"O olmasın, bu olsun" (), həmçinin "Məşədi İbad" (; əsərin baş qəhrəmanının adından) — Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyov tərəfindən 1910-cu ildə yazılmış dörd pərdəli (məclis) musiqili komediya (operetta). Bu, Hacıbəyovun operetta janrında yazdığı ikinci əsəridir.
Əsərdə müflisləşən və mənəviyyatca düşkünləşən zadəganlığın xəsisliyi, pulu gücünə fanatik inamı ilə seçilən varlı tacir zümrəsi ilə ittifaqa girmək cəhdi təsvir olunmuşdur. İnsanın mənəvi azadlığı və ləyaqəti uğrunda mübarizə aparan, pulun hökmranlığı və sosial-məişət qayda-qanunları ilə barışmayan yeni nəslin nümayəndələri köhnə cəmiyyətə qarşı qoyulmuşdur. Buradakı mənfi qəhrəmanlar arasında puluna görə yüksək təbəqələrin hörmət bəslədiyi Məşədi İbad əsas obrazdır.
Əsərdə musiqi mühüm dramaturji rol oynayıb, hadisələrin gedişatına fəal yardım göstərir, qəhrəmanların xarakteristikasını dərinləşdirir. Məşədi İbad obrazının musiqi partiyası ənənəvi xalq mahnı-rəqs havalarına əsaslanan orijinal parodiya üzərində qurulmuşdur. "Uzundərə" lirik xalq rəqsinin bir qədər dəyişdirilən melodiyasından istifadə olunmuş və Məşədi İbadın ilkin xarakteristikasını verən "Mən nə qədər qoca olsam da" mahnısı bu yöndəmsiz, çirkin tacirin ifasında ifrat mübaliğəli səslənir. Əsərin sonuncu səhnəsində təkrarlanan bu mahnı Məşədi İbadın mənəvi məğlubiyyətini göstərir. Qalan mənfi obrazlar kütləvi musiqi surəti — səhnədə cərəyan edən hadisələrə təbii surətdə qoşulan xor parçaları ilə səciyyələndirilir. Üzeyir Hacıbəyov bu əsərdə ilk dəfə olaraq, lirik obrazların fərdi aləmini əks etdirən mahnı-ariya xarakterli melodiyalar yaratmışdır. Müsbət obrazlar, həm də Füzulinin qəzəllərindən istifadə olunan duetlərdə səcciyələndirilir.
"O olmasın, bu olsun" musiqili komediyası zəngin səhnə həyatına malik bir əsərdir. Operetta bir neçə dəfə redaktə olunaraq səhnələşdirilmişdir. Musiqili komediya ilk dəfə 25 aprel 1911-ci ildə Mayılov qardaşları teatrında (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında) səhnəyə qoyulmuşdur. Əsər, həmçinin, bir çox dillərə tərcümə olunaraq, müxtəlif teatrların səhnəsində Cənubi Qafqaz şəhərlərində, Türkiyədə, Bolqarıstanda, Yəməndə və başqa yerlərdə tamaşaya qoyulmuşdur. Musiqili komediya əsasında 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyası tərəfindən eyniadlı film çəkilmişdir.
Əsərin baş qəhrəmanlarından olan Sərvər və Gülnazın dərin, səmimi hisslərini açıqlayan zərif, xəyalpərəst musiqi partiyaları "Arşın mal alan" operettasının və "Koroğlu" operasının ariya üslubuna yol açmışdır. Hacıbəyov bu musiqili komediyasında ilk dəfə olaraq, qəhrəmanlarının əhvali-ruhiyyəsini deyil, xarakterini təcəssüm etdirmək yolu ilə gedərək, musiqi obrazlarının fərdiləşdirilməsinə nail olmuşdur. Komediyanın ayrı-ayrı parçaları geniş şöhrət qazanmış və müxtəqil əsərlər kimi ifa olunur. "O olmasın, bu olsun" və Hacıbəyovun yazdığı üçüncü operettası olan "Arşın mal alan" Azərbaycan Respublikasının milli klassikləri hesab edilir.
