Axund Mustafa Axund Süleyman oğlu Talıbzadə () — din xadimi, axund, Tiflis qazısının və Zaqafqaziya şeyxülislamının müavini.

Abdulla Şaiq və Yusif Ziya Talıbzadənin atası.

Həyatı Mustafa Talıbzadə 1842-ci ildə Borçalı mahalının Sarvan kəndində anadan olub. Ali dini təhsilini Təbrizdə Hacı Səfərəli mədrəsəsində bitirib, 1871-ci ildə dini elmlərin tam kursunu başa vurması haqqında sənəd alıb. Təbrizdən Tiflisə qayıtdıqdan iki il sonra 1873-cü il dekabrın 12-də Şiə Ruhani İdarəsində imtahan verərək axund rütbəsinə layiq görülüb.

1874-cü il martın 1-də Tiflis-Kutaisi Şiə Quberniya məclisinə üzv seçilib, məktəb və dərsliklərin yazılması işinə nəzarət edib. 1881-ci ildə şəriət dərsliyini yazmaq, 1882-ci il martın 6-da isə ona Şiə Ruhani İdarəsinin üzvü vəzifəsini icra etmək tapşırılıb. Daha sonra isə Ruhani idarəsinin nəzdindəki "Əli məktəbində" müəllimlik etməyə başlayıb.

Axund Mustafa Talıbzadə 1881-ci ilədək Tiflis qazısının müavini, sonra isə Qafqaz müsəlmanlarının şeyxülislamı Əhməd Salyaninin müavini olub.

1900-cü il aprelin 22-də senator, general-adyutant knyaz Qriqori Qolitsının əmri ilə Axund Mustafa Talıbzadə Şiə Ruhani idarəsinin üzvü vəzifəsindən və başqa xidməti işlərindən azad edilib.

1903-cü ildə vəfat edib, Tiflis müsəlman qəbiristanlığında dəfn olunub.

Ailəsi Axund Mustafa Talıbzadə Mehri xanım Cəfər qızı ilə ailə qurub. Bu evlilikdən 1877-ci il yanvarın 22-də Yusif, 1881-ci il fevralın 12-də Abdulla adlı oğulları, 1884-cü il iyulun 22-də isə Ruqiyə adlı qızları dünyaya gəlib.

Oğlu Yusif Ziya Talıbzadə pedaqoq, siyasətçi, dramaturq, hərbçi olub. Balkan müharibələrində, Birinci Dünya müharibəsində, Bakı döyüşündə və Basmaçı hərəkatında iştirak edib. Naxçıvanın hərbi komissarı olub.

Oğlu Abdulla Şaiq Azərbaycan SSR əməkdar incəsənət xadimi, şair, yazıçı olub.

Həmçinin bax Talıbzadələr

İstinadlar

Kateqoriya:Talıbzadələr Kateqoriya:Borçalıda doğulanlar Kateqoriya:Tbilisidə vəfat edənlər Kateqoriya:Gürcüstanın din xadimləri Kateqoriya:Azərbaycanın din xadimləri Kateqoriya:Tbilisi şəxsləri