Mudros müqaviləsi – 30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış sülh müqaviləsi. Müqavilə Lemnoos adasının Mudros limanında ingilis hərb gəmisi "HMS Agamemnon" gəmisində imzalanmışdır. Müqavilənin şərtlərinə görə Osmanlı dövləti Birinci Dünya müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilmişdir.
Tələt paşa hökumətinin istefası Birinci Dünya müharibəsi davam edərkən, 1918-ci ilin yay aylarında Osmanlı dövləti və müttəfiqləri Almaniya, Avstriya-Macarıstan İmperiyası və Bolqarıstan, döyüş cəbhələrində ağır məğlubiyyətlərə uğrayaraq böyük torpaq sahələri itirmişdilər.Okyar, Öz dövrdə bir adam, s. 236. Bolqarıstan 15 sentyabrda Makedoniya cəbhəsində faciəvi bir məğlubiyyətə uğradı və Antanta Dövlətləri ilə 29 sentyabrda barışıq imzaladı. Beləliklə, Osmanlı Dövlətinin, müttəfiqləri ilə qurudan əlaqəsi kəsilmiş oldu. Cənub cəbhəsinin süqutu nəticəsində işğal təhlükəsi ilə üz-üzə qalan Avstriya-Macarıstan imperiyası da 5 oktyabrda İtaliyada qalib dövlətlərlə barışıq imzaladı. Almaniya isə 11 noyabrda Fransada barışığa imza atdı.Türk İstiqlal hərbi, s. 24-28
Müharibənin sona çatmasının hiss olunduğu bir dövrdə, Ənvər paşa Şərq Orduları qrupu Komandanı Xəlil paşaya göndərdiyi məxsusi əmrdə belə deyirdi:
"Mövcud vəziyyətdəki dəyişiklik səbəbi ilə, ehtimal ki, bizdən sonra gələcək kabinet, Azərbaycan və Şimali Qafqazın boşaldılması şərtini qəbul edəcək və yerinə yetirəcək. Əvvəlcə yazdığım kimi, Nuru (Nuru paşa), orada özü ilə işləmək üçün qalacaq zabit, serjant və birlikləri, indidən elə hazırlasın ki, boşaltma əmrindən sonra da fasiləsiz çalışmaq üçün qala bilsin." Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 622Aydəmir, Makedoniyadan Orta Asiyaya Ənvər paşa, s. 440.
Müharibə boyunca Osmanlı Dövlətini sövq və idarə edən, orduları istiqamətləndirən İttihad və Tərəqqi Partiyası və hökumət başçıları Tələt, Ənvər və Cəmil paşalar, müharibənin gedişatından ümidlərini kəsmişdilər. İttihad və Tərəqqi Partiyası, 7 oktyabr 1918-ci il tarixində hökumətə etimadsızlıq göstərdiyini bildirdi. Bununla əlaqədar Baş Nazir Tələt paşa 8 oktyabrda istefa verdi.Okyar, Öz dövrdə bir adam, s. 238-239 Sultan Mehmet Vahidəddin London Səfiri Tofiq paşaya yeni hökumət qurmaq tapşırığı verdi. Lakin Tofiq paşa bu işin öhdəsindən gələ bilmədi. Hərbi Nazir Əhməd İzzət paşa 13 oktyabrda hökumət qurdu və Tələt paşanın istefası da ictimaiyyətə bildirildi.Türk İstiqlal hərbi, s. 28
Osmanlı Dövləti 5 oktyabrdan 12 oktyabra qədər sülh imzalanması üçün ABŞ-yə bir neçə dəfə təklif etdi. Əhməd İzzət paşa sülh təkliflərinə baxmayaraq, böyük fədakarlıqla əldə edilən Qafqazda əldə olunmuş nailiyyətlərin itirilməməsi üçün də bəzi təşəbbüslərlə çıxış etdi. Bu bölgələrin əldən çıxmaması üçün çalışdı. Brest-Litovsk sülh müqaviləsi ilə Türkiyənin tərkibinə keçən Qars, Ərdahan və Batumun tərk edilməməsi üçün də, müqavilə xaricində ələ keçirilən Dağıstan, Azərbaycan, Ahıska, Ahalkələk və Gümrü ilə Cənubi Azərbaycandakı bəzi bölgələrin boşadılmasının mümkün olduğunu düşünürdü.
Barışıq üçün razılığa gəlinmiş, lakin yeri və tarixi müəyyənləşdirilməmiş, danışıqlar da başlamamışdı. Baş Komandanlıq Qərargah rəhbərliyi 21 oktyabr 1918-ci il tarixində bir əmr yaydı. Buna görə Şərq bölgəsindəki hərbi birliklər yenidən qurulur və hərbi birliklərin Brest-Litovsk müqaviləsində göstərilən yerlərə çəkilməsi əmr edilirdi.Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 622-623
Müqavilənin imzalanması Sədrəzəm və Baş Komandanlıq Qərargah rəisi Əhməd İzzət paşa, İstanbul Böyükadada əsir tutulan ingilis generalı Thovsendin barışıq üçün vasitəçilik etməsini qəbul etdi. Qarşılıqlı təkliflər nəticəsində barışıq danışıqlarının Egey dənizindəki Lemnos adasında olan Mudros limanında keçirilməsi qərarlaşdırıldı.Ünal, Türk siyasi tarixi, s. 474 Türk heyətinə Dəniz Qüvvələri Naziri albay Rauf (Orbay), Xarici İşlər Naziri Rəşad Hikmət və İzmirdəki 8-ci Ordu Qərargah rəisi yarbay Sədullah Bəylər və heyətin katibi olaraq da Əli Fuad (Türkgəldi) daxil idi. Türk heyəti 26 oktyabr 1918-ci ildə Lemnos adasına getdi və Mudros limanına çatdı.Türk istiqlal hərbi, s. 29Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 623-624
Xarici İşlər və Hərbiyə Nazirliklərinin birlikdə hazırladığı və hökumətin də təsdiq etdiyi səkkiz maddəlik bir sənəd Osmanlı Dövlətinin barışıq heyətinə verilmişdi.Türk istiqlal hərbi, s. 31Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 624 27 oktyabrda zirehli ingilis gəmisi Agamemnonda başlayan və dörd gün davam edən müzakirələrin sonunda 30 oktyabr 1918-ci ildə bir barışıq imzalandı. Sədrəzəm və Baş Komandanlıq Qərargah rəisi Əhməd İzzət paşa 31 oktyabr tarixli bir əmrlə barışıq imzalandığını ordulara bildirdi:
"Osmanlı dövləti təəssüf ki, müttəfiqləri ilə birlikdə məğlub vəziyyətə düşərək milli şərəf və namusumuza zidd olmayan şərtlərlə sülh tələb etdiyindən; Osmanlı hökumətinin qayəsinin, bu acı siyasi vəziyyəti mümkün olduğu qədər o bütünlüklə səltənətin xeyrinə dəyişdirmək və yüngülləşdirmək üçün çarələr axtarmaq lazım olduğu və bu səbəbdən hər ehtimala qarşı qonşularla son dərəcə yaxşı münasibətdə olaraq, lazımsız hərəkətlərlə məmləkətimizin müqəddəs dəyərlərinin gələcəyi üçün zərərli hərəkətlərə yol verilməməsi və barışıq şərtlərinə qəti surətdə əməl olunması əmr edilməkdədir." Türk istiqlal hərbi, s. 46Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 625
Təsirləri Mudros sazişi, Birinci Dünya müharibəsi boyunca imzalanan bəzi müqavilələr kimi nəticəsi, təsiri və davamı baxımından keçici xarakterdə olmaqdan bir xeyli uzaq idi. İmzalanan bu saziş Osmanlı Dövlətinin və türk millətinin həyatında böyük acılara yol açan və qanlı hadisələrin yaşanmasına zəmin hazırlayan yeni bir dövrün başlanğıcı oldu. Bu acı və iztirabın, Milli Mübarizə və Türkiyənin doğuşu ilə nəticələnəcəyini qabaqcadan təyin etmək olduqca çətin idi.Armaoğlu, 20-ci əsr siyasi tarixi, s. 139
Osmanlı ordusu Suriya və İraqda zəifləməsinə baxmayaraq, döyüş qabiliyyətini saxlamışdı. 18 mart 1915-ci ildə Çanaqqalada Antanta Dövlətlərinə ağır itkilər verdirərək onları geri çəkilməyə məcbur edən ordular və komandirlər də öz vəzifələrinin başındaydılar.Bayur, Türkiyə Dövlətinin xarici siyasəti, s. 14-23 Osmanlı orduları Şimali Qafqazda Dərbənd və Mahaçqala, Qara dəniz sahilində Batum, Şimali Azərbaycanda Bakı və Qarabağ, Cənubi Azərbaycanda Təbriz və Urmiya gölü və ətrafı olmaqla, çox əhəmiyyətli mövqeləri əlində saxlayırdı. Buna baxmayaraq, Almaniya, Avstriya-Macarıstan və Bolqarıstanın orduları tamamilə dağılmışdı. Antanta Dövlətləri üçün bu ölkələr artıq təhlükə mənbəyi deyildi, ağır bir məğlubiyyətə uğramışdılar. Osmanlı Dövləti və ordusu haqqında isə belə bir məğlubiyyət baş verməmişdi.Armaoğlu, 20-ci əsr siyasi tarixi, s. 141
Bu şərtlər altında Antanta Dövlətlərinin tək hədəfi artıq Osmanlı Dövləti idi. Osmanlı Dövlətini parçalamağa dair, müharibə boyunca hazırladıqları gizli razılaşmaları həyata keçirmək üçün, aralarında yeni bir rəqabət başlamışdı. Bu səbəbdən, Osmanlı Dövlətinə qarşı "qeyd-şərtsiz təslim olma" kimi bir duyğunu verəcək ifadələrdən qaçmağa çalışan bir saziş mətni də hazırlanmışdı. Türk vətənini bölüşdürmək üçün bəzi elastik və qəti olmayan ifadələrə yer verilmişdi.
Sultan Mehmet Vahdəddin İttihad və Tərəqqi Partiyası və Tələt paşaya müxalif idi. İstanbulda Əhməd İzzət paşa kabinetinin qurulacağından söhbət gedərkən, o günlərdə Ənvər paşadan Xəlil paşaya gizli bir teleqraf gəlmişdi. Ənvər paşa, Qafqaza gedəcəyini, Asiya türkləri arasında işləyəcəyini və Turançılıq ideyasından əl çəkməyəcəyini bildirir və bu barədə Xəlil paşanın fikrini soruşurdu. Sədrəzəm Əhməd İzzət paşa bir tərəfdən düşmənlə barışığa gəlməyin yollarını axtardığı halda, digər tərəfdən də Sultan Vahdəddinin əmrinə əsasən İttihadçıların tutulub, müharibə günahkarı olaraq Divani-Hərbə verilmələri haqda düşünürdü. Saray ilə Sədrəzəm arasında müzakirə edilən bu fikirdən xəbər tutan İttihad və Tərəqqi Partiyası üzvləri, ölkəni tərk etmək qərarına gəlmişdilər. Mudros sazişinin imzalanmasından iki gün sonra, 1918-ci il noyabr ayının ikisindən üçünə keçən gecə bəzi liderlər gizlicə ölkəni tərk etdi. Ölkədən gedənlər arasında Sədrəzəm Tələt paşa, Hərbiyə Naziri Ənvər paşa, Bəhriyyə Naziri Camal paşa, Hərbi Ləvazim rəisi Topal İsmayıl Haqqı paşa, Polis Baş Müdürlüyü ilə Hələb və Beyrut valiliyi vəzifələrində olmuş Bədri və Əzmi bəylər, İttihad və Tərəqqi Partiyasının İdarə Heyəti üzvlərindən Doktor Nazim və Doktor Bahəddin Şakir bəylər var idi.Okyar, Öz dövrdə bir adam, s. 250. Qara Kamal bu liderlərin ölkədən kənara qaçması üçün lazımi təşkilati işləri görmüş və kömək etmişdi.Ünal, Türk siyasi tarixi, s. 454
Ənvər paşa "Birinci Dünya müharibəsində qalib gəlsəydik, Çarlıq süqut etmiş, Böyük Turan qurulmuş olacaqdı. Nə edək ki, tale üzümüzə gülmədi. Buna müvəffəq olmadıq. Viran olduq". demişdi. Sabiq Hərbiyə Naziri Ənvər paşa Böyük Turan ideyasını gerçəkləşdirmək üçün getdiyi Türkistanda, Pamir dağlarının ətəyində, 1922-ci ildə ruslara qarşı hücumların birində, at belində ən ön sıralarda vuruşarkən ölmüşdü.Ünal, Türk siyasi tarixi, s. 455
Tələt, Ənvər və Camal paşalar ölkədən getdikdən sonra, haqlarında bir çox araşdırmalar aparıldı, xatirələr yazıldı, məqalələr qələmə alındı. Yazılanlar arasında bu liderlərin bilgisizliyini, bacarıqsızlığını, siyasi və hərbi liderliklərini və səhvlərini də dilə gətirənlər oldu.
Əhməd İzzət paşa Mudros sazişinin imzalanmasından doqquz gün sonra vəzifəsindən istefa verdi.Əli Fuad Türkgəldi, Görüb eşitdiklərim, Türk Tarix Qurumu nəşriyyatı, Ankara, 1951, s.169 Yerinə 11 noyabrda Tofiq paşa gətirildi. Çünki, Əhməd İzzət paşa kabinetinin ölkə daxilindəki problemləri həll edə bilməyəcəyi əvvəlcədən məlum idi. Düşmən qüvvələri, ehtiyac olmadığı halda və heç bir səbəb də göstərmədən, 11 noyabr 1918-ci ildə İstanbula qoşun yeritdilər. Beləliklə, sazişin şərtlərini pozdular. Osmanlı Dövlətinin bölüşdürülməsi ilə əlaqədar Sykes-Picot Müqaviləsinin əsasları çərçivəsində və Paris Sülh Konfransı qərarlarına əsasən, Mudros sazişi şərtlərini öz anlayışlarına uyğun həyata keçirməyə başladılar.
Qafqaz İslam ordusunun geri çağırılması Əhməd İzzət paşa hökuməti elan etdikdən sonra, ermənilərin İstanbuldakı təmsilçisi onun yanına gedərək, türk əsgərlərinin Bakıda 30 min ermənini qətlə yetirdiyini, Qarabağda isə hərbi hərəkatın davam etdiyini iddia edərək, bölgədə daha çox insanın ölməsinin qarşısını almağı xahiş etdi. Bu və buna bənzər şikayətlər əsasında Əhməd İzzət paşa 23 oktyabrda Nuru paşaya bu teleqramı göndərdi:
1. Ermənilərin İstanbuldakı təmsilçisinin dediyinə görə, Osmanlı hərbi birliklərinin Qarabağda Şuşaya girdiyi məlum oldu. Bu hərəkət qarşılıqlı qətliama yol aça biləcəyindən, Qarabağa hərəkət edən hərbi hissələrimiz varsa, dərhal geri çəkiləcək və geri çəkilmə barədə Baş Qərargaha məlumat veriləcəkdir. Qarabağa heç bir əsgərimiz girməyəcəkdir. 2. Bakının zəbti zamanı 30 min erməni öldürüldüyü və mallarının talan edildiyi, talanlarda bizim əsgərlərimizin də iştirak etdiyi, indi də bir çox ermənilərin təqib olunduğu bildirilmişdir. Bu söylənənlər doğru isə, buna səbəb olanlar və bununla əlaqəsi olanların aşkara çıxarılıb cəzalandırılmaları və ya tərəfimizə bildirilməsi lazımdır. 3. Bakıda həbs olunan ermənilər dərhal azadlığa buraxılacaq və onların təqib olunması qətiyyətlə qadağan ediləcəkdir. Bakıda olan ermənilərdən şəhərdən kənara çıxmaq və ya Ermənistana getmək istəyənlərə heç bir maneə olmayacaq, lazımi köməklik göstəriləcəkdir. Azərbaycan ilə Ermənistan arasındakı sərhəd münaqişələri, siyasi konfranslar və danışıqlar yolu ilə həll ediləcəyindən, silahlı birliklərin bu kimi hallara müdaxilə etməsini qəti surətdə qadağan edirəm. Əksinə, əsgəri qüvvələrimiz olduqları yerlərdə asayişi təmin etməklə məşğul olmalıdır." Türk İstiqlal hərbi, s. 148