Çərkəzlər (Adıqlar) — Şimali Qafqaz dil ailəsinə bağlı xalq. Tarixi Bir vaxt onlar Qafqazın ən çoxsaylı xalqlarından və rus işğalına qarşı mətanətlə sinə gərərək bu yolda on minlərlə şəhid verən, bölgədə Rusiya ilə bərabərhüquqlu dövlət quran və ona öz şərtlərini diktə etdirən, 1739-cu ildə isə onu özünün dövlət müstəqilliyini tanımağa məcbur edən qəhrəman və olduqca döyüşkən xalqlardan biri hesab edilirdilər. Qafqaz tarixində Rusiyanın işğalçılıq siyasətinə qarşı çeçenlər istisna olmaqla, onlar qədər qızğın müqavimət göstərən ikinci bir xalq yoxdur. Söhbət Qafqazın ən qədim xalqlarından biri hesab edilən çərkəzlərdən gedir. Çərkəzlər Şimali Qafqaz dil ailəsinə mənsub olan abxaz-adıq budağının kabardin-çərkəz dialektində danışırlar.

Qafqazın digər xalqları kimi, çərkəzlər də XVIII əsrdən başlayaraq öz həyatlarının ən ağır dövrlərini yaşamalı oldular. Buna da səbəb Rusiyanın işğalçılıq siyasəti idi. Rusiyanın çərkəzlər yaşayan əraziləri ələ keçirərək Qara dəniz sahillərinə çıxış yolu axtarması rus zülmünə dözməyən çərkəzlərin özlərinə yaxın hesab etdikləri Anadoluya köç prosesinin əsasını qoydu. 1828-ci ildə çərkəzlərin (adıqların) ana yurdu olan Anapanın ruslar tərəfindən işğalından sonra orada yaşayan əhalinin bir hissəsinin Anadoluya köçü başladı. Həmin dövrdə Türkiyənin Qara dəniz sahillərində 370 adıq (çərkəz) ailəsindən ibarət ilk yaşayış məskəni əmələ gəldi. Amma artıq Anadoluya çərkəz köçünün qabağı açılmışdı. Çünki çərkəzlər rus işğalı altında yaşamaqdansa, islamda olduğu kimi, mühacirət etməyi daha məqsədəuyğun hesab edirdilər. thumb|300px|Qriqori Qaqarin.1839–1840-cı illərdə çərkəz məşvərəti.

1847-ci ilin fevral ayında Kemquy xanlarından olan Kaplan-Qirey 1619 nəfərlə birlikdə İstanbula köçdü. Bu arada, yəni Krım savaşı öncəsi Çərkəzistanın Rusiya üçün xüsusi, strateji önəm daşıdığı ortaya çıxmışdı. Üstəlik Şeyx Şamilin həmin dövrdə rus işğalına qarşı möhkəm müqavimət göstərməsi də Rusiyanı idarə edənlərin bölgədəki çərkəz varlığından narahat olmalarını daha da artırmışdı. Krım müharibəsi (1853–1856-cı illər) zamanı ruslar ağır duruma düşmələrinə baxmayaraq çərkəzlər yaşayan bölgələrdəki hərbi hissələrini qorxudan savaşa göndərməmişdilər. Ona görə də rus çarı bölgədə yaşayan adıqları, abazları, noqay və Krım tatarlarını yox etmək, onları digər ölkələrə, o cümlədən Anadoluya köçməyə məcbur etmək barədə planlar hazırlamışdılar.Бларамберг Й. Историческое, топографическое, статистическое и этнографическое описание Кавказа.- Нальчик: Эль-Фа, 1999. — С.114.-115. Bu məqsədlə 1860-cı ildə rus çarı general Mixail Tarieloviç Loris-Melikovu İstanbula göndərdi. Onun səyləri nəticəsində Osmanlı Şimali Qafqazdan çərkəzlərin və digər müsəlman əhalinin Anadoluya köç etməsinə razılıq verdi və bu məqsədlə xüsusi köç komissiyaları quruldu. Bunun ardınca 1860–1861-ci illərdə 10 min nəfər Kabarda (çərkəz) və müsəlman osetin Osmanlı dövlətinə köç etdi. Rus məmurları və hərbçiləri müsəlman çərkəz və osetinlərin Anadoluya köçlərini sürətləndirmək məqsədilə zorla onların torpaqlarını əllərindən alır, ya da zor işə keçməyəndə yerli bəylərə külli miqdarda rüşvət verirdilər. Öz növbəsində, çərkəzlərin və müsəlman osetinlərin Anadoluya köçü həmin dövrdə bölgədəki 22 min nəfər çeçenin də yaşadığı yerləri tərk edərək Anadoluya üz tutmasına gətirib çıxardı. Bundan sonra Qafqazın hər yerindən Anadoluya ardı-arası kəsilməyən və illərlə davam edən köç prosesinin əsası qoyuldu. Bölgəni tərk edənlərə Dağıstanda yaşayan xalqlar, o cümlədən abxazlar və qaraçaylılar da qoşuldular.

