Osman ibn Əffan (; 574, Məkkə – 656, Mədinə) — Məhəmmədin səhabəsi, yeznəsi və 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi.
Həyatı Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əffan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərvə bint Küreyz Məhəmmədin bibisi Ümmü Hakim Bəyza bint Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Məhəmmədin nəsəbi ilə birləşir. O, Məhəmməddən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Məhəmmədin yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu. Əmisi Həkəm ibn Əbül-As onu bağlayıb, dinindən dönənə qədər azad etməyəcəyini dedikdə ona şiddətlə qarşı çıxdı. Qərarlı olduğunu görüb əl-qolunu açmaq məcburiyyətində qalan əmisindən sonra anası da çox çalışdı, lakin onu dinindən döndərə bilmədi. Osman qısa bir müddət sonra Məhəmmədin qızı Ruqəyyə ilə evləndi. İslamın beşinci ilində (615) xanımı ilə birlikdə ilk karvanda yer alaraq Həbəşistana hicrət etdi. Həbəşistanda doğulan və hicrətin dördüncü ilində (625) vəfat edən oğlu Abdullah səbəbilə ona Əbu Abdullah künyəsi verildi. Bir il sonra Həbəşistandan Məkkəyə qayıtdı və ardınca da Mədinəyə hicrət etdi.
624-cü ildə (hicrətin ikinci ili) Ruqəyyənin vəfatından sonra Məhəmmədin digər qızı Ümmü Gülsüm ilə evlənmişdir. İslami mənbələrə görə bu evlilikdən sonra ona Zün-Nureyn yəni, "İki nur sahibi" ləqəbi verilmişdir. Həyat yoldaşı Ruqiyyənin xəstələnməsi ilə əlaqədar olaraq hicrətin ikinci ilində baş verən Bədr döyüşündə iştirak etməsə də, digər döyüşlərdə iştirak etmişdir.Şahlar Şərifov, "İslam tarixi", Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2013. s. 83.
İlk iki xəlifə dövründəki fəaliyyətləri Məhəmmədin vəhy katiblərindən olan Osman, Əbu Bəkrin xəlifəlik etdiyi dövrdə də onun katibi olmuş və müşavir vəzifəsini icra etmişdir. Onun Ömər ibn Xəttabı xəlifə təyin etməsi xüsusunda müsbət rəy ortaya qoymuşdur. Ömər ibn Xəttabın məsləhətçiləri arasında yer almışdır. Onun Suriya səfərinə çıxmasına və Misirin ələ keçirilməsinə icazə verməsinə müxalifət etdiyi halda, ələ keçirilən ərazilərin ələkeçirənlər arasında bölünməyərək fey olaraq sahiblərində qalması fikrini dəstəkləmişdi.İsmail Yiğit, Osman, İslam Ansiklopedisi, İstanbul, 2007, c.33, s. 438.
Xəlifə seçilməsi Məhəmmədin vəfatından sonra Xülafəyi-Raşidin olaraq adlandırılan dövr bir çox cəhətdən önəm daşımaqdadır. Hər nə qədər dörd xəlifənin öz dövrlərindəki hadisələr ayrı-ayrı dəyərləndirildiyi zaman hər biri fərqli cəhətlərdən önə çıxsa da, Osmanın xəlifəlik dövrü bunların içərisində ayrı bir önəmə sahibdir. Çünki bi dövrdə baş verən hadisələr və bu hadisələr nəticəsində Osmanın öldürülməsi İslam cəmiyyətinin formalaşmasında nisbətən daha təsirli olmuş və hətta bəzi sahələrdəki təsirləri günümüzə qədər gəlib çatmışdır. Bu baxımdan bu dövrdə baş verən hadisələrlə əlaqədar mənbələrin diqqətlə araşdırılması həm bu dövrün, həm də İslam tarixinin sonrakı mərhələlərinin daha yaxşı anlaşılmasını həyata keçirəcəkdir.Dç. Dr. Mehmet Azimli, Dört Halifeyi Farklı Okumak-3: Hz. Osman, Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, Ankara Okulu Yayınları, Ankara, 2013, s. 151.
