Sam mirzə Şah İsmayıl oğlu Səfəvi () — Şah I İsmayılın üçüncü oğlu olan Səfəvi şahzadəsi və şair. O, Tohfa-ye Sami ("Samın Töhfəsi") adlı əsəri ilə məşhurdur. Bu əsərdə Sam Mirzə özünün müasiri olan şair bioqrafiyalarını yazmışdır.

Sam Mirzə hələ azyaşlı ilən Herat hakimi təyin edilmişdir. Azyaşlı şahzadələrin hakimliyə təyin edilməsi Səfəvi imperiyasında geniş yayılmış bir təcrübə idi. Belə təyinatlarda əsas məqsəd onların Qızılbaş əmirlərinin rəhbərliyi altında dövlət idarəetməsində təcrübə qazanmaları idi. Herat hakimliyi zamanı o, şəhərdə bir zamanlar güclü olan və Teymuri hakimiyyətinin mirası olan mədəni nümunələrin təsirinə düşmüşdür. Eyni zamanda onun bu hakimliyi dövrü Qızılbaş əmirlərinin siyasi mübarizələri ilə əhatələnməyi ilə də əlamətdardır.

1534-cü ildə Moğollar tərəfindən idarə edilən Qəndəhar şəhərinə ciddi uğursuzluqla nəticələnən hücumdan və bunun ardınca Buxara xanlığından olan özbəklərin Heratı ələ keçirməsindən sonra Sam Mirzənin siyasi karyerası demək olar ki sonlandı. Onun özünün böyük qardaşı və şahı I Təhmasibdən bu uğursuzluqlar üçün üzr istəməsinə baxmayaraq, heç bir nəticə əldə edilmədi. Siyasi məsələlərdən kənarlaşdırılmasına baxmayaraq, o, hələ də sarayda nüfuzlu şəxslərdən biri idi və bütün bu dövr ərzində özünün əsəri olan Tohfa-ye Samini yazmaqla məşğuldu. Bu əsər onun farsdilli ədəbiyyatla dərin əlaqəsinin, müxtəlif sosial siniflər və yerlər arasında şeiriyyatın yerini göstərmə istəyindən qaynaqlanmışdır. Onun divanı olsa da, sadəcə bir neçə beyti günümüzə qədər gəlib çıxmışdır.

1561/1562-ci ildə o, siyasi qəsddə ittiham edilərək Qəhqəhə qalasına salınmış və 1566/1567-ci ildə meydana gələn zəlzələ zamanı vəfat etmişdir. Özündən sonra sadəcə bir qızı sağ qalmış və İsa xan Gürcü ilə evlənmişdir.

Erkən həyatı Sam Mirzə 1517-ci ilin 8 sentyabr tarixində İran İraqında dünyaya gəlmişdir. O, Səfəvi sülaləsinin banisi olan I İsmayılın (1501–1524) üçüncü oğludur. Andrew Newmanın iddiasına görə Sam Mirzənin anası gürcü əsilli idi. Theodore Samuel Beers Newmanın bu iddianı səsləndirərkən hansısa qaynağa istinad etmədiyini bildirir və özünün də Sam Mirzənin anasının mənşəyinə qaynaqlarda rast gəlmədiyini əlavə edir. O, Samın anasının Şah İsmayılın kənizlərindən biri olduğunu və hansısa Qızılbaş tayfalarından biri olmadığını güman etdiyini qeyd edir. Beers əlavə edir ki, bu Şah İsmayılın sevimli arvadı olan Taclı Bəyim Mosulludan dünyaya gələn Təhmasib və Bəhram Mirzələrdən fərqli vəziyyət idi. Beers buna əsaslanaraq bildirir ki, Bəhram və Təhmasib doğma qardaş ikən, Əlqas və Sam da qeyri-qızılbaş anadan doğulmuş doğma qardaş idilər. Elə buna görə də, Bəhram Təhmasibin şahlığı dövründə həyatının sonuna qədər yüksək səviyyədə qalsa da, Əlqasın üsyanından sonra Sam Mirzə nüfuzdan düşmüşdü. Hətta Bəhramın oğlu olan İbrahim Mirzə Cahi belə Təhmasibin hakimiyyəti dövründə yüksək nüfuza malik olmağa davam etmiş, onun qızlarından biri ilə evlənmiş, mərkəzi sarayla münaqişəni dəf edərək qeyri-adi hesab ediləcək uzun zaman ərzində Məşhəd hakimi olmağı bacarmışdı.

