Fuad Yusif oğlu Əliyev () — azərbaycanlı alim; Kimya üzrə elmlər d-ru (1992), AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (2014).

Həyatı Fuad Yusif oğlu Əliyev 1 fevral 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur.

1967–1972-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsil almışdır.

1972–1974-cü illərdə SSRİ Silahlı Qüvvələrinin sıralarında zabit rütbəsində xidmət etmişdir.

Evlidir, 2 övladı var.

Elmi fəaliyyəti 1974-cü ildən EA Aşqarlar Kimyası İnstitutunda mühəndis, elmi işçi vəzifələrində çalışmışdır.

1976-cı ildə aspiranturaya daxil olmuş, 1981-ci ildə "Qeyri-simmetrik disulfidlərin sintezi və sürtgü yağlarından aşqar kimi istifadəsi" mövzusunda namizədlik (PhD) dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsini almışdır.

1981-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.

1992-ci ildə "Qeyri-simmetrik disulfidlərin, karbon turşularının tioamidlərini və ditiokarbon turşularının efirlərinin sintezi və sürtgü yağlarında aşqar kimi istifadəsi" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və kimya elmləri doktoru elmi dərəcəsini almışdır.

2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

2015-ci ildən isə AMEA Gəncə Bölməsinin sədri təyin edilmişdir.

Pedaqoji fəaliyyəti ərzində Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində laboratoriya müdiri, Azərbaycan Dövlət Aqrar Universitetində baş məsləhətçi olmuşdur. Həmçinin 1981–1991-ci illərdə Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatı, 1991–1995-ci illərdə Gəncə Şəhər Soveti Rəyasət Heyətinin üzvü olmuş, 1996-cı ildən isə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədr müavini, Gəncə şəhər Ziyalılar Cəmiyyətinin isə sədridir.

140 elmi əsərin, 17 elmi ixtiranın və 8 monoqrafiyanın müəllifidir.

Azərbaycan Prezidentinin sərəncamları ilə 2005-ci ildə "Tərəqqi" medalı, 2006-cı ildə "Əməkdar elm xadimi" fəxri adı, 2017-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2020-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Azərbaycan professorları