiçəklərin dini simvolikası
Natürmortda təsvir olunan çiçəklər XV əsr xristian rəssamlığında geniş istifadə edilmiş dini mənalar daşıyır.
Ağ zanbaqlar Məryəmin paklığını, məsumluğunu və iffətini simvolizə edir. Süsənlər Məryəmin Səmavi Kraliça mövqeyi ilə, həmçinin onun İsa Məsihin iztirabları zamanı çəkdiyi kədərlə əlaqələndirilir. Bu mənada süsənlər Məryəmin Mater Dolorosa obrazına da işarə edir. Akvilegiyalar isə Müqəddəs Ruhla əlaqələndirilir.
Tissen-Bornemisa Muzeyinin "A Walk among Flowers" tematik araşdırmasında akvilegiyaların çiçək formasının göyərçinə bənzəməsi onların Müqəddəs Ruhun rəmzi kimi qəbul olunması ilə əlaqələndirilir. Həmin nəşrdə çiçəklərin üçlü qruplar şəklində təsvir edilməsi Müqəddəs Üçlük anlayışı ilə izah olunur.
İsa Məsihin monoqramı
Mayolika qabının üzərindəki İsa Məsih monoqramı kompozisiyanın dini məzmununu birbaşa göstərən elementdir. Muzeyin ikonoqrafik şərhinə görə, faniliyə məhkum sadə maddi qabın içərisində gözəl və ətirli çiçəklərin yerləşdirilməsi maddi bədənlə saf ruh arasındakı münasibətin rəmzi kimi də izah olunur.
Portretin dini məzmunu ilə əlaqəsi
Titia van Leeuwen çiçəklərin Məryəmlə bağlı ənənəvi simvolikası ilə yanaşı, onların portretdəki kişinin atributları kimi başa düşülməli olduğunu da vurğulamışdır. Bu mövqeyini müəllif Sam Seqal, Gerhard Langemeyer və Pol Payperin tədqiqatlarına istinadla əsaslandırmışdır.
Beləliklə, natürmort yalnız Məryəmlə əlaqəli dini əlamətlərin məcmusu kimi deyil, dua edən sifarişçinin şəxsi dini sədaqətinin ifadəsi kimi də şərh edilə bilər.
Şərq xalçası 170px|thumb|right|Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna daxil olan klassik Muğan xalçasının XIX əsrə aid nümunəsi, Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası. Natürmortda mayolika qabının altında Şərq xalçası təsvir edilmişdir. Lövhənin ön tərəfindəki portretdə də Şərq xalçasına rast gəlinir. Tissen-Bornemisa Muzeyinin kataloqu hər iki təsviri tekstilşünaslıqda "Memlinq xalçaları" adı ilə tanınan ornament qrupuna aid edir.
Bu xalça qrupunun səciyyəvi xüsusiyyətlərindən biri klassik Muğan xalçası üçün xarakterik olan səkkizguşəli həndəsi fiqurlar daxilində yerləşən pilləli və qarmaqlı kənarlı rombvari medalyonlardır. Belə ornamentlər Avropa sənətşünaslığında"Memlinq gülləri" adı ilə tanınır.
Budapeşt Tətbiqi Sənətlər Muzeyində XV əsrə aid Anadolu xalçasının fraqmentləri saxlanılır. Muzeyin kataloqunda bu fraqmentlərin ornamentləri Memlinqin "Donne triptixi" və "Güllərlə natürmort" əsərlərində təsvir olunan xalçalarla müqayisə edilir. Fraqmentlər muzeyə 1917-ci ildə Emil Sigerusun kolleksiyasından daxil olmuşdur.
Perspektiv və optik proyeksiya mübahisəsi
Əsərin aşağı hissəsində təsvir edilmiş xalçanın perspektiv quruluşu rəssamların optik proyeksiya qurğularından istifadə edib-etməməsi haqqında mübahisələrə daxil olmuşdur.
Britaniyalı rəssam Devid Hokni xalçanın müxtəlif hissələrində müşahidə etdiyi perspektiv fərqlərini rəssamın optik qurğunu yenidən fokuslaması ilə izah etmişdir. Onun fərziyyəsinə görə, Memlinq xalçanın ön və arxa hissələrini ayrı-ayrı proyeksiyalar əsasında təsvir etmiş ola bilərdi.
Devid Q. Stork 2005-ci ildə "Leonardo" jurnalında dərc etdirdiyi araşdırmada xalça ornamentlərinin perspektivini həndəsi üsullarla təhlil etmişdir. O, əsərdə optik proyeksiya qurğusunun fokusunun dəyişdirilməsi ilə uyğun görünə biləcək perspektiv qırılması olduğunu qəbul etmiş, lakin başqa, daha əhəmiyyətli həndəsi uyğunsuzluqların həmin fərziyyə ilə izah edilmədiyini göstərmişdir.
Stork bu nəticələrə əsaslanaraq əsərin optik proyeksiyadan istifadə edilməklə yaradıldığı iddiasını qəbul etməmişdir. Beləliklə, xalçanın perspektivindəki fərqlər rəssamın optik qurğudan istifadə etdiyinin qəti sübutu hesab olunmur.
