Nuru Yusif oğlu Bayramov () — Azərbaycan alimi; cərrah, transplantoloq, hepatoloq; tibb elmləri doktoru (1999), professor (2004), AMEA-nın müxbir üzvi (2014).
Həyatı Nuru Bayramov 17 sentyabr 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1970-ci ildə Nərimanlı kənd orta məktəbinə getmiş, 1980-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra elə həmin ildə də Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1986-cı ildə bu fakültəni "Lenin adına təqaüdçü" və cərrahiyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1986–1988-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci Cərrahi Xəstəliklər kafedrasında klinik ordinatura keçmiş, 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda "Cərrahiyə" ixtisası üzrə aspiranturaya daxil olmuş, 1991-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Tibb Akademiyasının aspiranturasını vaxtından əvvəl bitirərək "Tədqiqatçı həkim" ixtisası almışdır.
1991-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Tibb Akademiyasında "Xroniki osteomielitlərin kompleks müalicəsində kombinəolunmuş lazerlərin tədbiqi" adlı dissertasiya mövzusunu müdafiə edərək "tibb elmləri namizədi" (PhD) elmi dərəcəsini almışdır.
1991–1994-cü illərdə Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər kafedrasında assistent vəzifəsində işləmişdir. Qarabağ müharibəsi dövründə yaralılara Tərtər hərbi hospitalında və arxa cəbhədə cərrahi xitmətin göstərilməsində aktiv iştirak etmiş, Xocalı soyqırımı zamanı donmuş insanların müalicəsində yenilikçi fəaliyyət göstərmişdir.
1994-cü ildə "Qaraciyər cərrahiyyəsi və transplantasiyası" mövzuları üzrə elmi tədqiqat işləri aparmaq, "Laparoskopik, qastroentoroloji və onkoloji cərrahiyə" üzrə praktik təcrübə keçmək üçün Türkiyə Respublikasına ezam edilmişdir. 2000-ci ilə qədər Yüksək İxtisas Xəstaxanasında, Başkənd Universiteti Orqan Nəqli Klinikasında və Ankara Universiteti Cərrahi Onkologiya Bölümündə elmi-tədqiqat işləri aparmış və praktik təcrübə keçmişdir.
1996–1998 illərdə Türkiyənin Yüzüncü Yıl və Kırıkkale Universitetlərinin Ümumi cərrahiyyə kafedrasında Dossent Doktor kimi, kafedra müdirü vəzifəsində işləmiş, kafedraların qurulmasında, Laparoskopik cərrahiyyənin, qaraciyər cərrahiyyəsinin təşkil edilməsində iştirak etmişdir.
1999-cu ildə "Qaraciyər rezeksiyalarından sonrakı ağırlaşmaların proqnozlaşdırılması və profilaktikası" mövzusunda dissertasiya müdafiə edərək "Tibb elmləri doktoru" elmi dərəcəsi almışdır.
2000-ci ildə Türkiyədə ixtisaslaşma keçmək üçün göndərilən Mərkəzi Klinik Xəstəxananın həkim və tibb bacılarına rəhbərlik etmişdir. 2001-ci ildən Azərbaycana qayıdaraq Mərkəzi Klinik Xəstəxananın və Mərkəzi Gömrük Hospitalının təşkilində, kadr hazırlığında, ümumi laparoskopik və transplantasyon cərrahiyyənin yaradılmasında aktiv iştirak etmişdir.
2001-ci ildə Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər kafedrasında dossent, 2004-cü ildə professor, 2012-ci ildən isə kafedra müdiri vəzifəsinə seçilmişdir. 2015–2016-cı illərdə ATU Cərrahi Klinikasının direktor əvəzi vəzifəsində işləmişdir.
2014-cü ildə Tibb elmləri ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
2018–2020-ci illərdə Milli Məclisin Səhiyyə Komitəsində işçi qrupun üzvü kimi İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası qanununun hazırlanmasında faəl iştirak etmişdir.
