Car-Balakən camaatlığı — Azərbaycanın şimal-qərbində qan qohumluğuna əsaslanan sosial-siyasi qurum.
Quruluşu XVII–XIX əsrlərdə şimal-qərbi Azərbaycanda mövcud olan dövlət təsisatlarından biri Car-Balakən camaatlığı idi. ""Camaat" ərəb sözü olub ayrıca icmanı bildirir. Şimal-qərb və qərbdən Kaxetiya, cənubdan Şirək düzü, şərqdən Şəki xanlığı ilə həmsərhəd olan bu feodal təsisatı əsasən Alazanın aşağı axarında yerləşirdi. Ərazinin tərkibinə Baş Qafqaz silsiləsinin şimal yamacında yerləşən torpaqlar da daxil idi. Getdikcə nüfuzlu hərbi siyasi birləşməyə çevrilən Car-Balakən icması Qafqazda cərəyan edən hadisələrə mühüm, bəzən də həlledici təsir göstərirdi. Tarixşünaslıqda Car etnonimi müxtəlif baxımdan izah olunmuşdur. Şopen Car-Balakən etnonimini bu cür izah edir: "Bu söz Car-Pilləkəndir və mənası yol, pilləkən deməkdir. Car-türk sözü olub yol deməkdir. Məhz bu ərazidən Alan qapılarına gedən yol başlanır"
Qədim Azərbaycan torpaqlarında yaranan Car-Balakən camaatları özündə altı camaatı-Car, Balakən, Tala, Katex, Muxax və Cınıxı birləşdirirdi. Camaatlar, bir qayda olaraq, dağlı tayfalarına xas olan nəsli-tayfa idarəçiliyini qoruyub saxlayırdı. Car-Balakən camaatlığında birləşən cəmiyyətlər öz sosial-siyasi quruluşuna görə Azərbaycanın başqa vilayətlərindən fərqlənirdi. Camaatların daxili quruluşu və burada mövcud olan torpaq münasibətlərinin özünəməxsus xüsusiyyətləri var idi. Camaatlığın torpaqları onların üzvləri arasında vaxtaşırı bölüşdürülürdü. Hər bir cəmiyyət camaat adlanan bir neçə kənd icmasından ibarət idi. Camaat-(ərəbcə)-ayrıca bir icma, bəzən isə müəyyən sosial-iqtisadi vahid mənasında icmalar ittifaqı -mənasını əks etdirir.
Əhalisi Car-Balakən camaatlığında yaşayan əhalinin ümumi sayı haqqında ilk məlumat 1803-cü ilə aiddir. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Azərbaycan tarixinin öyrənilməsində mühüm mənbə olan Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında göstərilir ki, 1803-cü ildə Car-Balakəndə 16 min ev, 90 min əhali, İlisu sultanlığında isə 4 min ev, 20 min əhali var idi. Lakin sonrakı illərdə əhalinin sayı haqqında mövcud olan rəqəmlər bu məlumatın həqiqətə uyğun olmadığını göstərir. Belə ki, yalnız 1871-ci il siyahıya alınması zamanı Zaqatala dairəsinin əhalisi 56802 nəfərə çatmışdı. İ. P. Petruşevski belə hesab edir ki, Rusiya işğal olunmuş ərazidə yaşayan əhalinin sayını artırmaqla əslində Car-Balakən üzərinə qoyulan 220 pud ipək vergisinin bu qədər əhali üçün ağırlıq etmədiyini inandırmağa çalışırdı.
Camaatlığın əhalisi maldarlıq, əkinçilik və sənətkarlıla məşğul olurdu. Maldarlıq yarımköçəri xarakter daşıyırdı. Otlaqlar camaatlığın ümumi istifadəsində idi. Mənbələrə görə XIX əsrin əvvəllərində Car-Balakəndə istehsal edilən ipək əsasən Tiflis, Gəncə və Dağıstan vasitəsilə Rusiyaya aparılırdı.