Tarixi "O olmasın, bu olsun" 1910-cu ildə Üzeyir bəy Hacıbəyov tərəfindən yazılmışdır. Bu, bəstəkarın musiqili komediya janrında yazdığı ikinci əsəridir. İlkin olaraq, əsər üç pərdəli idi. Hamam səhnəsi 1915-ci ilə yazılmış və əsərə əlavə edilmişdir. Beləliklə, əsər dörd pərdəli olmuşdur. Hacıbəyov əsərin musiqisini bəstələyərkən Azərbaycan xalq musiqisindən — muğamdan, sözlərini yazarkən isə orta əsr Azərbaycan şairi Füzulinin qəzəllərindən istifadə etmişdir. Əsərin adı ilk dəfə "Kaspi" qəzetinin 7 aprel 1911-ci il tarixli buraxılışında sadalanmışdır. Qəzetdə yazılmışdır ki, əsərin "musiqisi xalq mahnılarından, eləcə də bir neçə orijinal nömrədən ibarətdir".
left|thumb|Operettanın müəllifi — Üzeyir Hacıbəyov. 1913-cü il.
"O olmasın, bu olsun" musiqili komediyasının premyerası 25 aprel 1911-ci il tarixində, Bakı şəhərində yerləşən Mayılov qardaşları teatrında (indiki Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı) gerçəkləşmişdir. Teatr tamaşasının aktyor heyəti bunlardan ibarət idi: Məşədi İbad — Mirzəağa Əli oğlu Əliyev, Sərvər — Hüseynqulu Məlik oğlu Sarabski, Rüstəm bəyin qızı Gülnaz — Əhməd Bəşir oğlu Ağdamski, Həsən bəy — Məmməd Hənəfi Həsən oğlu Terequlov. Teatr tamaşasının dirijoru musiqili komediyanın müəllifi Üzeyir Hacıbəyovun özü idi. Komediyanın librettosu ilk dəfə 1912-ci ildə Bakı şəhərində, Orucov Qardaşları Mətbəə Nəşriyyatında çap olunmuşdur.
"O olmasın, bu olsun" musiqili komediyası 1912-ci ildə Şuşa şəhərində həkim və pedaqoq olan Azad bəy Abbas oğlu Əmirovun təşkilatçılığıyla səhnələşdirilmişdir. Əmirov həmçinin, əsərin baş qəhrəmanı olan Məşədi İbad rolunu canlandırmışdır. Hacıbəyov öz memuarında qeyd edir ki, Əmirov rolunu mükəmməlcəsinə canlandırırdı. Yelizavetpol şəhərində müsəlman qadınların istəyi ilə 1913-cü ildə "O olmasın, bu olsun" operettasının üçüncü nümayişi keçirilməli idi, amma əhalinin bəzi nümayəndələrinin təzyiqi səbəbindən sənətçilər bu tamaşanı səhnələşdirməkdən imtina etməyə məcbur olmuşdular.
Növbəti illərdə, tamaşada çoxlu aktyorlar və müğənnilər rol almışdır. Onlar arasında Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı (Məşədi İbad), Lüftəli Əmir oğlu Abdullayev (hambal), Nəsibə Cahangir qızı Zeynalova (Sənəm), Lütfiyar Müslüm oğlu İmanov (Sərvər, Rza bəy), Hacıbaba Ağarza oğlu Bağırov (Məşədi İbad) və başqaları var. Musiqili komediyanın bir neçə səhnələşdirilmiş versiyaları var. Əsər müxtəlif dillərə tərcümə edilmişdir. Operetta Rusiyanın, Türkiyənin, Yəmənin, İranın və başqa ölkələrin müxtəlif şəhərlərində səhnələşdirilmişir. Nümunə olaraq, musiqili komediya 1966-cı ildə Bolqarıstanda türk ölkələri teatr festivalı zamanı səhnələşdirilmişdir.
"O olmasın, bu olsun" musiqili komediyası 2010-cu ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən LVIII Fəcr Beynəlxalq Festivalında Azərbaycan Dövlət Akademik Musiqili Komediya Teatrının aktyorlarının aktyor işi və Azərbaycan Respublikasının xalq artisti Cənnət Əlibəyovna Səlimovanın dirijorluğu ilə iki gün səhnələşdirilmişdir.
Musiqili komediya iki dəfə ekranlaşdırılmışdır.
Personajlar thumb|330px|right|Teatr tamaşasının proqramı. 1911-ci il. Bakı.
