Yevsey Yakovleviç Gindes (; ) — həkim-pediatr, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq səhiyyə naziri, Əmək Qəhrəmanı (1938), Azərbaycan SSR əməkdar elm xadimi (1928), Azərbaycan SSR əməkdar həkimi (1940).

Həyatı Kiyev Universitetinin tibb fakültəsini bitirmiş (1897), Kiyevdə professor Çernovun uşaq klinikasında ordinator (1897–1905), Aleksandr xəstəxanasının yoluxucu xəstəliklər uşaq klinik şöbəsinin müdiri (1902–1905) işləmişdir.

1905-ci ildə Bakıya köçmüş, neft sənayeçiləri qurultayı şurasının Qara şəhərdəki xəstəxanasının uşaq şöbəsinin müdiri (1905–1914), 1914-cü ildən isə uşaq xəstəxanasının direktoru və baş həkimi olmuşdur. Gindes uşaq sümük vərəmi evinin – Zuğulbadakı sanatoriyasının təşkilatçısı və baş həkimi olmuşdur (1913–1930).

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin 3-cü Hökumət kabinəsində xalq səhiyyə naziri işləmişdir.

O, slavyan-rus cəmiyyətinin üzvü idi. Sovet hakimiyyəti illərində Gindes Bayıldakı uşaq xəstəxanasının təşkilatçısı və baş həkimi olmuş (1932–45), 1941-ci ildə dissertasiya müdafiə etmədən tibb elmləri doktoru, professor təsdiq edilmişdir. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda uşaq xəstəlikləri kafedrasının professoru (1945–1952) olmuşdur. Qafqazda ilk uşaq məsləhətxanası, süd məhsulları ("Süd damcısı") mətbəxi (fəhlə rayonları olan Bayılda və Sabunçuda filialı var idi) təşkil etmişdir.

O, Bakıda ilk dəfə məktəb şagirdləri üçün uşaq-yay düşərgələri təşkil etmiş (1906), fəhlə uşaqları üçün körpələr evi açmışdır. Bakıda Gindesi "Uşaq allahı" adlandırırdılar. 150-dən artıq əsərin müəllifidir. Gindesə Azərbaycanın əməkdar həkimi adı verilmişdir.

Xarici keçidlər Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə. I cild. Bakı: Lider, 2004

Həmçinin bax Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası

İstinadlar

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin nazirləri Kateqoriya:Yəhudi həkimlər Kateqoriya:Azərbaycanın səhiyyə nazirləri Kateqoriya:Ukraynadan Azərbaycana mühacirət edənlər Kateqoriya:Əmək qəhrəmanları Kateqoriya:Ukrayna yəhudiləri Kateqoriya:Rusiya imperiyası yəhudiləri Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:Rusiya imperiyası həkimləri