Azərbaycan aşıq sənəti () — şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir.

Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır. Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii əhəmiyyət kəsb etmişdir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Etimologiya Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor M. Təhmasib aşığı hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman olunur ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" — "mahnı oxuyan, müğənni" deməkdir.

Məlumdur ki, "varsaq" sözü "aşıq şeiri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Ehtimal olunur ki, "aş-u-la" yaxud "aş-ı-la" — "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdı. Fəxri ad (ünvan) kimi "Aşıq" artıq XII əsrdən məlumdur və ilk dəfə bu ada türk sufiliyinin təməl daşını qoyan şair Əhməd əl-Yasəvinin yaradıcılığında rast gəlinir.

Tarixi Öz şəxsiyyətində musiqiçi (çalğıçı və müğənni), dastançı (nağılçı), şair və söz ustası (aktyor və quruluşçu rejissor) sənətlərini toplu halında birləşdirən Azərbaycan aşıqları ən qədim xalq-peşəkar musiqi ən’ənələrinin öncül daşıyıcılarından sayılırlar. Bu baxımdan onları baxşı (Türkmənistan), akın (Qırğızıstan), bastakor (Özbəkistan və Tacikistan), trubadur (Fransa, XI–XIII yüzilliklər), skald (qədim və orta əsrlər Skandinaviyası), menestrel (İngiltərə), rapsod (qədim Yunanıstan) və bardlarla (İrlandiya və Şotlandiya) müqayisə etmək olar.

Azərbaycan aşıq sənəti çox dərin tarixi kökləri olan və yüzilliklər boyu keçilən inkişaf yolunun məntiqi məhsuludur. Ən qədim dövrlərdən indiyədək saz-söz sənəti daşıyıcıları ozan, uzan, varsaq, dədə, qam, ata və bir-çox başqa adlarla tanınmışlar. Öz yaradıcılıq fəaliyyətində onlar tarixi hadisələri və gündəlik həyatı nəsil, tayfa və xalqın tarixi yaddaşına çevirməklə kifayətlənməyərək, müdrik məsləhətçi, el ağsaqqalı, əski inam biliciləri kimi çıxış etmişlər.

XI–XVII əsrlər Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan Kitabi-Dədə Qorqud, XI–XII əsrlərdə aid edilir. Əsərin ilk nüsxəsinə XIX əsrin əvvəllərində Almaniyada Drezden kitabxanasında təsadüf edilmişdir. Həmin kitabxananın kataloqunu tərtib edən Fleyşer əlyazmasının üstündə olan bir qeydə əsaslanaraq əsəri XVI əsr kataloquna daxil etmişdir. 1815-ci ildə şərqşünas Henrix Fridrix fon Dits həmin əlyazmasının üzünü çıxardaraq Berlin kitabxanasına gətirmiş və "Təpəgöz" boyunu da alman dilinə tərcüməsilə birlikdə nəşr etmişdir.

XVIII–XIX əsrlər thumb|Aşıq Alı — XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən biri

XVIII–XIX əsrlərdə Azərbaycan və gürcü poeziyası sıx qarşılıqlı əlaqədə inkişaf edirdi. Azərbaycan şairləri və xanəndələri Gürcüstana gedir, orada uzun müddət yaşayır, azərbaycanca bilən gürcü şair və aşıqları ilə tanış olur və onlara müəyyən təsir göstərirdilər. Məhz bu təsirin nəticəsində gürcü şair və aşıqları da müxəmməs, müstəzad, təcnis, bayatı, gəraylı, qoşma, dodaqdəyməz, qəzəl və sair şeir formalarından istifadə edirdilər. Bu proses XIX əsrin axırları və XX əsrin əvvəllərində xüsusilə güclənmişdi. Başlıca səbəb isə Zaqafqaziyada aşıq sənətinin güclü inkişafı, Azərbaycan dastan yaradıcılığının Gürcüstanda geniş yayılması idi. Gürcüstanlı şair və alim İosif Qrişaşvili yazırdı:

XVIII əsrin ikinci yarısında yaşayıb yaratmış Sayat Nova kimi aşığın gürcü əlifbası ilə yazıya alınmış 27 şeiri ötən əsrin 1880-ci illərində tapılıb. Bu şeirlərdə onun Azərbaycan aşıq sənətinin incəliklərini dərindən bildiyi göstərilir. Aleksandr Xodzkonun azərbaycanlı Aşıq Sadıxın ifasında yazıya alınmış və 1842-ci ildə Londonda nəşr olunmuş "Specimens of popular poetry of Persia" kitabına daxil edilmiş "Koroğlu" havasını aşıq musiqisinin nota salınmış ilk nümunəsi hesab etmək olar.