Natürmort tarixində yeri
XV əsrdə natürmort motivlərinin müstəqilləşməsi
Titia van Leuven "Güllərlə natürmort"u XV əsrdə Avropa rəssamlığında müxtəlif əşyaların və bitkilərin dini təsvirlərdən ayrılaraq vizual müstəqillik qazanması prosesi daxilində qiymətləndirmişdir.
Müəllif bu prosesin başqa nümunəsi kimi Roqir van der Veydenin təxminən 1450-ci ildə yaratdığı Brak triptixinin arxa tərəfindəki insan kəlləsi təsvirini göstərmişdir. Kəllə dini kompozisiyanın tərkibində qalmaqla yanaşı, ayrıca təsvir mövzusu kimi təqdim edilmişdi.
Oxşar inkişaf əlyazma miniatürlərində də müşahidə olunurdu. Van Leuven Burqundiyalı Məryəmin ustadına aid edilən və Nassau Engelbertinin dua kitabında yer alan miniatürləri buna nümunə göstərmişdir. Onun fikrincə, XV əsrin son rübündə müxtəlif natürmort elementləri həm rəssamlıqda, həm də əlyazma sənətində daha yüksək dərəcədə vizual müstəqillik qazanmağa başlamışdı.
Memlinqin əsəri bu prosesin erkən çiçək natürmortu nümunələrindən biri hesab edilir.
XVI–XVII əsr natürmortları ilə əlaqəsi
XVI əsrdə kiçik Lüdger tom Rinqin çiçək kompozisiyaları natürmortun ayrıca mövzu kimi inkişafında mühüm yer tutmuşdur. Sohee Kim 2009-cu il doktorluq dissertasiyasında Memlinqin əsərini XVI əsrin çiçək təsvirləri ilə müqayisə edərək dini və alleqorik mənaların sonrakı natürmortlarda da saxlanıldığını vurğulamışdır.
XVII əsrin əvvəllərində Niderland rəssamlığında çiçək natürmortu ayrıca janr kimi inkişaf etmişdir. Bu dövrün rəssamları arasında Yakob de Geyn, Böyük Yan Breygel, Ambrosius Bossart və Roland Saveri kimi sənətkarlar mühüm yer tutmuşdur.
Memlinqin əsəri həmin janrın tam formalaşmış nümunəsi deyil, çiçəklərin dini kompozisiya daxilində ayrıca təsvir mövzusuna çevrilməsinin erkən mərhələsini əks etdirir.
Provenansı
Əsərin ilkin sifarişçisi və erkən mülkiyyət tarixi müəyyən edilməmişdir. XIX əsrin böyük hissəsində ikitərəfli lövhə Böyük Britaniyada Hemilton hersoqlarının kolleksiyasında olmuşdur.
1906-cı ildə əsər Şotlandiyanın Arran adasındakı Brodik qəsrində Montroz hersoginyasının mülkiyyətində qeydə alınmışdır. 1938-ci ildə həmin kolleksiyadan Tissen-Bornemisa kolleksiyası üçün əldə edilmişdir.
1982-ci ildə nəşr olunmuş "Still-life in the Age of Rembrandt" kataloqunda əsərin saxlandığı yer Luqano, Tissen-Bornemisa kolleksiyası kimi göstərilmişdir. Hazırda əsər Madridin Tissen-Bornemisa Milli Muzeyinin kolleksiyasına daxildir.
Sərgi tarixi
2010-cu il iyunun 22-dən oktyabrın 10-dək ikitərəfli lövhə Florensiyadakı Uffitsi qalereyasında nümayiş etdirilmişdir. "Hans Memling. Portrait of a Young Man Praying from the Thyssen-Bornemisza National Museum" adlı sərginin kuratoru italyan sənətşünası Ancelo Tartuferi olmuşdur.
Sərgi Tissen-Bornemisa Muzeyi ilə Uffitsi qalereyasının qarşılıqlı əsər mübadiləsi çərçivəsində təşkil edilmişdir. Madrid muzeyindən Memlinqin portreti Florensiyaya gətirilmiş, Uffitsi kolleksiyasından isə Domeniko Girlandayonun "Maqların səcdəsi" əsəri Madridə göndərilmişdir.
Sərgi münasibətilə Uffitsi kolleksiyasında saxlanılan Memlinq əsərləri də bir araya gətirilmişdir. Sərginin rəsmi təqdimatında portretin itirilmiş triptixlə əlaqəsi və natürmortun dini simvolikası xüsusi vurğulanmışdır.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Tissen-Bornemisa Milli Muzeyinin kataloqu Uffitsi qalereyasının 2010-cu il sərgi arxivi
Kateqoriya:Hans Memlinqin rəsm əsərləri Kateqoriya:Natürmortlar Kateqoriya:Tissen-Bornemisa Milli Muzeyinin kolleksiyası Kateqoriya:1485-ci ilin rəsm əsərləri