2020-ci ildə ATU Cərrahiyyə Klinikasında, Dövlət Təhlükəsisliyi Xidmətinin Mərkəzi Hospitalında və Mərkəzi Gömrük Hospitalında II Qarabağ müharibəsi yaralılarına cərrahi xidmətin tədrisində, təşkilində və hayata keçirilməsində fəal iştirak etmişdir.
2020–2021-ci illərdə koranovirus xəstələrində cərrahi, transplantasyon və hepatoloji problemlərin həllində konsultativ kömək göstərmiş, elmi-praktik ilərin təşkilində iştirak etmişdir.
Fəaliyyəti
Elmi fəaliyyəti Nuru Bayramov elmi fəaliyyətinə tələbəlik illərindən başlamışdır. Universitetin 3-cü kursundan başlayaraq tələbə elmi cəmiyyətinin üzvü, 1984–1986-cı illərdə müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri olmuş, dəfələrlə Azərbaycanda və SSRİ-nin müxtəlif ölkələrində keçirilən Tələbə Elmi Cəmiyyətlərinin konfranslarında çıxış etmişdir. Hələ tələbəlik dövründə onun 11 elmi işi çap olunmuşdur. Əlaçı tələbə olduğu və elmi işlərdə aktiv fəaliyyətini nəzərə alaraq ona 1985-ci ildə İnstitiun ən yüksək təqüdü olan "Lenin təqaüdü" verilmiş və klinik ordinaturaya qəbul edilmişdir. O elmi fəaliyyətini klinik ordinatura dövründə də davam etdirmiş, pilonidal sinusun müalicəsinə aid səmərəli təklif və ixtira şəhadətnamələri almışdır.
Onun sonrakı elmi fəaliyyəti 1988–1991-ci illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunun Ümumi cərrahiyyə kafedrasında aspiranturada davam etmişdir. Burada professorlar V. İ. Qostişevin və V. A. Vertyanovun rəhbərliyi altında lazerlərin cərrahiyyədə tətbiqi üzrə elmi işlər aparmış, 1991-ci ildə aspiranturanı vaxtından əvvəl bitirmiş və "Xroniki osteomielitlərin kompleks müalicəsində kombinəolunmuş lazerlərin tədbiqi" adlı dissertasiya mövzusunu müdafiə edərək "tibb elmləri namizədi" (tibb üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır.
1991-ci ildə Azərbaycana qayıdaraq Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasında assistent kimi fəaliyyətə başlamışdır. Burada lazerlərin cərrahiyyədə tətbiqi mövzusunda tədqiqatlarını davam etdirməklə yanaşı, odlu silah yaralanmalarının müalicəsinə aid tədqiqatlar aparmış, bir neçə məqalə və konfranslarda çıxışlar etmişdir. 1992-ci ildə Xocalı soyqırımı vaxtı əl və ayaqları donmalarla məruz qalan Azərbaycan vətandaşlarının müalicəsində ilk dəfə olaraq suda həll olan məlhəmlər və lazer şüaları təbiq etmişdir. Bu yeni müalicənin nəticəsində nekrozun həcmi azalmış, hüdudlanma və müalicə müddəti xeyli qısalmışdır. Onun bu sahədə apardığı tədqiqatların nəticəsində bir neçə məqalə, bir fəlsəfə doktorluğu dissertasiyası və ixtira ortaya çıxmışdır.