Azərbaycan şifahi ənənəli musiqi irsinin ilk not yazıları XIX əsrdə rus folklorçularına məxsusdur. Gilanda rus konsulu kimi fəaliyyət göstərən Aleksandr Xodzko 1842-ci ildə "Koroğlu" dastanını Azərbaycan aşıqlannın ifasından yazıya almış və "Fars xalq poeziyası nümunələri" adı altında Londonda ingilis dilində Koroğlu havalarından ibarət məcmuə halında dərc etdirmişdir. Bu məcmuə 1856-cı ildə S. S. Penn tərəfindən rus dilinə tərcümə olunub, "Koroğlu Şərq şairi və xalq qəhrəmanı. Tərcümeyi-halı əlavə olunmaqla, onun bütün oxumalarının tam külliyyatı" adı ilə həm ayrıca kitab kimi, həm də "Qafqaz" qəzetinin səhifələrində nəşr olunmuşdur."Кёр-оглу. Восточный поэт-наездник. Полное собрание его импровизаций с присовокуплением его биографии", перевод с английского С. С. Пенн. Тифлис, 1856, газ. "Кавказ", 1856, № 21–24, 27, 31–34, 37–42

XX əsrin erkən illəri 1928-ci ildə Azərbaycan aşıqlarının I qurultayı keçirildi. 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində yaradılmış Elmi – tədqiqat xalq musiqisi kabinetinin Azərbaycan aşıq musiqisinin toplanılıb nota salınmasında mühüm rolu olmuşdur. 1938–40-cı illərdə Azərbaycanın müxtəlif rayonları üzrə folklor-etnoqrafik ekspedisiyalarında bilavasitə informatorlann, yəni söz-sənət təmsilçiləri olan aşıqların canlı ifasından yazıya alınmışdır.

SSRİ-nin yürütdüyü "dəmir pərdə" siyasəti uzun müddət Azərbaycan musiqisi üçün beynəlxalq musiqi məkanına çıxışı bağlamışdı. Xarici mədəni məkanda Azərbaycan aşıq yaradıcılığının mövqeyinin itirilməsi ilə yanaşı, Azərbaycanın özünün daxilində də keçən yüzilin 1920–30-cu illərin məlum şüarlarında ifadə olunmuş nihilist tendensiya tədricən aşıq yaradıcılığının ictimai statusunu laxlatdı. 1970-ci illərədək olan dövrdə Azərbaycan cəmiyyətində aşıq yaradıcılığına primitiv sənət kimi baxış tədricən möhkəmlənməyə başlasa da, cəmiyyətin müəyyən bir hissəsində aşıq yaradıcılığının populyarlığını azaltmadı.

1961-ci ildə aşıqların III qurultayı ərəfəsində akademik Həmid Araslı "Aşıq yaradıcılığı" adlı monoqrafiya çap etdirdi. Bu aşıq sənətinin öyrənilməsi sahəsində ilk təşəbbüs idi. Qurultaydan sonrakı illərdə aşıq sənətinin öyrənilməsi və tədqiqi geniş bir miqyas aldı.

Dəmir pərdə dövründən sonra (1970–1980-ci illər) 1970-ci illərin əvvəllərində SSRİ-də UNESCO-nun himayəsi altında, 1971-ci ildə Moskvada, 1973-cü ildə Almatıda, 1978-ci və 1983-cü ildə Səmərqənddə keçirilən ənənəvi musiqinin beynəlxalq festivalları Qərb üçün Sovet Şərqinin ənənəvi musiqisini, həmçinin orijinal musiqi mədəniyyəti kimi Azərbaycan aşıq yaradıcılığı sənətinin dirçəlişində rol oynadı.

Heydər Əliyevin 1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam Qərbi Azərbaycanın tarixi-mədəni irsinin məhz Azərbaycan xalqına mənsubluğunun rəsmən bəyan edilməsi olmuş və bu irsə sahib çıxmaq üçün bir işarə mahiyyəti daşımışdır. Bu sərəncam təkcə Aşıq Ələsgər irsinin deyil, Qərbi Azərbaycandakı aşıq mühiti və onun görkəmli nümayəndələrinin (Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Növrəs İman, Aşıq Məmmədhüseyn və b.) poetik irsinin toplanması və tədqiqi işində müstəsna rol oynamışdır. 1972–1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Aşıq Ələsgərin ədəbi irsini əhatə edən ikicildliyi hazırlayıb nəşr etdirmiş, 1975-ci ildə Aşıq Alının, 1976-cı ildə Zodlu Abdullanın əsərləri ilk dəfə kitab halında işıq üzü görmüşdür. Həmin illərdə aşıq sənətinin, xüsusən də Qərbi Azərbaycan aşıq mühitinin tədqiqi istiqamətində çoxlu dissertasiyalar yazılmışdır.İ. Ələsgərov. Aşıq Ələsgər və XIX əsr Göyçə aşıq mühiti, 1971M. Həkimov. Orta əsrlər Azərbaycan aşıq ədəbiyyatı, 1977