Car-Balakən camaatlığının, demək olar, bütün ərazisində əkinçilik geniş yayılmışdı. Düzən kəndlərdə yaşayan əhalinin başlıca məşğuliyyəti əkinçilik idi. Əsasən dənli bitkilər-buğda, arpa, darı və çəltik əkilirdi. Düzən kəndlərdə yaşayan əhali həm də bağçılıqla məşğul olurdu. Əkin yerləri içərisində fındıq və tut bağları geniş yayılmışdı. Tut plantasiyaları ipəkçiliyin inkişaf etməsinə səbəb olmuşdu. Fındıq və üzüm yerindəcə emal olunur, az bir hissəsi satılır və ya taxıla dəyişdirilirdi. Şərabçılıq ingiloy ailələri içərisində daha geniş yayılmışdı.
Əhalinin dini və etnik tərkibi XIX əsrin əvvəlində Car-Balakən camaatlığında yaşayan əhalinin, demək olar ki, hamısı islam dininə sitayiş edirdi. İslama sitayiş edən yerli əhali bütün Car əhalisinin 2/3 hissəsini təşkil edir və türk dilində danışırdı. Çobankol, Keymur, Bazar, Almalı, Lələli, Göylər, Kətəlparaq, Kindirqapa, Bəyəhmədli, Böyük Lahıc, Kiçik Lahıc, Kürdəmir, Padar, Baydarlı, Muğanlı, Babalı, Qarabaldır, kəndlərində yaşayan əhali türk dilində danışırdı.
Car-Balakən camaatlığında yaşayan əhali etnik tərkibinə görə 3 qrupa ayrılırdı: 1) Avarlar, 2) Muğallar, 3) İngiloylar.
Avarlar qafqazdilli yerli alban tayfalarından olub ərazinin ən qədim sakinləri hesab olunur. "Alban tarixində və V–VII əsrlərə aid qədim mənbələrdə həmin bölgədə yaşayan lpin (lbin), silv və ciqb tayfalarının adları çəkilir. Lbinlər avarların Azərbaycanda yaşayan hissəsinin, silvlər Dağıstanda yaşayan hissəsinin etnik adlarıdır; civblər isə indiki saxurlardır, onlar özlərinə indi də yixbı deyirlər". Camaatlığın dağlıq ərazilərindən düzən ərazilərə gələn avarlar toxumlarda birləşirdilər. İlk toxumlar Nuxlu və Çimçili toxumları hesab olunur. Bu toxumlar ilk dəfə Car ədrəsinə aparan Qundz dağda məskunlaşmışdı. Sonralar Təbəli, Ərəbli, Cormut, Boyaqlı, Səbəli toxumları meydana gəldi. Toxumlar qüvvətləndikdən sonra düzənlikdə məskunlaşmaq imkanı əldə etdilər. Əlverişli təbii şərait, zəngin otlaqlar bu toxumlara dağlardan digər əhalini də düzənliklərdə məskunlaşmağa çağırmaq imkanı verirdi. İlk əvvəl avarların həyat tərzi bütünlüklə hərbi xarakter daşıyırdı. Lakin bir qədər sonra bu hərbi iş öz yerini heyvandarlığa və əkinçiliyə verdi.
Muğallar bu ərazinin ən qədim sakinləri idi. Əsasən Alazanın aşağı axarında düzənliklərdə yaşayır, başlıca olaraq əkinçilikdə məşğul olurdular.
Əhalinin digər hissəsini ingiloylar təşkil edirdi. İngiloylar qeyri-türk alban tayfaları olub ərazinin ən qədim sakinləri hesab olunur. Onlar uzun müddət öz dini inamlarını-xristianlığı qoruyub saxlamışdırlar. Sonralar avarlar muğalları və ingiloyları özlərindən asılı vəziyyətə salan zaman onlara islam dinini qəbul etdirmiş və müsəlmanlaşdırmışdı. Rusiya işğalından sonra ingiloyların yenidən xristianlaşdırılması prosesi başlamışdı. 1830-cu ilə qədər rus hökuməti ingiloylar arasında xristianlığın azad yayılmasını elan etmişdi. Lakin bu zahiri xarakter daşıyırdı. Əraziyə xristian missionerləri din təbliğatçıları göndərilir, kilsələr tikdirirdi. 1822-ci ilə qədər cəmi 16 nəfər ingiloy xristianlaşdırılmışdı. İngiloyların xristianlaşdırılmasının 1822-ci ilə qədər ləng getməsinin, əsas səbəblərindən biri Car-Balakən camaatlığının hələ Rusiya tərəfindən tam və qəti şəkildə işğal edilməməsi ilə əlaqədar idi. 1834-cü ilə qədər cəmi 32 ingiloy xristianlığı qəbul etmişdi. Sonralar xristianlığın provoslav məzhəbini qəbul etmiş ingiloyların sayı sürətlə artmağa başladı. Bu bir tərəfdən xristianlığın sürətlə yayılmasının, təbliğ edilməsinin nəticəsi idisə, digər tərəfdən onlar üçün bir sıra imtiyazların verilməsi ilə əlaqədar idi. Belə ki, ingiloylar birbaşa xəzinəyə verilən vergilərdən və müəyyən mükəlləfiyyətlərdən azad edilirdi.
1851-ci ildə Car-Balakəndə yaşayan ingiloyların 1200 nəfəri xristianlaşdırılmış, bu məqsədlə 3 kilsə inşa edilmiş və bu kilsələr gürcü, türk dilini bilən ekzarxlarla təmin edilmişdi.
İdarəedilməsi 300px|thumb|left|Lüdviq Knit - İbrahim xan Əfşarın rəhbərlik etdiyi ordunun Car-Balakən camaatlığı tərəfindən məğlub edilməsi (1738). Azərbaycan Tarix Muzeyində saxlanılır. Kənd icmasını ağsaqqallar idarə edirdi. Cəmiyyətdə ruhanilərin də nüfuzu yüksək idi. Onlar məhkəmə işlərində şəriət qanunlarına əsaslanırdılar. Camaatlığın ali orqanı xalq yığıncağı idi. Burada yaşlılarla bərabər yalnız yetkinlik yaşına çatmış kişilər iştirak edə bilərdilər. Kənd yığıncaqlarından fərqli olaraq camaatların yığıncaqları siyasi xarakter daşıyırdı. Yığıncaqlar camaatların kəndxudalarının razılığı əsasında Ağdam və yaxud Muxax dərəsində çağırılırdı. Yığıncaqlarda icmaların başçısı, toxumların starşinaları iştirak edirdi. Ağsaqqal və hərbi başçı seçilməsində bütün kişilərin eyni hüquqları var idi. Yığıncaqlarda bir qayda olaraq bütün icmalara aid olan məsələlər, xarici əlaqələr, həmçinin toxumlar arasında olan mübahisə və çəkişmələr müzakirə olunurdu. Bəzi mənbələrdə bu yığıncaqlar "ittifaq seymi" adlandırılır. Lakin İ. P. Petruşevski qeyd edir ki, əvvəla bu yığıncaqlar müntəzəm fəaliyyət göstərən orqanlar deyildi. Digər tərəfdən burada bərabərhüquqlu federasiyadan da söhbət gedə bilməzdi. İcmaların hamısı bütünlüklə bərabərhüquqlu deyildi.
Zaman keçdikcə, icmaların daxilində təbəqələşmə prosesi gücləndi. İcma daxilində hakim feodal qruplaşması formalaşdı. İcmalar daxilində patriarxal nəsli quruluşun qalıqları qorunub saxlanmaqla yanaşı, ingiloy və muğal kəndləri üzərində kollektiv hakimiyyət də mövcud idi. İcmaların ictimai quruluşu başlıca olaraq nəsli qəbilə quruluşunun qalıqlarına əsaslanırdı. İcmalar toxumlara yaxud ata xətti ilə qohum nəsillərə ayrılırdı. Hər kənd icması 2–3 toxumdan ibarət idi. Bir çox kəndlərdə toxumlar eyni adları daşıyırdı. Bu eyni adı daşıyan toxumların bir yerdən çıxması və yaxud toxumların parçalanması nəticəsində yeni toxumların yaranması ilə əlaqədar idi. Hər bir icmada ali idarəçilik kəndxuda, starşina və qazılara məxsus idi. Onlar bir yerdə ali idarəçiliyi təşkil edir, bütün mülki və dini hakimiyyəti öz əllərində saxlayırdı. Ali idarəçilik məhkəmə və divan işlərinə baxır, ictimai qaydaqanunu qoruyur, nəsli əmlakı idarə edir kəbin kəsir, barışıq və mübahisəli məsələləri həll edir, dağlıq yerlərdə sərhədlərin, otlaq yerlərinin mühafizəsi üçün gözətçilər təyin edirdi.
Kəndxuda kəndi idarə edir və onun baş rəisi hesab olunurdu. O, bir qayda olaraq, öz icmasının ali idarəçiliyinin göstərişlərini yerinə yetirir, məhkəmə qərarlarını icra edir, kənd əhalisinin kiçik şikayətlərinə baxır, qayda-qanuna, sakitliyə, əhalinin davranışına nəzarət edir, itaət etməyənləri, yoldan çıxanları islah edir, təqsirli bilinənləri məhkəməyə verir, axtarış aparır, sürgün edir, çavuş və yasovulu seçirdi. Feodallaşma prosesinin sürətlənməsi nəticəsində kəndxuda seçilmir, bu vəzifə irsi olaraq nəsildən-nəslə ötürülürdü.
Kənd starşinası icmanın ali idarəçiliyi ilə əlaqə yaradır, hakimlik edirdi. Kənd starşinasının kəndxuda ilə müqayisədə səlahiyyəti kiçik idi. Lakin starşinanın kəndxudanın işinə nəzarət etmək hüququ var idi. Əgər kəndxuda tərəfindən müəyyən qanunsuzluğa yol verilirdisə, starşina bunu öz toxumuna çatdırır, seçkini gözləmədən həmin kəndxudanın daha inanılmış etibarlı adamla əvəz edilməsinə nail olurdu.
Tabunbaşı kəndxudanın köməkçisi olub-bir qayda olaraq onun göstərişlərini yerinə yetirir, əhali arasında mükəlləfiyyətlərin növbəsini müəyyənləşdirir, suyun bağlar və üzümlüklər arasında düzgün paylaşdırılmasına nəzarət edirdi.
Çavuş kəndxuda və tabunbaşıya tabe olan ən aşağı səviyyəli məmur idi. Çavuşlar əhalini bir yerə toplaşmağa çağırır, sahibkara müxtəlif mükəlləfiyyətlərin yerinə yetirilməsini xəbər verirdi.
Yasovul, bir qayda olaraq, kəndxudanın yanında olur və müəyyən xidmət dalınca göndərilirdi.
İctimai vəzifələrə seçkilər heç bir ənənə ilə müşayiət olunmur, xidmət müddəti qəti müəyyənləşdirilmirdi. Qazıların üç il, imamların iki il kəndxuda və tabunbaşının bir il müddətinə seçilməsinə baxmayaraq bu son xidmət həddi hesab olunmurdu. Sui-istifadə halları, qanunsuzluq, özbaşınalıq baş verdiyi hallarda onlar vaxtından əvvəl öz toxumları tərəfindən azad edilə bilər və yaxud əksinə, heç bir qanunsuzluğun baş vermədiyi təqdirdə öz vəzifələrini daha artıq müddətə icra edə bilərdilər. Bir qayda olaraq, kəndxuda və kənd starşinaları tanınmış feodal nəslinin nümayəndələri içərisindən seçilirdi.
İcmalarda məhkəmə işi aşağı və ali məhkəmələrə məxsus idi. Ali idarəçilik həmçinin, ali məhkəmə funksiyasını da yerinə yetirirdi. Bu məhkəmə kənd hakimlərinin şikayətlərini qəbul edir, ayrı-ayrı toxumlar və kənd icmaları arasında mübahisəli məsələləri aydınlaşdırırdı. Aşağı məhkəmə isə bir qayda olaraq kənd məhkəmələri idi və ali məhkəməyə yaxud icmaların ali idarəçiliyinə tabe idi. Hər bir məhkəmə ayrıca götürülmüş formaya malik deyildi. Məhkəmə işləri şəriət qaydaları əsasında aparılır, prosesin əsasını iddiaçı ilə cavabdehin şifahi dindirilməsi təşkil edirdi. İddiaçı imam və starşinanın iştirakı ilə öz şikayətini izah edir, cavabdehin gətirilməsini tələb edir, digər sübut və şahidlərdən istifadə edirdi. Cavabdeh isə iddiaçıların iştirakı ilə and içir, sonra isə ərizəçinin iştirakı olmadan dindirilirdi. Kəndxuda, toxum başçısı və imam kənd məhkəməsini təşkil edirdi.