Rüstəm bəy — 45 yaşında, borclu düşmüş bir bəy — bariton. Gülnaz — 15 yaşında, Rüstəm bəyin qızı ki, Sərvərə aşiqdir — soprano. Sərvər — 25 yaşında bir studentdir ki, Gülnaza aşiqdir — tenor. Sənəm — 30 yaşında, qulluqçu, dul arvad — metso-soprano. Məşədi İbad — 50 yaşında dövlətli bir tacirdir ki, Gülnazı almaq istəyir. Həsənqulu bəy — 40 yaşlı milliyətçi. Rüstəm bəyin aşnaları. Həsənqulu bəy — 40 yaşında, millətpərəst — bariton.. Rza bəy — 40 yaşında, qəzetçi — tenor. Həsən bəy — 40 yaşında, intelligent — tenor. Əsgər bəy — 30 yaşında, qoçu — bas. Hambal — qulluqçu. Məşədi Qəzənfər — hamamçı. Usta Məhərrəm — dəllək. Kərbəlai Nəsir — bazar əhli. Hamam xidmətçiləri Qoçular və s.
Libretto
Birinci pərdə 250px|thumb|Tamaşadan bir səhnə. Sənəm və Gülnaz Sərvəri gizlədir. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı. Rejissor — Abbas Mirzə Əbdülrəsul oğlu Şərifzadə. 1928-ci il. Bakı.
Birinci pərdə Rüstəm bəyin evində vaqe olur. Yaxşı döşənmiş bir otaqdır. İçində stol, kürsü və kreslolar dəxi vardır. Pərdə qalxdıqda bütün iştirak edənlər cərkə ilə durub "Nə sözdür kim, deyir məxluq" xorunu oxuyurlar. Pərdə enir. Hamı dağılır. Sərvər ilə Gülnaz qalırlar. Tarda "Segah" çalınır, pərdə qalxır. Sərvər Gülnaza Füzulinin qəzəlini oxuyur. O, daha sonra Gülnaza bildirir ki, onun atası onu qoca tacir Məşədi İbadla evləndirmək istəyir. Daha sonra evə gələn Rüstəm bəy qızına bu xəbəri çatdırır. Öz atasının sözündən çıxmamağa vadar edilən Gülnaz, bunu qəbul edir.
Məşədi İbad gəlir, "Mən nə qədər, nə qədər qoca olsam da" mahnısını oxuyur. Daha sonra Rüstəm bəy Məşədi İbadla "Gəl, xanım, gəl yanıma" duetini oxumağa başlayır. Musiqi çalınır, ikisi də oynayır. Axırda, o, qızı Gülnazın qiymətini deyir və Məşədi İbad ona pulu ödəyir. Daha sonra Gülnaz ilə Sənəm daxil olur. Onlar və Məşədi İbad arasındakı söhbət hazırcavab frazalar və yumoristik situasiyalarla müşayiət olunur. Onların üçü də "Hüsn bağında gəzəsən" mahnısını oxuyur. Qızlar otağı tərk edir. Rüstəm bəy daxil olur və Məşədi İbaddan xahiş edir ki, qalsın, çünki tezliklə qonaqlar gələcək və evdə şadyanalıq təşkil olunacaq. Qapı açılır. Həsənqulu bəy, Rza, Əsgər, Həsən və xor daxil olurlar. Sonra səhnənin ortasında üç-üç, durub, guya söhbət edir kimi "Deyirlər ki, toy olacaq" mahnısını oxuyurlar, Məşədi İbadı təbrik edirlər. Bu əsnada nökərlər daxil olub, stol qururlar və üzərinə butulka, stakan və "zakuska" düzürlər. Sonra Məşədi İbaddan başqa hamı masada oturur və yemək yeməyə başlayır. İçkili Qoçu Əsgər Məşədi İbadın sağlığına badə qaldırır və tost edir. Bu əsnada Qoçu Əsgər və Həsən bəy Məşədi İbadı ələ salır. Həsən bəy Məşədi İbada meymun deyir. Məşədi İbad qəzəblənir və hamı dalaşır. Bu əsnada onlar "A gedə, ayıbdır sizə bu rəftar, rəftar" mahnısını oxuyurlar. Birinci pərdə sona çatır.
İkinci pərdə thumb|left|Tamaşadan bir səhnə. Məşədi İbad hambalın üzərində. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı. Rejissor — Abbas Mirzə Əbdülrəsul oğlu Şərifzadə. 1928-ci il. Bakı.