Buna baxmayaraq, həmin dövrdə çərkəzlər rus işğalına qarşı möhkəm müqavimət göstərməkdə davam edirdilər. Xüsusilə, Qara dəniz sahillərində və onun şərqində yaşayan çərkəz topluluqları (Abadzeh, Naturay, Şapsuq, Hakuç, Vıbıh (ubıx), Aibqa, Ahçipsov, Ciqet, Pshu) ruslara boyun əymək və işğal altında yaşamaq niyyətində deyildilər və onlar qarşı tərəflə savaşmaqda davam edirdilər. Amma qeyd edək ki, artıq 1859-cu ildə adıq (çərkəz) feodal topluluqlarının bir hissəsi (Bjeduğ, Kemquy, Mahoş, Yeqerukay, Kuban, Kabarda, Beslen) rus işğalı ilə barışmışdılar. Bu da rus qoşunlarının qərbə doğru irəliləyərək Şhaquaqe (Byelaya) çayının sahillərinə qədər gəlib çatmasına imkan vermişdi.

Rus çarı və onun ətrafındakılar o vaxt çərkəzlərin bir hissəsini pulla ələ almaq niyyətində idilər. Buna razı olmayanları isə ya Rusiyanın daxillərinə, ya da Anadoluya köçməyə məcbur etmək üçün bütün imkanlardan istifadə edirdilər. Hələ 1857-ci ildə Rusiyanın Qafqaz ordusu baş qərargahının komandanı, general Milyutin adıqların müqavimətini qırmaq üçün onların bir hissəsinin Don çayı hövzəsinə köçürülməsi barədə xüsusi plan hazırlayaraq çara təqdim etmişdi. Lakin o vaxt bunun bölgədə ruslara qarşı yeni savaşa səbəb ola biləcəyindən narahat olan çar Milyutinin planını qəbul etməkdən çəkindi. Bundan sonra rus ordusunun digər generalı Filipson Qara dəniz sahillərində yaşayan çərkəzlərə Osmanlı ilə sərbəst ticarət əlaqəsi verilməsini və bu yolla onların rəğbətinin qazanılması planını irəli sürdü. 1861-ci ildə çarın xüsusi fərmanı ilə köləlik ləğv edildi. Bundan sonra artıq təhkimçilik zülmündən xilas olan kəndlilərə əkin üçün yeni torpaqlar verilməsi zərurəti ortaya çıxdı. Rus çarı kəndliləri məhz çərkəzlər yaşayan Qara dəniz sahillərinə köçürmək istəyirdi. Bu müstəvidə çar məmurları tərəfindən çərkəzlərə təzyiqlər artdı. Həmin dövrdə Qara dəniz sahillərində yaşayan Vıbıh (ubıx) və ciqetlər ( abazin) Osmanlı ilə əsasən kölə ticarətini həyata keçirirdilər. Gözəl kölə qızları Osmanlı tacirlərinə satan Vıbıh və ciqetlər bundan xeyli varlanmışdılar. Bu baxımdan vıbıhlar və ciqetlər bölgənin rus işğalı altına keçməsinə qarşı müqavimət göstərirdilər. 1861-ci ildə Qafqaz ordu komandanı, general Baryatinski vaxtilə Milyutin tərəfindən irəli sürülən çərkəzlərin Osmanlıya köçürülməsi planını yenidən işlədi. O, plana çərkəzlərin boşalan yerinə təhkimçilik zülmündən xilas olan rus kəndlilərinin və kazakların köçürülməsini də əlavə edərək yenidən çara təqdim etdi. Qeyd edək ki, 1855-ci ildə müəyyən səbəblər üzündən Osmanlı tərəfindən çərkəz kölə ticarəti qadağan edilmişdi. Amma 1861-ci ildə Osmanlı dövləti "Çərkəz kölə ticarətinin pis vəziyyətdə olmadığı"nı nəzərə alaraq, bu qadağanı aradan qaldırdı.Dosent İsmail Parlatır, Tanzimat ədəbiyyatında Köləlilik, Ankara 1987, səh.18–19. Bu da çərkəz kölə sahibləri tərəfindən böyük sevinclə qarşılandı. Bu arada isə rusların çərkəzləri köçürmək niyyətini anlayan adıq topluluqları (Abadzeh, Şapsuq, və Vıbıh) fəlakətin qarşısını almaq və buna qarşı lazımi tədbirlər görmək məqsədilə 1861-ci ilin iyun ayında Soçi (Şaçe, Şıaçe) yaxınlığında Çərkəz Xalq Məclisini çağırdılar. Məclisdə 15 nəfərdən ibarət Məclis Şurası ( İdarəetmə) quruldu. Yeni qurum 1 milyondan artıq adıq topluluqlarını təmsil edirdi. thumb|300px|Çərkəz qızı 1861-ci ilin sentyabr ayında Çar II Aleksandr bölgədəki Kamketi istehkamına səfər etdi. Bundan istifadə edən çərkəz nümayəndələri Çar II Aleksandr ilə görüşdülər. Onlar çara öz yerlərindən köçürülməmək şərti ilə onlarla uzlaşa biləcəklərini bildirdilər. Vıbıhlar bu istəklərini hətta yazılı şəkildə çara təqdim etdilər. Amma Çar II Aleksandr onlara: "Ya Türkiyəyə köç edin, ya da Kuban çayı ətrafında sizə ayrılacaq yerlərə. Son qərarınızı da 1 ay ərzində general Kont Yevdokimova təqdim edin",-deyə çərkəzlərin köçürülməsi planının bütün hallarda həyata keçiriləcəyini nümayiş etdirdi. Amma çərkəzlərin köçürülməsi nəzərdə tutulanKuban çayı ətrafı ərazilər başdan-ayağa bataqlıqlar və xəstəliklər mərkəzi idi. Bura çərkəzlərin köçürülməsi isə onların böyük hissəsinin xəstəlikdən məhv olunması demək olacaqdı. Çarın bu qərarını yalnızKuban çayına yaxın ərazilərdə yaşayan abadzehlər qəbul etdilər. Qara dəniz sahillərində yaşayan şapsuqlar, vıbıhlar isə çarın istəyini qəbul etmədilər. Vıbıhlar öz təsirləri altında olan abazalar və şapsuqları öz ətraflarında birləşdirərək çarın köçürmə siyasətinə qarşı yeni cəbhə açdılar.L. L. Lavrov, Vıbıhlar haqqında etnoqrafilk bir araşdırma. Kafkasya Gərçəği Dərgisi, Samsun, 1992, sayı 8, səh. 46–59. Dosent İsmail Parlatır, Tanzimat ədəbiyyatında köləlik, Ankara 1987, səh.18–19. V. T. Polovinkina, Çerkesiya, Könül yaram. Ankara, 2007, səh. 252–253

Çərkəzlərin çarın köç qərarını qəbul etmədiyini görən rus hökuməti 1862-ci il, may ayının 10-da "Çərkəzlərin Rusiyanın xaricinə köçürülməsinə razılıq verilməsi barədə" qərar qəbul etdi. Qeyd edək ki, Krım savaşının (1853–1856-cı illər) nəticəsi olaraq 1856-cı ildə imzalanan "Paris anlaşması"na görə, Rusiya Qara dənizdə hərbi donanma saxlaya bilməzdi. Ona görə də adıçəkilən planı həyata keçirmək məqsədilə rus ordusu Qara dəniz sahillərindəki çərkəzləri mühasirəyə alaraq onları bir neçə yerə parçaladılar və aralarında hərbi istehkamlar qurdular. Bu da onların bir-birindən təcrid olunmasına və tədricən yaşadıqları yeri tərk etməsinə yol açdı. 1862-ci ildə qar əriyən kimi ruslar çərkəzlər üzərinə hücum edərək mühasirəyə aldıqları kəndləri yerlə yeksan etməyə başladılar. Çərkəzlərin birdəfəlik müqavimətini qırmaq və bu problemi həmişəlik aradan qaldırmaq üçün Rusiya çarı bölgəyə 300 min nəfər əsgər göndərmişdi.

Rus işğalı nəticəsində bəzi adıq topluluqları yer üzündən tamamilə silindilər. Məsələn, vıbıhların sayı 1880-ci ildə 100 min nəfərdən 80 minə qədər azaldı. Ciqetlər, aibqalar, ahçipsovlar və pshular isə ( sayları birlikdə 17 min nəfər idi) yer üzündən silindilər. Abadzehlərin sayı 1864-cü ildə 260 min nəfərdən 1880-ci ildə 14660, natuhaylar 240 min nəfərdən 175 minə, şapsuqlar 300 min nəfərdən 4983 nəfərə qədər azaldı. Kuban ətrafında yaşayan kemquyların isə sayı 80 min nəfərdən 3140 nəfərə, bijeduqların sayı isə 60 min nəfərdən 15263 nəfərə qədər azaldı.