Onun növbəti elmi fəaliyyəti 1994–2000-ci illərdə Türkiyənin Yüksek İhtisas Hastanesi, Başkent Universitesi, Ankara Universitesi və Yüzüncü Yıl Universitesində davam etmişdir. O bu elmi-tədris ocaqlarında uzmanlıq və yan ixtisaslaşma keçməklə yanaşı transplantasiya, qaraciyər rezeksiyaları və laparoskopik cərrahiyyə üzrə klinik və eksperimental tədqiqatlar aparmışdır. Canlı donorlarda qaraciyər rezeksiyaları, qaraciyər rezeksiyasında su şırnağı, sirrotik qaraciyər rezeksiyalarında ultrasəs bışağı (CUSA) və arqon koaqulyatoru, lazerin və dalarginin qaraciyər regenerasiyasına təsiri, rezeksiyalardan sonra qaraciyərin morfo-funksional regenerasiyası, ağırlaşmaların profilaktikası, laparoskopik cərrahiyyədə ağırlaşmalar, qaraciyər yaralanmalarının təsnifatı və s. onun bu dövrdəki əsas tədqiqat mövzuları olmuşdur. O, 1997-ci ildə Van şəhərində Yüzüncü Yıl Universitetində su şırnağının qaraciyər rezeksiyasında tətbiqi üzrə eksperimental tədqiqatlar aprmış və su şırnağının bəzi parametrlərini dəqiqləşdirə bilmişdir (diametri və təzyiqi). Bu mövzu üzrə bir neçə məqalə və bir fəlsəfə doktorluğu dissertsiyası müdafiə edilmişdir.
O qaraciyər rezeksiyası və transplantasiyası üzrə apardığı klinik və eksperimental tədqiatların nəticəsində 2 monoqrafiya, 31 məqalə nəşr etdirmiş, 1999-cu ildə "Qaraciyər rezeksiyalarından sonrakı ağırlaşmaların proqnozlaşdırılması və profilaktikası" mövzusunda dissertasiya müdafiə edərək "tibb elmləri doktoru" elmi dərəcəsi almışdır.
Nuru Bayramov 2000-ci ildə Azərbaycana qayıdaraq Azərbaycan Tibb Universitetində əvvəl dosent, professor, hazırda isə I cərrahi xəstəliklər kafedrasının müdiri kimi fəaliyyətini davam etdirir. Bu dövrdə onun elmi fəaliyyətinin əsas istiqamətlərini qaraciyər rezeksiyaları, qaraciyər və böyrək trasnplantasiyası, laparoskopik və metabolik cərrahiyyə, kök hüceyrələr, süni intellekt və genetik tədqiqatlar təşkil etməkdədir. Onun rəhbərliyi ilə laparoskopik appendektomiya, laparoskopik fundoplikasiya, laparoskopik öd yolları müayinələri, laparoskopik xoledox əməliyyatları, laparoskopik yırtıq təmiri, laparoskopik simultan əməliyyatlar, kolon poliplərində kök hüceyrələr, kolon kanserində gen polimorfizmi, tiroid düyünlərində elastoqrafiya və yod polimerləri mövzularında dissertasiyaları müdafiə edilmiş, qaraciyər transplantasiyasında biliar ağırlaşmalar, mikro-RNT-lər, qaraciyər disfunksiyası və histonlar, qaraciyər patologiyalarında elastoqrafiya, süni intellektin tətbiqi, aşırı piylənmədə bariatrik əməliyyatlar, mövzularında dissertasiya işləri davam etdirilməkdədir. Oun elastoqrafiya və yağlı qaraciyərlərə bağlı sirrozlarda gen polimorfizmi üzrə qrant layihələri qəbul edilmişdir. Azərbaycanda ilk dəfə olaraq kök hüceyrlərinin qaraciyər xəstəliyində tətbiqi onun tərəfindən həyata keçirilmişdir. O dünyada ilk dəfə olaraq kolorektal polplərdə kök hüceyrələr üzrə tədqiqatlarda mühüm nəticələr əldə etmişdir. Ölkəmizdə kök hüceyrlər barədə ilk elmi tədqiqat işləri, qaraciyər xəstəliklərində və Koron xəstəliyində kök hüceyrələrinin tətbiqi onun tərəfindən aparılmışdır.
O Azərbaycanda və dünyada elmi-təşkilatı işlərdə aktiv fəaliyyət göstərir. Azərbaycanda tibb elminin piroritet istiqamətlərinin müəyyənləşdirilməsində və təbliğində (kök hüceyrələr və regenerator tibb, genomika, molekulyar biologiya, yüksək texnologiyalar, süni intellekt və tibb, sübutlu təbabət, translyasyon tibb və s.) aktiv iştirak edir. Onun təşkilatçılığı ilə 2014-cü ildən başlayaraq ilə hər il 5–6 beynəlxalq konfranslar keçirilir ki, bunlara Bakı-Malatya Transplatasiya günləri, Türkiyə-Azərbaycan Hepatoloji Kursu, Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə, Endokrin Cərrahiyyə, Kolorektal Cərrahiyyə üzrə requlyar keçirilən konfransları aid etmək olar. O Beynəlxalq Transxəzər Hepato-Pankreato-Biliar Cərrahlar Cəmiyyətinin təsiscisi və ilk prezidentidir.
2026-ci ilin yanvarına qədər 271 kongresdə iştirak etmiş (107 kongresdə iştirak, 111 çıxış, 53 kongresin təşkili), 500-dən çox işi çap olunmuşdur (51 kitab, 14 metodik tövsiyyə, 253 məqalə, 252 tezis). Alim 14 ixtira və səmərələşdirici təklifin müəllifidir. Rəhbərliyi altında 8 dissertasiya işi müdafiə olunmuşdur. O 20-yə yaxın beynəlxalq çoxmərkəzli tədqiqtın iştirakçısıdır. Onun 03.01.2026 tarixində Hi indeksi Google Scholar üzrə 12, Research Gate üzrə 8, Scpopus üzrə 7 , Web of Science üzrə 5-dir. İki qrant layihəsinin iştirakçısıdır. Hazırda orqan transplantasiyası, laparoskopik, metabolik cərrahiyyə, genetika, süni intellekt, kök hüceyrələr üzrə və çoxmərkəzli tədqiqatlarını davam etdirir.
Praktik fəaliyyəti Nuru Bayramov Azərbaycanda klinik, elmi təbabətin və tibb təhsilinin müasirləşməsi və inkişafı prosesində aktiv iştirak edir. 1990-cı illərdə Bakıda və cəbhə xəttindəki hərbi hospitallarda Qarabağ müharibəsində yaralanalara ixtisaslaşmış cərrahi xidmət göstərmişdir. 1992-ci ildə Xocalı soyqırımında evlərini tərk etməyə məcbur olub bir neçə gün soyuqda qaldıqdan sonra əl və ayaqlarında donmalar baş verən mülki əhalinin müalicəsində aktiv iştirak etmiş və yeni müalicə üsulunu tətbiq edərək uğurlu nəticə əldə etmişdir. Bundan başqa 1994-cü ilin yanvar ayında Tərtər rayonunda 2 saylı Hərbi Səhra Hospitalında çalışmış, çoxsaylı yaralı əsgərlərə ixisaslaşmış cərrahi xidmət göstərmişdir.
O həmçinin 2020-ci ildə ATU Cərrahiyyə Klinikasında, Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzi Hospitalında və Mərkəzi Gömrük Hospitalında II Qarabağ müharibəsi yaralılarına cərrahi xidmətin tədrisində, təşkilində və hayata keçirilməsində fəal iştirak etmişdir.
O Türkiyədə Yüzüncü Yıl Universiteti və Kırıkkale Universiteti Tibb Fakültələrində ümumi, laparoskopik və qaraciyər cərrahiyyəsinin təşkilində fəal iştirak etmişdir.
Azərbaycanda laparoskopik, transplantasyon, qaraciyər və bariatrik-metabolik cərrahiyənin elmi-praktik əsasını qoyan, beynəlxalq klinik protokolları təşkil və tətbiq edən öncüllərdəndir.