Əbu Məhəmməd əl-Həccac ibn Yusif ibn Həkəm əs-Səqafi (; ) — Zalım ləqəbi ilə tanınan Əməvi valisi.

Həyatı Hicri 41-ci ildə (661) Taifdə anadan olub. Səqif qəbiləsinin Əhlaf qoluna mənsubdur. Əməvilərə sadiq olduğuna görə ona "Küleyb" (; ) ləqəbi verilmişdir. Bir digər ləqəbi isə "Nasibi"dir (; ). Bu ləqəb ona Əhli-Beytdən olan xanımını Əbdülməlik ibn Mərvanın sözü ilə boşamasından sonra verilmişdir. Kiçik yaşlarında Quranı əzbərləmiş, qardaşı ilə birlikdə uşaqlara Quran öyrətmişdir.

Həccac, I Muaviyənin hakimiyyəti ələ keçirdiyi illərdə dünyaya gəlmiş və onun səltənəti dövründə boya-başa çatmışdı. Mənsub olduğu Səqif qəbiləsi ilə Üməyyəoğulları (Əməvilər) arasında hələ Cahiliyyə dövründən bəri davam edən dostluq münasibətləri mövcud idi. Əməvilərə müxalif olan Abdullah ibn Zübeyr Hicazda xilafəliyini elan etdikdən sonra Üməyyəoğulları və Səqiflilər bölgədən köçməyə başladılar. Həccac da atasının müşayiətilə yəqin ki, bu dövrdə Taifdən Dəməşqə köçmüşdü.

Əməvi səltənəti, II Muaviyənin çox qısa sürən xilafətindən sonra dağılmaq üzrə olarkən, ailənin bütün üzvləri və Səqif qəbiləsinin nüfuzlu şəxsləri Cəbiyədə toplanaraq xilafətə kimin gətiriləcəyini və ona kimin xələf olacağını müzakirə etdilər. Bu məclisdə Yusif ibn Həkəm və oğlu Həccac da iştirak etmişdi. Xüsusilə Səqifli Übeydullah ibn Ziyadın təşviqi və bəzi Əməvi nümayəndələrinin dəstəyi ilə Əməvi hakimiyyətində bir növ qan dəyişimi baş verdi və Üməyyəoğulları içində böyük nüfuza malik Mərvan ibn Həkəmə beyət edildi.

Əməvilərin ölkə üzərində nəzarəti yenidən ələ almaları, böyük ölçüdə Həccac və atasının da daxil olduğu Səqiflilərin bu səmimi dəstəyi sayəsində mümkün olmuşdu. Hakimiyyətə gələn Mərvan isə Misirdə yaşayan Səqiflilərin də dəstəyini qazanmaq məqsədilə Yusif ibn Həkəm və Həccacla birlikdə oraya getdi. Mərvan, Misiri nəzarət altına aldıqdan sonra onları müxalifətin mərkəzinə çevrilmiş Hicaza göndərdiyi orduya daxil etdi. Lakin bu ordu Abdullah ibn Zübeyrin qüvvələri tərəfindən darmadağın edildi. Həccac və atası canlarını güclə xilas etdilər.

Mərvanın ölümündən sonra xilafətə gələn oğlu Əbdülməlik ibn Mərvan, Abdullah ibn Zübeyrin qardaşı və Bəsrə valisi Musab ibn Zübeyrə qarşı təşkil olunan yürüşdə Həccacı arxa qüvvələrin komandanı təyin etdi. Həccacın Əməvi dövlət idarəsində fəal rolu da məhz bu hadisədən sonra başlamış oldu.

Həccac, Musab aradan götürüldükdən sonra (691), Hicazda İbn Zübeyrə qarşı mübarizə aparmaq üçün göndərilən 2000 nəfərlik ordunun baş komandanı təyin edildi. Qərargahını doğulduğu Taif şəhərində quran Həccac, Məkkəyə gedən yolları kəsərək şəhərə ərzaq tədarükünü əngəllədi. Eyni zamanda göndərdiyi kiçik dəstələr zaman-zaman Ərəfat dağına qədər soxularaq təxribatçı əməliyyatlar həyata keçirdilər.

Üç ay sonra tələb etdiyi 5000 nəfərlik əlavə qüvvənin gəlməsi və Məkkənin mühasirəyə alınmasına icazə verilməsi ilə Həccac, şəhəri mühasirəyə aldı və təpələr üzərində yerləşdirdiyi mancanaqlarla şəhəri daşa tutmağa başladı. Altı ay yarımdan artıq davam edən bu mühasirə nəticəsində şəhərdə baş verən aclıq İbn Zübeyrin tərəfdarları arasında parçalanmaya səbəb oldu. Nəticədə İbn Zübeyr, etdiyi çıxış hücumu zamanı öldürüldü (1 oktyabr 692). Beləliklə, Hicaz, İraq və Misirdə doqquz il hökm sürən və Əməvi dövlətinə ağır günlər yaşadan Abdullah ibn Zübeyrin xilafətinə son qoyuldu. Həccac, Abdullah ibn Zübeyrin cəsədini Məkkənin qibləgahında, dar ağacında günlərlə asılı saxlatdı.

Bu hadisədən sonra Həccac, Abdullahın anası – Əsma binti Əbu Bəkrin yanına gəldi və ona təkəbbürlə dedi:

Əsma isə qürurla cavab verdi:

Başqa bir rəvayətdə isə o, belə deyir:

Bu sözlər Həccacı çox təsirləndirmiş və susmaqdan başqa bir şey edə bilməmişdi. Bir digər rəvayətdə isə Əsma yanına gələn Həccaca bunlar deyir:

Mənbələrdə fərqli rəvayət formaları olsa da, ümumi məzmun eynidir: Əsma Həccacın təkəbbürlü sualına iman, mərdlik və izzətlə cavab verir. Ən məşhur versiyada onun dediyi bu söz tarixə keçmişdir:

Həccac İbn Zübeyri öldürməsi qarşılığında Hicaz, Yəmən və Yəmamə vilayətlərinin valisi təyin edildi. Üç il bu vəzifədə qaldıqdan sonra, xəlifə Əbdülməlikin qardaşı Bişr ibn Mərvanın ölümündən sonra (694), həm strateji əhəmiyyətə, həm də üsyan mərkəzinə çevrilmiş İraqa vali olaraq göndərildi. Bu bölgədə Əməvilərə qarşı üsyan edən xaricilər kiçik silahlı dəstələrlə Əməvi ordularını məğlub edir, Əlinin tərəfdarları isə idarəçiləri çətinliklərlə üz-üzə qoyurdular. Həccac İraqı çox sərt tədbirlərlə idarə etməyə başladı. Onun sərt idarə üsulundan qurtulanlar ya muxaliflərə qoşulur, ya da Mədinə valisi Ömər ibn Əbdüləzizə sığınırdılar. Bu hal bir müddət sonra Ömərin valilikdən uzaqlaşdırılması ilə nəticələnir. 697-ci ildə Həccacın səlahiyyətləri daha da artılırdı. O, bütün şərq əyalətlərinin valisi təyin edildi. Onun valiliyi dövründə xaricilərin İrandakı, Mutərrif ibn Muğirənin Mədaindəki, Şəbib ibn Yezidin Mosuldakı və Əbdürrəhman ibn Məhəmməd ibn Əşasın Xorasandakı üsyanları yatırıldı.

İraqda Əməvilərə muxalif olan hər hərəkatı amansızlıqla yatıran Həccac, iyirmi beş ildən çox davam edən mübazirəsindən sonra Kufə ilə Bəsrə arasındakı özünün inşa etdirdiyi Vasit şəhərində öldü (Ramazan 95 / iyun 714).

Mənbələr onun Səid ibn Cübeyri öldürdükdən bir neçə ay sonra öz ölümünü istəyəcək qədər, böyük ruhi problemlərə məruz qaldığını, nəticədə dözülməz mədə ağrıları içində öldüyünü yazmışlar.

Onun ölüm xəbərini alan islam alimləri ona rəhmət oxumamışlar: Həsən əl-Bəsri, "Allahım, onu aradan götürdüyün kimi, sünnəsini də aradan götür." deyə dua etmiş, Ömər ibn Əbdüləziz şükür səcdəsi etmiş və İbrahim ən-Nəxai sevincdən ağlamışdır.

Digər tərəfdən mənbələr onun Quran əhlinə qarşı çox əliaçıq olduğunu, mal-mülkə düşkün olmadığını qeyd edirlər. Mənbələrdə onun sadəcə bir qılınc, bir yəhər, bir müshəf, bir rəhlə və 300 dirhəm də pul miras buraxdığı qeyd olunur.

Haqqındakı fikirlər

Müsəlman müəlliflərin fikirləri Zəhəbi, Həccacı zalım, qəddar və qan tökücü kimi sifətlərlə tənqid etsə də, onun Qurana böyük hörmət bəslədiyini qeyd edir.

Sicistani, Həccacın hafizləri toplayaraq Quranın hərfləri ilə bağlı müxtəlif tədqiqatlar apardığını, həmçinin müxtəlif surələrdə keçən on bir kəlmənin yazılışını müəyyən bir qiraətə əsasən sabitlətdiyini və özü də hər gecə Quran oxuduğunu qeyd edir.

Məsudi və İbn əl-Əsir Həccac haqqında bunları yazırlar:

Tarixçilərin yazdığına görə Həccac hicri 95-ci ildə, 20 illik hakimiyyətdən sonra ölərkən bu müddətdə onun əmrilə qətlə yetirilənlərin sayı (müharibələrdə ölənlərdən başqa) 120 min nəfəri ötürdü. Həccac ölən zaman onun həbsxanalarında 50 min kişi və 30 min qadın var idi ki, bu qadınlardan 16 min nəfəri çılpaq idi. Məsudi bu hadisəni nəql etdikdən sonra yazır: İbn əl-Cəvzinin "Tarix"ində göstərilir ki, Həccacın məhbuslarının yeməyini arpa unu, kül və duzun qarışığı təşkil edirdi. Həccacın zindanlarında bir neçə gün yatan hər kəs bu növ qidanın və günəş şüasının nəticəsində qara dərili insan şəklinə düşürdü.

İbn Quteybə yazır:

Livanlı yazıçı Şeyx Muğniyə yazır:

Nəhayət, Ömər ibn Əbdüləziz Həccac barəsində deyirdi:

Burada II Ömərin sözlərinin mənası müəyyən qədər aydın olur:

Qərbli tədqiqatçıların fikirləri Həccac haqqında xoşagəlməz sözlər söyləyən müsəlman elm adamlarından fərqli olaraq, Qərb tədqiqatçılarının əksəriyyəti Həccac haqqında deyilən Zalım sifətin bir ittiham olduğunu və həqiqəti əks etdirmədiyini qəbul edirlər. Bununla yanaşı, onlar Həccacın sərt bir idarəçi olduğu və dövrün şərtlərinə uyğun olaraq onun sərt davranmasının zəruri olduğu fikrini bölüşürlər.

P. Hittiyə görə, Həccac haqqında yazılmış tarix kitablarının əksəriyyəti Abbasi xilafəti dövründə qələmə alındığı üçün onu qana susamış bir zalım və əsl Neron kimi göstərmişlər. Əslində isə Həccacın gördüyü sərt tədbirlər nəticəsiz qalmamışdır.

J. Wellhausen də Həccaca aid edilən pis əməlləri və qətlləri uydurma hesab edir və bunları Həccacın ölümündən sonra belə düşmənlərinin ona qarşı davam edən kin-küdurətinin nəticəsi kimi qiymətləndirir. O, həmçinin Həccacın Bəsrədə Zaviyə döyüşündən sonra böyük bir izdihamı öldürdüyü barədə xəbəri əsassız hesab edir. Kremer və Vlotenı da bu əsassız xəbərlərə inandıqları üçün tənqid edir.

J. Wellhausen bildirir ki, əksinə, Həccac Bəsrədə Əbdürrəhman ibn Məhəmməd ibn Əşas ilə mübarizəsindən sonra dərhal döyüşü dayandıranlar üçün ümumi əfv elan etmiş, Suriya əsgərlərinin işğal etdikləri şəhərlərdə həddi aşmalarının qarşısını almışdır. Lakin buna baxmayaraq, əfvi qəbul etməyib müqavimət göstərənləri öldürmüşdür.

J. Wellhausenın fikrincə, Həccac öz dövrünün insanlarından daha az xurafatçı, adət-ənənələrə daha az bağlı, dinsiz və münafiq bir insan deyildi. Qısacası, Wellhausena görə, Həccac həm sağlığında, həm də ölüm ayağında vicdanı rahat olan bir insan idi.

G. Levi Della Vida da J. Wellhausenın fikrinə qoşularaq, H. Lammens kimi, Həccacın sadiq bir müsəlman olduğunu bildirir. H. Lammens əlavə olaraq onun yalnız islahatçı bir insan deyil, həm də yaradıcı və bacarıqlı dövlət xadimi olduğuna inanır.

H. Lammens Həccacın səmimi müsəlman olduğunu bir daha vurğulayarkən, ona aid edilən zalımlıq sifətinin, həmçinin Həccac öldüyü zaman 50 min kişinin və 30 min qadının zindanlarda olduğu və onun 120 min və ya 130 min nəfəri öldürdüyü barədə iddiaların Həccaca qarşı uydurulmuş yalan və ittihamdan ibarət olduğunu bildirir.

Həmçinin bax

Yusif ibn Ömər əs-Səqəfi

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Emevi Devlet Otoritesinin Tesisinde Haccac B. Yusuf Es-Sakafî'nin Fonksiyoner Rolü

Kateqoriya:Ərəb generallar Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:İslam tarixi Kateqoriya:Tabiinlər Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Əməvi sərkərdələri