İslamın ikinci xəlifəsi olan Ömər ibn Xəttab 644-cü ildə Mədinə şəhərində sui-qəsdə məruz qaldı. Xəlifə ağır vəziyyətdə yaralanmışdı və uzun müddət həyatda qalması mümkün görünmürdü. Bu səbəbdən də Mədinə xalqından bir qrup insan ona müraciət edərək özündən sonra xəlifə təyin etməsi xüsusunda istəklərini "Ey möminlərin əmiri! Kaş ki, özündən sonra xəlifə təyin etmiş olsaydın" deyə dilə gətirdilər. Belə bir təklifin qarşılığını yerinə yetirmək Ömər üçün çox çətin bir seçim idi. Hər nə qədər Əbu Bəkrin xəlifə seçilməsində aktiv rol oynamış olsa da, bu məsələ əvvəlki ilə qiyas edilməyəcək qədər çətin idi. "Belə məlum olur ki, xəlifə öz dövründə baş verən hadisələrdən və sosial durumun dəyişməsindən yola çıxaraq cəmiyyətin artıq əvvəlki kimi rahat şəkildə idarə edilə bilməyəcəyini anlamış, özündən sonra xəlifə olacaq insanın daha çətin şərtlər altında vəzifəni icra edəcəyini hiss etmiş, bu səbəbdən də hər hansısa bir kəsi təyin etməkdən, daha doğrusu bu işin məsuliyyətini tək başına boynuna götürməkdən yayınmışdır.Yrd. Doç. Dr. Mehmet Dalkılıç, Osman bin Affanın halife seçilmesi ve seçim şurasının tarafsızlığı, Muş Alparslan Üniversitesi Sosyal Bilimler Dergisi, Muş, 2014, c.2, s. 11.
Ömər ibn Xəttab Məscidi-Nəbəvidə ağır vəziyyətdə yaralandığı zaman əmisi oğlu və bacanağı Səid ibn Zeyd istisna olmaqla altı nəfəri (Osman, Əli, Əbdürrəhman ibn Əvf, Səd ibn Əbu Vəqqas, Təlhə ibn Übeydullah, Zübeyr ibn Əvvam) üç gün içində aralarından bir nəfəri xəlifə seçməli oldular. Ömər ibn Xəttabın vəfatından əvvəl başlayan, lakin onun ikinci əmrilə ölümündən sonraya təxirə salınan toplantı Təlhə ibn Übeydullahın Mədinə xaricində olması səbəbilə beş nəfərlə başladı. Müzakirələrin əvvəlində Əbdürrəhman ibn Əvf, aralarından bir nəfərin xəlifəlik haqqından çəkilərək ən çox istənilən şəxsi xəlifə seçmək üzrə hakimlik etməsi təklifini irəli sürdü. Digər namizədlərin qəbul etmədiyi bu vəzifəni özü yerinə yetirdi və onların təsdiq etməsilə işə başladı. Şura üzvlərinin hər birilə uzun-uzun görüşlər keçirdi. Bundan başqa Mədinədə olan mühacir və ənsardan yüksək mənsəbə sahib olanları, həcc ziyarəti dönüşü ora baş çəkən valilər, komandirlər və şəhər kənarından gələn qəbilə rəislərilə görüşdü. Üç gün davam edən bu görüşlərin ardınca dördüncü gün sübh namazından sonra qərarını açıqlamaq üçün xalqı Məscidi-Nəbəvidə topladı. İlk növbədə Əli ibn Əbu Talibi, ardınca isə Osman ibn Əffanı çağıraraq ikisindən də Qurana və Məhəmmədin sünnəsinə tabe olacaqlarına, eləcə də ilk iki xəlifənin siyasətini davam etdirəcəklərinə dair təminat istədi. Əlinin "gücümün və elmimin yetdiyi qədər" şəklində cavab verməsinə qarşılıq olaraq Osmanın tərəddüdsüz cavabından sonra Osman ibn Əffanı xəlifə elan etdiyini açıqlayaraq ona beyət etdi. Daha sonra Əli və məsciddə olan digər insanlar da beyət etdilər.İsmail Yiğit, Osman, İslam Ansiklopedisi, İstanbul, 2007, c.33, s. 439.
Dörd xəlifənin seçilmə modellərindən ən maraqlısı üçüncü xəlifənin seçilməsi prosesidir. Osmanın seçilməsi zamanı tam olaraq məsləhət şurasının təyin edildiyinin şahidi oluruq. Bu şura üç gün ərzində məsləhətləşdikdən sonra üçüncü xəlifəni seçdi. Ömər ibn Xəttab bütün ümmətin dəstəklədiyi ədaləti ilə şöhrət tapmışdı. O, fikirləri ümumi olaraq qəbul olunan bəsirətli bir insan idi. O sui-qəsdə məruz qaldıqda, xalqın öz yerinə xəlifə təyin etməsini istəməsindən, onun təyin edəcəyi xəlifə namizədini təsdiqləyəcəyindən anlaya bilərik. Əgər belə bir şeyi edərək yerinə başqa birini təyin etsəydi, cəmiyyət tərəfindən qəbul ediləcəkdi. Onsuzda onun xəlifə namizədi olaraq təklif etdiyi altı nəfərə də etiraz edilməmişdi, lakin edəcəyi ən xırda bir