Əbu Huzeyfə Vasil ibn Əta əl-Qəzzal əl-Bəsri (; ) — Ərəb ruhanisi, Mötəzilə məzhəbinin banisi. Hüseyn ibn Əlinin nəvəsi Zeyd ibn Əli onun tələbələrindən olmuşdur.
Həyatı Vasil ibn Əta Mədinədə anadan olmuşdur. O, Əbül-Cəd künyəsi ilə də tanınırdı. Mənbələrdə onun Bənu Dabbə, Bənu Məxzum və ya Bənu Haşimin mövlası (azad edilmiş kölələrindən olan) bir ailədən gəldiyi qeyd edilir. Bənu Haşimə nisbət edilməsindən onun Məhəmməd ibn Hənəfiyyənin mövlası olduğu məlum olur. "Qəzzal" (; ) ləqəbi ilə məşhurlaşmasının səbəbi isə sədəqə və yardımlarını verə biləcəyi kasıb qadınları tapmaq üçün tez-tez Suqul-Qəzzalə (; ) getməsi idi.
"Bəsri" nisbəsi onun bir müddət Bəsrədə yaşadığını göstərir. Həyatı haqqında geniş məlumat olmayan Vasil ibn Ətanın uşaqlıq və gənclik illərinin böyük hissəsini Mədinədə keçirdiyi ehtimal olunur. Bu dövrdə o, Məhəmməd ibn Hənəfiyyənin oğlu Əbu Haşim Abdullahdan üsul elmini öyrəndi. Lakin imamət və bəzi digər məsələlərdə müəlliminə müxalif mövqe tutdu. Daha sonra Bəsrəyə gedərək Həsən əl-Bəsrinin dərs məclisinə qatıldı və onun seçilən tələbələrindən biri oldu.
Əksər sünni mənbələrində bildirilir ki, Vasil ibn Əta böyük günah sahibinin (; mürtəkibül-kəbirə) hökmü barədə Həsən əl-Bəsridən fərqli fikir irəli sürdüyünə görə onun dərs məclisindən ayrıldı. Həsən əl-Bəsrinin "Vasil bizdən ayrıldı" deməsindən sonra bu qrupa "Mötəzilə" (; ) adı verildi. Bəzi mənbələr bu hadisədə Vasil ibn Əta əvəzinə Əmr ibn Ubeydi qeyd etsələr də, alimlər bunu doğru hesab etməmişlər. Bu hadisədən sonra Vasil müəlliminin dərs dediyi məscidin başqa bir guşəsində öz dərs halqasını yaratdı və Mötəzilə məzhəbinin ilk əsası bu şəkildə qoyuldu.
Vasil ibn Ətanın həyatının ilk illərində kölə olduğu məlumdur. Lakin sonradan azad edilib-edilmədiyi barədə mənbələrdə hər hansı məlumat yoxdur. Bununla belə, Bəsrədəki həyat tərzi onun sonralar azadlığına qovuşduğunu göstərir. Xüsusilə yoxsullara yardım edə biləcək və müxtəlif yerlərə göndərdiyi şəxslərin xərclərini ödəyəcək qədər var-dövlət sahibi olması bunu təsdiqləyir. O, Bəsrədə Əmr ibn Ubeydin bacısı ilə evləndi. Mənbələrdə qeyd olunur ki, Vasil ibn Əta Əmr ibn Ubeydlə tanış olduğu dövrdə Bəsrədə parça ticarəti ilə məşğul olurdu.
Mənbələrə görə, Vasil ibn Əta 748-ci ildə Bəsrədə vəfat etmişdir. Yalnız İbn Xəllikan onun vəfat tarixini hicri 180 (796) kimi göstərir. Bu tarix doğru olsaydı, Vasil Abbasilər dövrünün bir hissəsini də yaşamış olardı. Lakin bu ehtimalın doğruluğu təsdiqlənməmişdir. Onun qəbrinin harada olduğu da məlum deyil. Digər tərəfdən, Mübərrəd fərqli bir məlumat verərək bildirir ki, Vasili onu dinsiz (; mülhid) hesab edən xəlifə Mehdi-Billah öldürtmüşdür.
Şəxsiyyəti və görüşləri
Şəxsiyyəti Vasil ibn Əta yüksək zəkaya malik idi. Çox danışmağı sevmədiyi üçün onu lal hesab edənlər də var idi. "R" hərfini tələffüz edə bilmədiyindən, çıxışlarında bu hərfi işlətməməyə xüsusi diqqət yetirirdi. İraq valisi Abdullah ibn Ömər ibn Əbdüləzizin hüzurunda Bəsrə xətibləri arasında keçirilən bir natiqlik yarışında, bədahətən söylədiyi və heç bir "r" hərfi işlətmədiyi xütbənin ən gözəl xütbə olduğu bildirilir. Bu qabiliyyətinə görə ona "Xətibül-Mötəzilə" (; ) deyirdilər.
Vasil zahid və ibadətə bağlı bir şəxsiyyət idi. Həyat yoldaşının verdiyi məlumata görə, gecələr kağız və qələmi yanına alaraq namaza durar, Quranı oxuyarkən rəqiblərinə qarşı dəlil ola biləcək ayələrlə rastlaşdıqda onları qeyd edib sonra namazını davam etdirərdi.
O, inandırıcılıq gücü sayəsində həm nəqli, həm də əqli dəlilləri ən gözəl şəkildə izah edərdi. Gözəl natiqlik qabiliyyəti və şairliyi ilə yanaşı, ədəbiyyatın incəliklərini də dərindən bilirdi və cədəl (elmi mübahisə) sahəsində söz sahibi idi.
Vasil ibn Əta ilə sonralar şiələrin ifrat qoluna (qulat) meyil edən dostu Əbdülkərim ibn Əbül-Əvcə, həmçinin Saleh ibn Əbdülqüddus və Sənəviyyənin fikirləri müdafiə edən şair Bəşşar ibn Bürd ilə Bəsrədə tez-tez elmi mübahisələr edirdi.
Görüşləri Mötəzilənin banisi Vasil ibn Əta qədərilikdə olduğu kimi tale kultunu təkzib edir, lakin qədərilikdən fərqli olaraq tale ideyasının əleyhinə şüurlu olaraq iradə azadlığını qoyurdu. Mötəzilədə şəhər mədəniyyətinin azadlıqsevərlik meylləri aşkar olaraq duyulur. Mötəzilə azad insan zəkasını hətta əxlaqın da ən yüksək meyarı hesab edirdi. Burada əxlaqın mənbəyi ilahi vəhydən daha çox, insanın iradə azadlığında axtarılır. Mötəzilədə əxlaqın ilahi mənşəyi əslində inkar edilir, insani zəka onun meyarı kimi qəbul olunur. İnsan davranışının əsası müqəddəs yazılarda deyil, dünyəvi prinsiplərdə axtarılır. Hətta Quranın əzəli olması belə inkar edilir. Mötəzilə tərəfdarları dini ehkamların mütləqliyini qəbul etməyib, əksinə, zəkanın, ağlın qüdrətini etiraf etdiklərindən, yalnız zəkanın önəmliliyini tanıdıqlarından ilk müsəlman rasionalistləri kimi çıxış etmiş olurdular.
Zəkanın qüdrətinə olan inam iki fəlsəfi cərəyanın əslində şərikli başlanğıcını təşkil edir. Birinci istiqamət cəngavər dünyaduyumunun və onun zəminində formalaşmış aristokratizmin rasionallaşdırılmasından ibarətdir. Həmin istiqamət insan zəkasını fövqəlbəşər və fövqəltəbii zəkanın təzahürü kimi başa düşür, insan zəkasının kamilliyini ilahi zəkaya uyğunluq dərəcəsində görür. İnsan zəkasının qüdrətindən çıxış edən digər istiqamət isə praqmatik cərəyan idi. Zəka burada insanın dünyadan faydalanma vasitəsi idi və bu zəmində də qiymətləndirilirdi. Praqmatik zəminli zəka kultu əslində analitik təfəkkürün insan qarşısında duran bütün problemləri həll edə biləcəyinə olan inam idi.
Mötəzilənin yaranması və tərəqqisi Əməvilərin hakimiyyəti illərinin ikinci yarısına təsadüf edir və bu illərdə şəhər mədəniyyətinin kifayət qədər inkişaf etdiyini ifadə edir. Mötəzilə, əslində, Abbasilərin hakimiyyəti üçün mənəvi zəmin hazırlayırdı.
Əsərləri Vasil ibn Ətanın qələmə aldığı risalə tipli əsərlər beş hissəyə ayrılır. Birinci hissə Mötəzilə məzhəbinin əsasları ilə bağlıdır. İkinci hissəni müxtəlif firqə və məzhəblərə qarşı yazılmış rəddiyyələr təşkil edir. Üçüncü hissəyə moizə xarakterli risalələr daxildir. Dördüncü və beşinci hissələr isə Quranın təfsiri ilə bağlı şərhlərdən və bəzi fətvalardan ibarətdir. Onun əsərlərinin yalnız çox az bir hissəsi dövrümüzə gəlib çatmışdır:
Kitabü Mə cərə beynəhu və beynə Əmr ibn Ubeyd.
Xütbətü Vasil ibn Əta (və ya "Kitabu Xütbətihi-əlləti-əxrəcə minhə hərfər-ra").
Əl-Xutab fit-tövhid vəl-ədl.
Həmçinin bax Abdullah ibn Məhəmməd ibn Hənəfiyyə
Mənbə
İstinadlar
Ədəbiyyat
Аш-Шахрастани, Мухаммад ибн Абд аль-Карим. Книга о религиях и сектах (Китаб ал-милал ва-н-нихал). Часть 1. Ислам. (перевод с араб., введение и комментарии С. М. Прозорова). М., 1984 (Памятники письменности востока, 75) — 272 с. Ибн ан-Надим. Китаб аль-Фихрист. Тегеран, 1971, 202–203.
Xarici keçidlər
Kateqoriya:İslam alimləri Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:VIII əsr ərəbləri