Həmin illərdə Cənubi Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri də toplanıb nəşr etdirilmişdir. 1979-cu ildə nəşrə başlayan və Azərbaycan folkloruna geniş yer ayıran "Varlıq" jurnalı, Səhəndin "Dədə Qorqud" motivləri əsasında yazılmış "Dədəmin öyüdü", "Dədəmin kitabı", "Dəli Domrul" poemaları və digər Güney şairlərinin o dövr yaradıcılığı Şimal Azərbaycanda güclənməkdə olan milli ideyaların Cənubi Azərbaycan ədəbi-mədəni mühitinə əsaslı təsirindən xəbər verir.

1970–80-ci illərdə Azərbaycanın ayrı-ayrı bölgələrində saz məktəbləri, aşıq ansamblları, aşıq muzeyləri yaradılmış, folklor bayramları mütəmadi xarakter almışdır. 1978-ci ildə Cəbrayılda təşkil olunmuş "Qurbani saz bayramı" xüsusilə yaddaqalan olmuş, 1979-cu ildə Gəncədə məşhur "Çeşmə" folklor teatrı, 1980-ci ildə ilk dəfə olaraq, aşıq qızlar ansamblı – "Aygün" fəaliyyətə başlamışdır. Televiziya və radioda dastan axşamları, milli-mənəvi dəyərləri təbliğ edən "Ozan", "Bulaq", "Odlar yurdu", "Ocaq", "Elin sazı – elin sözü" verilişləri meydana gəlmişdir. Həmin illərdə Respublika sarayında "Koroğluya qayıdaq" adlı aşıq gecələri təşkil olunmuşdur. 1979-cu ildə "İrs" folklor ansamblı fəaliyyətə başlamışdır.

1982-ci ildə xalq şairi Hüseyn Arifin təşəbbüsü ilə Azərbaycan Aşıqlar Birliyinin Təşkilat Komitəsi yaradıldı. Komitənin üzvləri aşıq Kamandar Əfəndiyev, Suleyman Ələsgərov, Vaqif Vəliyev, Məcnun Göyçəli, Aydın Çobanoğlu, Qaracan Borçalı (Kərimli), Əzizə Cəfərzadə, İmran Həsənov və Əhməd Şirvanlı idi. Bu tərkibdən ibarət olan təşkilat komitəsinin qərarı ilə 1982-ci ildən Azərbaycan Aşıqlar Birliyi öz nüfuzunu artıraraq 1984-cü ilin mart ayının 19-da Azərbaycan Dövlət Filarmoniyasında növbəti IV qurultayını keçirdi. Birlik 1984-cü ildən 19 iyun 1991-ci ilədək Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərirdi.

Müstəqil Azərbaycan dövrü thumb|left|Beynəlxalq Aşıq Festivalı

Azərbaycan SSRİ-dən müstəqillik əldə etdikdən sonra, Azərbaycan mədəniyyətinin dünyada təbliği mümkün oldu. Bunun nəticəsində, Azərbaycan aşıqları Azərbaycan dövləti tərəfindən dəstəklənir və dünyada onlara turlar təşkil olunur.

2000-ci illərdə "Azərbaycan xalq-peşəkar musiqisi: Aşıq sənəti" (2002), "Azərbaycan klassik aşıq havaları" (2009), "Koroğlu aşıq havaları" (2010) dərs vəsaitləri ali musiqi təhsili verən tədris müəssisələrində müəllim və tələbələr tərəfindən geniş istifadə edilməkdədir. Bu dərsliklərdə aşıq havalarının müxtəlif aspektlərdən nəzəri təhlilinə də ətraflı yer verilmişdir ki, bu da musiqişünaslıq və etnomusiqişünaslıq ixitaslarının tədrisində tələbələrin nəzəri-təhlili biliklərinin formalaşmasına xidmət edir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. Həmin ildə Strasburqda keçirilən 500 tamaşaçı olan tədbirdə 15 aşıq havası səsləndi.

2010-cu il oktyabrın 22-də, Bakıda Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq aşıq festivalının təntənəli açılış mərasimi keçirilmişdir. 2013-cü ildə Azərbaycan aşıq yaradıcılığı haqqında ilk fundamental dərslik nəşr olunub.

Azərbaycan aşıq yaradıcılığının janrları Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir. Klassik aşıq havalarından bayatı, gəraylı, qoşma, təcnis və başqaları poetik formalara əsaslanır. "Kərəmi", "Əfşarı", "Kürdü", "Dilqəmi", "Yanıq Kərəmi" kimi aşıq havalarının ayrı-ayrı variantları mövcuddur.

Qoşma