xətanın, çox böyük yanlışlıqlara səbəb olacağını, nümunə ola biləcəyini bildiyinə görə təyinetmə məsələsində çox diqqətli hərəkət etdi və bu mövzuda: "Yerimə xəlifə təyin etməzsəm ki, məndən xeyirlisi – Hz. Məhəmməd – təyin etmədi, təyin edərsəm ki, məndən xeyirlisi – Əbu Bəkr – təyin etdi" – deyərək bu iki üsula da yaxın durmadı və tamamilə yeni bir üsul ortaya qoydu. Ömər əshabın: "öz yerinə oğlunu təyin et" təklifini qətiyyətlə qəbul etmədi. Beləcə xilafətin səltənətə çevrilməsinə əngəl oldu. Cəmiyyət oğlunu qəbul etsə də, Ömər ibn Xəttab, bunun səltənətə çevriləcəyindən narahat olaraq oğlunun xəlifə olmasına mane oldu. Cəmiyyətin dəstəyini almış altı nəfərin adlarını sayaraq xəlifənin bunların arasından seçilməsini irəli sürdü. Bunlar Əbdürrəhman ibn Əvf, Əli ibn Əbu Talib, Osman ibn Əffan, Təlhə ibn Ubeydullah, Zübeyr ibn Əvvam, Səd ibn Əbu Vəqqas idi. Bunlar Məhəmmədin onlardan razı olaraq öldüyü şəxslər idi. Ömər bu şəxsləri seçmə səbəbi olaraq: "Hz. Peyğəmbərlə döyüşməyənləri seçdim" şəklində açıqlamışdı. Bu seçim önəmli idi. Ömər ictimai vəziyyəti düşünərək bu altı nəfəri müəyyənləşdirmişdi. Bu mövqeyindən ötrü cəmiyyət tərəfindən heç bir narazılıq görmədi. Cəmiyyətin narazı olmaması qorxduqlarına görə deyil, bu şəxslərə razı olduqlarına görə idi.Dç. Dr. Mehmet Azimli, Hulefa-i Raşidin dönemi halife seçimleri, Ankara, Dinbilimleri Akademik Araştırma Dergisi, 2007, s. 52–54.
Osmanın bu tərzdə xəlifə seçilməsi o günə qədər görünməyən bir hadisə idi. Bildiyiniz kimi, bəni Saidə eyvanı altında (mühacir və ənsar) Əbu Bəkri xəlifə seçdi, Öməri isə Əbu Bəkr məktub yazaraq xəlifə təyin etmişdir. Belə yazırlar ki, Osman Əbu Bəkrin yazdığı məktubu müsəlmanların toplandığı yerə aparıb dedi ki, bu məktubda adı yazılmış Ömərlə beyət edəcəksiniz və onlar da qəbul etdilər, lakin altı nəfərdən ibarət şura bir növ vəkalət xarakteri daşıyırdı. Bu şura hər hansı bir nəfəri seçməli, müsəlman icması da naçar onu qəbul etməliydi. Osmanın xəlifə seçilməsi də bir dəstə səhabələrin (mühacirlərin) arasında yalnız altı nəfərin rəyi ilə həyata keçdi. Görəsən niyə belə etdilər? Öz düşüncələrinə əsasən müsəlmanların xeyrini bunda görürdülər. Mərkəzi hökumətə xələl gəlməsin deyə xilafət məsələsi tezliklə həll edilməli idi, lakin əgər xəlifə şura vasitəsilə təyin olunmalı idisə, görəsən şura üzvlərinin sayını niyə artırmadılar? Görəsən nəyə görə ənsardan bu məclisdə bir nəfər də olsun belə iştirak etməyirdi? Məgər Əbu Bəkr deməmişdi ki, ənsar vəzirdi? Xatırlamaq lazımdır ki, tarix boyu belə oxşar suallar ortaya çıxmış və bu barədə çoxlu sayda kəlami mübahisələr doğurmuşdur və bəziləri də bunlara cavab vermişlər. Bir şeyi unutmaq olmaz ki, bəzi kiçik məsləhətli fikirlər bir tərəfdən müsəlmanların xeyrinə olsa belə, digər cəhətdən böyük problemlər üzə çıxarırdı. Qeyd etmək lazımdır ki, bu problemlər ölçülüb-biçilmədən, tələsik atılan addımların nəticəsi idi. Hər halda belə bir addımın sonluğu bu nəticəni verməli idi.Dr. Cəfər Şəhidi, "İslam tarixi və təhlillər", Bakı, 2006, s. 105.
Səhabələrin Ömər ibn Xəttaba təqdim etdiyi digər təklif isə oğlu Abdullahı öz yerinə xəlifə olaraq təyin etməsi idi, lakin heç vaxt belə bir şeyi düşünmədiyini bildirən xəlifə, bu təklifə qarşı çıxdı və əgər müsəlmanların xəlifəsi olmaq xeyirlidirsə öz ailəsindən bir nəfərin bu vəzifəni yerinə yetirdiyini, əgər xeyirli deyilsə bir ailədən bir nəfərin qurban olmasının o ailə üçün kifayət etdiyini açıqladı. Eləcə də, bu vəzifədən günahsız bir şəkildə xilas ola bilərsə, bundan ötrü Allaha şükür edəcəyini də bildirdi.Halil İbrahim Hançabay, Hz. Osmanın Halife Seçilmesi, Ekev Akademi dergisi, 2018, sayı 58, s. 378.