Bu qadının eyni zamand I İsmayılın bir digər oğlu olan Əlqas Mirzənin də anası olduğu güman edilir. Digər qardaşlar olan I Təhmasib (1524–1576) və Bəhram Mirzənin anaları isə bir başqa qadın idi. Sam Mirzənin adı Şahnamədə Mənüçöhrün sarayında əsas fiqurlardan biri olan, eləcə də Rüstəmin əcdadı olan Samın adından götürülmüşdür. Müəllimi isə məşhur alim və şair Abdullah Morvaridin oğlu Məhəmməd Moden olmuşdur.

Fəaliyyəti

Siyasi fəaliyyəti

Herat hakimliyi I Təhmasib, Bəhram Mirzə kimi şəxslərdə olduğu kimi Sam Mirzənin də incəsənət və ədəbiyyatla maraqlanması və öz bədii zövqünü formalaşdırması, yəqin ki, məhz Herat hakimliyi dövrünə təsadüf etmişdir. Sam Mirzənin Heratdakı idarəçiliyi əvvəlcə 1521–1526-cı illərdə Durmuş xan Şamlı, ardınca 1526–1530-cu illərdə Hüseyn xan Şamlı tərəfindən lələ nəzarəti altında həyata keçirilmiş, 1530–1533-cü illərdə isə o, qısa müddətlik Bəhram Mirzə və onun lələsi Qazi xan Təkəli tərəfindən əvəz olunmuşdur. 1533–1536-cı illərdə isə Sam Mirzə yenidən Herat hakimi təyin edilmiş və bu dəfə onun lələsi Ağzivar xan Şamlı olmuşdur. Sam Mirzənin hər üç lələsi Şamlı tayfasına mənsub idi. Heratdakı fəaliyyəti dövründə Sam Mirzə, Teymurilər hökmdarı Sultan Hüseyn Bayqaranın (1469–1506) hakimiyyəti zamanı formalaşmış fars mədəniyyətinin qalıqlarını müşahidə etmiş və öz lələlərinin güc mübarizəsinə cəlb olunmuşdur. Rəvayətə görə, Hüseyn xan Şamlı onu I Təhmasibə qarşı taxta namizəd kimi dəstəkləmişdir.

Hökmdar sülaləsinin şahzadələrinin dövlət idarəçiliyi sahəsində erkən yaşlarından təlim-tərbiyə alması ənənəsi I İsmayıl və onun böyük oğlu, eyni zamanda da varisi I Təhmasib dövründə də davam etdirilmişdir. Onlar bunu şahzadələrə vilayətlərin hakimliyini tapşırmaqla və onların üzərinə təcrübəli Qızılbaş əmirlərindən biri olan bir lələnin (tərbiyəçinin) nəzarətini qoymaqla həyata keçirirdilər. Qızılbaşlar türk tayfalarından olan döyüşçülər idilər və Səfəvi ordusunun əsas hərbi qüvvəsini təşkil edirdilər. thumb|left|Sam Mirza (kneeling) receiving a Qizilbash turban from his brother and suzerain Shah Tahmasp I, dated . 1521-ci ildə Şah İsmayıl tərəfindən Herat vilayətinin (müasir Əfqanıstan ərazisində) hakimliyi İbrahim Sultan xan Mosullunun yerinə təyin edilən Sam Mirzəyə verilmişdi. Bu zaman Sam Mirzənin təxminən 4 yaşı var idi və Herat hakimliyinə Durmuş xan Şamlının lələyi ilə təyinat almışdı. Beers Sam Mirzəyə qədər Herat hakimliyində Təhmasib Mirzənin olduğunu və onun lələliyinin də Əmir xan Mosulluda olduğunu bildirir. Sam Mirzənin təyinatından sonra onlar saraya geri çağırılmış, Əmir xanın rütbəsi aşağı salınmış və Div Sultan Şamlı vəliəhd-şahzadə Təhmasibin lələsi təyin edilmişdir.

1524-cü ildə Şah İsmayılın vəfat etməsindən sonra Təhmasib Mirzə şah oldu. Bundan sonra da Səfəvilərin mərkəzi hökuməti Heratdakı vəziyyəti dəyişmə ehtiyacı hiss etmirdilər. Beləliklə, Durmuş xan və Sam Mirzə öz hakimliklərini davam etdirir və zaman-zaman yaşanan özbək hücumları ilə məşğul olurdular. Herat şəhərinin istehkamlarının gücləndirilməsinə xüsusi diqqət ayıran Durmuş xan Şamlı 1526-cı ildə təbii səbəblərdən vəfat etdi və onun yerinə Sam Mirzənin yeni lələsi olaraq onun qardaşı Hüseyn xan Şamlı təyin edildi. Bununla da Sam Mirzə daha çox Şamlı tayfası ilə assosiasiya edilməyə başladı və 1520-ci illərin sonu-1530-cu illərin əvvəllərində Hüseyn xan Şamlının qızı ilə evləndi.

Sam Mirzənin şahzadəliyinin ən önəmli hadisələrindən biri 1528-ci ilin sentyabr ayında baş verdi. Beləki, Təhmasibin rəhbərliyi altında Səfəvilər ordusu Xorasana tez-tez olan özbək hücumlarının qarşısını almaq üçün yürüşə başladılar. Sam Mirzə və qardaşı Əlqas Mirzə də bu yürüşə qatılmışdılar. Baş vermiş Cəm döyüşü nəticəsində qızılbaşlar parlaq qələbə qazandılar. Sam Mirzə döyüşdən sonra yenidən Herat hakimi olaraq təyin edildi və Hüseyn xan Şamlı onun lələsi olaraq qalmağa davam etdi. Lakin bu qələbədən sonra qızılbaş ordusu Xorasanda uzun müddət qala bilmədi. Beləki Bağdadın hakimi Təhmasibə qarşı üsyan başlatdı və onun Osmanlı vassallığını qəbul edəcəyi barədə şayiələr dolanmağa başladı. Buna görə də, Təhmasib bütün ordusu ilə Bağdada yollanaraq şəhəri geri aldı. Bu zaman isə özbək Ubeydullah xan 1529-cu ildə Heratı mühasirəyə aldı. Sam Mirzə və Hüseyn xan Şamlı şəhərin mühasirəsini qıra bilmədikdən sonra onu tərk etdilər.

Heratın itirilməsindən sonra hadisələrin gedişatı qəribə xüsusiyyət almağa başladı. Beləki Sam Mirzə və Hüseyn xan Şamlı sağ qalanlarla birlikdə Təhmasibin yanına getmək əvəzinə Moğol bölgəsi yaxınlığında yerləşən Sistana yönəldilər. Hüseyn xan burada Səfəvi hakimiyyətini bərpa etmə adı altında Şamlı qızılbaşları ilə birlikdə müxtəlif qalalara hücumlar təşkil etməkdə idilər. Martin B Dickson Xorasan şamlılarının bu addımlarını Hüsyen xan ilə Təbrizdə ən güclü qızılbaş olan Çuxa Sultan Təkəli ilə olan düşmənliyi ilə əlaqələndirir. Beləki Hüseyn xan Təhmasibin ən əsas məsləhətçisi halına gəlmiş Çuxa Sultanın Heratın itirilməsindən istifadə edərək onun və tayfasının çöküşünə səbəb ola biləcəyindən qorxurdu. Buna görə də, mərkəzə qayıtmasını mümkün olduğu qədər gecikdirməyə çalışırdı.

Ənənəvi olduğu kimi Təhmasib ordusu ilə birlikdə Herata gəldi və qısamüddətli toqquşmadan sonra şəhəri geri aldı. Bu zaman Sam Mirzə və Xorasan şamlıları cənubda yağmalamalarla məşğul idilər. Buna görə də Herata hakim təyin etmək lazım idi. Təhmasib bu vəzifəyə özünün ən kiçik qardaşı olan Bəhram Mirzəni seçdi. Bəhram Mirzənin lələsi olaraq isə Çuxa Sultan ilə eyni Təkəli tayfasından olan Qazi xan Təkəli təyin edildi. Hüseyn xan isə tayfasından olan qızılbaşlarla birlikdə nəhayət 1531-ci ildə İsfahanda yaylaqda olan şah ordusu düşərgəsinə qatıldı. Elə həmin ilin iyununda Şamlı və Təkəli tayfası arasında olan düşmənçilik toqquşmaya keçdi. Şamlılar Təkəli tayfasına hücum etdilər. Hücum zamanı Çuxa Sultan öldürüldü. Lakin Hüseyn xan və Şamlı tayfasından olanlarda Şiraz istiqamətində qaçmağa məcbur oldular. Digər tayfaların rəhbərləri isə vəziyyəti tamamilə dəyişdirmək üçün uyğun məqamın yetişdiyini hiss etdilər. Beləliklə, Təkəli tayfasına qarşı ümumi bir qırğın başladıldı. Bir müddət sonra Şamlı tayfası yenidən saraya dəvət edildilər və Hüseyn xan Şamlı I Təhmasibin ən güclü əmirinə çevrildi. 1531-ci ildə baş vermiş bu hadisə çox zaman "Təkəli fəlakəti" adlandırılmaqdadır.