Məmməd Bəy oğlu Xeyirov () — görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya üzrə elmlər doktoru (1975), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) müxbir üzvü.

Həyatı Məmməd Xeyirov 1925-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur.

O, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsini fizika ixtisası üzrə bitirmişdir. 1964-cü ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1975-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almış, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir.

Pedaqoji və elmi fəaliyyəti O, 1941–1944-cü illərdə Xaçmaz rayon orta məktəbində fizika və riyaziyyat fənlərindən dərs demişdir. 1949–1951-ci illərdə Azərbaycan Dövlət Universietinin Rentgen-struktur analiz laboratoriyasında laborant, baş laborant və laboratoriya müdiri vəzifələrində işləmişdir. 1951–1957-ci illərdə Bakı Rabitə Elektrotexnikumunda fizika və riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. M. Xeyirov elmi fəaliyyətə 1957-ci ildə Azərbaycan Dövlət Neftçıxarma İnstitutunda böyük mühəndis vəzifəsində başlamışdır. Görkəmli alim, bu institutun Litologiya laboratoriyasının nəzdindəki Süxurların fiziki üsullarla tədqiqi bölməsində axtarış-kəşfiyyat quyularından kern nümunələrinin rentgen quruluş təhlili ilə tədqiqatlar aparmışdır. Həmçinin o, "Azəbaycan neft təsərrüfatı" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

Elmi əsərləri və ixtiraları M. Xeyirov 370 dərc olunmuş elmi əsərin, o cümlədən 8 monoqrafiya (həmmüəlliflərlə) və 2 ixtiranın müəllifidir.

İstinadlar

Kateqoriya:AMEA-nın müxbir üzvləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları