Mahmud Əlisultanoviç Esambayev (, ; ) — çeçenəsilli SSRİ və Rusiya rəqqası, balet artisti, xoreoqraf, estrada rəqqası, SSRİ Xalq Artisti (1974). Sosialist Əməyi Qəhrəmanı (1984).
Həyatı Mahmud Əlisoltanoviç Esambayev 1924-cü il iyul ayının 15-də Qroznı yaxınlığındakı Köhnə Atagi kəndində anadan olmuşdur. O, çeçen Sovet balet artisti, rəqqas, 1974-cü ildən SSRİ Xalq artistidir.
1939–1941-ci illərdə Qroznı Xoreoqrafiya Məktəbində oxumuş, 1944–1956-cı illərdə Qırğızıstan Opera və Balet Teatrının solisti olmuşdur.
1957-ci ildən estradada çıxış etmişdir. Esambayevin repertuarına dünya xalqlarının rəqsləri daxil idi. "Çoban" (çeçen-inquş, özbək), "Ovçu və qartal" (monqol), "Döyüşçü" (başqırd), "Qızıl allah" ("Bharat natyam" hind klassik rəqsi üslubunda), "Makumba" (Braziliya mərasim rəqsi), "Ave Mariya" rəqs novellası (F. Şubertin musiqisi əsasında), "Alov rəqsi" (M. de Falyanın musiqisi əsasında) Esambayevin məşhur rəqslərindəndir.
Virtuozluq, yüksək emosionallıq və plastiklik, rəqsin üslub və xarakterini dəqiq, qabarıq vermək məharəti onun ifacılığı üçün xarakterikdir. İncəsənət aləmində onu "rəqs şairi" adlandırırlar.
Məşhur rəqqas balet ustası olana qədər çətin bir həyat yolu keçmişdir. 1962-ci ildə "Azərbaycanfilm"in istehsal etdiyi "Mən rəqs edəcəyəm" adlı 91 dəqiqəlik tammetrajlı bədii film Mahmud Esambayevin həyat və yaradıcılığına həsr olunmuşdur. Baş rolunu M. Esambayevin özünün canlandırdığı filmin digər adı "Əmək və qızılgül"dür. Filmdə rəqqasın yaradıcılığından söhbət getməklə yanaşı, çeçen-inquş xalqının həyatı da öz əksini tapmışdır. Filmin ssenari müəllifi İdris Bazorkin, Tofiq Tağızadə, quruluşçu rejissoru Tofiq Tağızadə, operatoru Rasim Ocaqov, rəssamı Kamil Nəcəfzadə, bəstəkarı Rauf Hacıyevdir. Rollarda Mahmud Esambayev (Mahmud Esembayev kimi) Mahmud, Vladimir Txapsayev — Əlisultan, Leyla Abaşidze — Doğmara, Münəvvər Kələntərli — Sonu, Hökümə Qurbanova — Bikətu, Adil İsgəndərov — Klub müdiri, İsmayıl Əfəndiyev — Həkim, Gündüz Abbasov — Müsit, Tələt Rəhmanov — İnzibatçı, İbrahim Əliyev — Mahmud (uşaq) və başqaları çəkilmişlər.
1959-cu ildə Esambaev öz proqramı ilə Moskvada çıxış etmiş, sonra "Sovet baletinin ulduzları" qrupunun tərkibində Fransada, Cənubi Amerikada qastrol səfərlərində olmuşdur. Beynəlxalq estrada incəsənəti xadimləri ittifaqının prezidenti, Beynəlxalq rəqs akademiyasının akademiki idi. Onun fəal dəstəyi nəticəsində Qroznıda dramatik teatr və sirkin yeni binaları tikilmişdir.
10-cu çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Mahmud Esambayev 2000-ci il yanvar ayının 7-də 76 yaşında dünyasını dəyişmiş, Moskvada Danilov müsəlman qəbiristanlığında dəfn edilmişdir.
Repertuarındakı dünya rəqsləri "Çoban" (çeçen — inquş, özbək) "Ovçu və qartal" (monqol) "Döyüşçü" (başqırd) "Makumba" (Braziliya mərasim rəqsi) "Ave Mariya rəqs novellası" (Frans Şubertin musiqisi əsasında) "Alov rəqsi" (Manuel De Fallanın musiqisi əsasında)
Filmoqrafiya Əmək və qızılgül (film, 1962)
Maraqlı fakt Mahmud Esambayev heç vaxt məşhur papağını başından çıxarmırmış.Mən rəqs edəcəyəm . sputnik.az, 15. iyul 2015 O, SSRİ-də yeganə adam olub ki, pasport şəklini papaqla çəkdirməsinə icazə veriblər.
İstinadlar
Kateqoriya:Aktyorlar Kateqoriya:Rusiya rəqqasları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Çeçenistanda doğulanlar Kateqoriya:Rusiyada vəfat edənlər Kateqoriya:SSRİ xoreoqrafları Kateqoriya:Rusiya balet artistləri Kateqoriya:SSRİ rəqqasları Kateqoriya:Rusiya balet artistləri Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya aktivistləri Kateqoriya:RSFSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:XX əsr aktyorları