Afiyəddin Cəlil oğlu Cəlilov () — Azərbaycan dövlət və siyasi xadimi. Bir sıra yüksək dövlət vəzifələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri (1990–1991), Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini (1992–1994), Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmışdır.

Həyatı thumb|Bakıda Afiyəddin Cəlilovun xatirə lövhəsi

Erkən illəri Afiyəddin Cəlilov 1946-cı il yanvarın 8-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Leninqrad Dağ-Mədən İnstitutunu və 1981-ci ildə Moskvada İKP MK yanında İctimai EA-nı bitirmişdir.

1969–1973-cü illərdə Naxçıvan duz mədənlərində mühəndis-mexanik işləmişdir. Sonralar 1973–1979-cu illərdə məsul komsomol, partiya və dövlət işində çalışmış, Naxçıvan Vilayət Komsomol Komitəsinin 1-ci katibi və Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi işləmişdir. O, 1979–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı işləmişdir. 1981–1989-cu illərdə Azərbaycan KP Nəsimi Rayon Komitəsinin birinci katibi işləmişdir.

İctimai-siyasi fəaliyyəti Afiyəddin Cəlilov 1989–1990-ci illərdə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Partiya Komitəsinin birinci katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Prezidentinin müşaviri olmuşdur. O, Naxçıvanda işlədiyi dövrdə Ermənistanın təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan MR-in iqtisadi-sosial problemlərinin həlli, muxtar respublikada vətəndaş həmrəyliyinin yaranması və sabitliyinin qorunub saxlanması sahəsində önəmli fəaliyyət göstərmişdi.

Parlamentdə Afiyəddin Cəlilov 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuş, ölkənin dövlət müstəqilliyinin möhkəmləndirilməsində və onun daxili və xarici siyasətinin formalaşmasında fəal iştirak etmişdir. 1994-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının vitse-prezidenti seçilmişdi. O, Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinin (bir neçə çağırış), Naxçıvan MR Ali Məclisinin deputatı olmuşdur.

Bişkek protokolu Afiyəddin Cəlilov 1994-cü il mayın 5-də Bişkekdə Bişkek protokolunun imzalanmasına Azərbaycan hakimiyyətindən göndərilmişdi. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə "DQR parlamentinin spikeri" kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi.

Təklif olunan protokolun imzalanmasında rəsmi Bakıya məlumat verilmişdi ki, atəşkəsin imzalanması yalnız Azərbaycanla Ermənistan arasında olacaq. O zaman Rusiyanı bu prosesdə təmsil edən ATƏT-in Minsk Qrupunun həmsədri Vladimir Kazimirov imzalanmaya çıxardığı protokola qondarma "Dağlıq Qarabağ Respublikası"nın adını da əlavə etmişdir. Bunu gördükdən sonra Afiyəddin Cəlilov Bişkekdən birbaşa Heydər Əliyevə zəng vurub vəziyyət haqqında məlumat verdi. Heydər Əliyev də onun gecə geri dönməsini əmr etdi. Həmin gün Afiyəddin Cəlilov da protokolu imzalamadan Azərbaycana geri qayıtdı.

Sui-qəsd thumb|Bakıda Afiyəddin Cəlilovun məzarı O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Afiyəddin Cəlilovun qətli ilə bağlı bu günədək müxtəlif versiyalar səsləndirilir.

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Ərin fikrincə, Afiyəddin Cəlilovun ölümünün əsas səbəbi Azərbaycanın altı rayonunun ermənilərə verilməsinin sirrini bilməsi idi.

İrsi Naxçıvan şəhərində 12 saylı orta məktəb onun adını daşıyır.

Bakının mərkəzində, həmçinin Şəkidə və Ucarda bir küçə onun adını daşıyır.

Ədəbiyyatda İsa Nəcəfovun 2002-ci ildə nəşr olunmuş povesti Gecə yarısı qətl Afiyəddin Cəlilov ilə Şəmsi Rəhimovun qətlinə və 1994, 1995-ci il hadisələrinə həsr olunmuşdur.Gecə yarısı qətl : povest / İ. Nəcəfov. — Bakı : Nağıl evi, 2002. — 533 s. ; 15x20 sm. — 1500 экз. — ISBN 9952-21-003-5 : Б. ц.

Təltif və mükafatları 2 "Şərəf nişanı" ordeni və medallarla təltif olunmuşdur.

Həmçinin bax Şəmsi Rəhimov Rövşən Cavadov Məhəmməd Əsədov

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Nəsimi Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibləri Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Naxçıvan MSSR Nazirlər Sovetinin sədrləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Qətl qurbanları Kateqoriya:Azərbaycan LKGİ Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədrləri