Los-Anceles Kaliforniya Universiteti () — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.

Tarixi 1881-ci ilin martında Kaliforniya ştatının qanunvericilik orqanı Los-Anceles şəhərində Kaliforniya Ştatı Normal Məktəbinin (sonradan San-Xose Ştat Universiteti adlandırılır) cənub filialının yaradılması haqqında qərar verir. 1882-ci il avqustun 29-da Los-Anceles şəhərində Kaliforniya Ştatı Normal Məktəbinin filialı açılır və 1887-ci il avqustun 29-da təhsil müəssisəsinə Los-Anceles Ştatı (Dövlət) Normal Məktəbi adı verilir.

1914-cü ildə məktəb Hollivud rayonunun Vermont avenyu ərazisində yaradılan yeni kampusa köçür. 1917-ci ildə Soutlendi təmsil edən yeganə regent (naib) Edvard Dikson və Normal Məktəbin direktoru Ernest Keroll Mur Kaliforniya Universitetinin Berklidən sonra ikinci filialını - cənub kampusunu yaratmaq məqsədi ilə fəaliyyətə başlayırlar. Berkli Universitetinin məzunları - ştatın qanunvericilik orqanının nümayəndələri və 1899-1919-ci illərdə Kaliforniya Universitetinə rəhbərlik etmiş Bencamin Uiler bu ideyaya qarşı çıxırlar. Kaliforniya Universitetinin yeni prezidenti Devid Preskott Barrouz isə filialın yaradılmasına razılıq verir. 1919-cu il mayın 23-də Kaliforniya ştatının qubernatoru Uilyam Stivens Kaliforniya Universitetinin Cənub filialının yaradılması haqqında sənədi imzalayır. Həmin ilin 15 sentyabrında açılan ali məktəbdə filologiya və pedaqogika ixtisasları üzrə ikiillik bakalavr təhsili almaq mümkün olur.

Cənub filialının tələbələrinin sayı tez bir zamanda sürətlə artır və 1920-ci ilin ortalarında ali məktəb Vermont avenyudakı ərazisini xeyli genişləndirir. 1925-ci ildə ali təhsil müəssisəsi Beverli Hillsdə Beverli-sayt adlı yeni ərazi əldə edir. 1926-cı ildə Kaliforniya Universitetinin Cənub filialının idman komandası Sakit okean sahili Konfransına daxil olur və "Bruins" adlandırılır. 1927-ci ildə bu ali təhsil ocağına Los-Ancelesdə yerləşən Kaliforniya Universiteti adı verilir.

1929-cu ildə Los-Anceles Kaliforniya Universitetində bakalavrlar üçün 5500 nəfərlik korpus inşa edilir. Berkli Universitetinin müqavimətinə baxmayaraq, Los-Anceles Kaliforniya Universitetinin rəhbərliyi, müəllimləri və məzunlarının təkidi ilə burada 1933-cü ildən magistr, 1936-cı ildən isə doktorluq dərəcələri verilir.

1950-ci ildə Los-Anceles Kaliforniya Universiteti artıq ciddi və nüfuzlu elmi-tədqiqat mərkəzinə çevrilir. Kaliforniya Universitetinin prezidenti Robert Qordon Sproul Los-Anceles Kaliforniya Universitetini və Berkli Universitetini "Kaliforniya Universitetinin iki ayağı" adlandırırdı. 1951-ci ildən başlayaraq Los-Anceles Kaliforniya Universitetinə kansler seçilir və bununla da ali məktəb muxtariyyət əldə edir. 1960-cı ildə universitetə kansler seçilmiş Franklin Devid Merfinin səyi nəticəsində təhsil müəssisəsi sürətli inkişaf yoluna qədəm qoyur, burada müxtəlif fakültələr açılır. Los-Anceles Kaliforniya Universiteti Kaliforniya Universitetinin bir qolu deyil, müstəqil mövqeyə malikdir. Bu dəyişikliklər kansler F. Merfinin təşəbbüsü ilə aparılır.

Müasir vəziyyəti Los-Anceles Kaliforniya Universiteti Los-Anceles şəhərinin qərb hissəsində Vestvud rayonundan şimala və Sanset bulvarından cənuba 419 akr ərazidə yerləşir. 1919-cu ildə ali məktəbin kampusunda cəmi dörd bina var idi, hazırda isə burada 174-dən çox tikili mövcuddur. Qədim binalar roman və Renessans üslublarında tikilib. 1950-ci ildən sonra isə müxtəlif memarlar tərəfindən müxtəlif üslublara aid yeni-yeni tikililər ucaldılıb. Bağlar, fəvvarələr, muzeylər, qarışıq memarlıq nümunələrinə aid binalar kampusa əsrarəngiz gözəllik bəxş edir.

Universitetin şəhərciyi Cənub və Şimal hissələrdən ibarətdir. Şimal kampusda İtaliya kərpicindən tikilmiş qədim binalar vardır. Humanitar, İncəsənət, Hüquq, Biznes məktəbləri, Dikson məhkəməsi həmin kampusda fəaliyyət göstərir. Cənub hissədə isə daha müasir binalar mövcuddur və Fiziki elmlər, Texnika, Psixologiya, Riyaziyyat, Tibb məktəbləri, universitetin Tibb Mərkəzi yerləşir.

Şəhərcikdə ən hündür bina 1950-ci ildə yəhudi və Fələstin ərəbləri arasında sülhün bərqərar olması üçün böyük səy göstərdiyinə görə Nobel mükafatına layiq görülmüş afro-amerikalı Ralf Bançın adını daşıyan tikilidir. Binanın girişində onun büstü qoyulub. R.Banç Los-Anceles Kaliforniya Universitetinin ilk Nobel mükafatına layiq görülmüş məzunu olub.

Kampusda, burada çoxlu sayda yeraltı və yerüstü dayanacaqlar olmasına baxmayaraq, maşın sıxlığından və dayanacaqların çatışmazlığından əziyyət çəkilir. Tələbələrin və əməkdaşların kampus ərazisində sərbəst hərəkətini təmin etmək üçün xüsusi yerli avtobuslar mövcuddur.

Hollivud universitetin yaxınlığında yerləşdiyindən ali məktəbin kampusu bir çox filmlərin çəkildiyi məkana çevrilib. Bunlardan "Sarışın", "Köhnə məktəb", "Ağlı çaşmış professor" və s. qeyd etmək mümkündür. 2009-cu ilin yanvar ayında Hollivud kinokampaniyası burada "Mənim adım Xandır" filmini çəkib.

Los-Anceles Kaliforniya Universitetində Filologiya və Elmlər, Humanitar, Həyat haqqında, Fizika, Sosial elmlər kollecləri, Beynəlxalq, Ətraf Mühitin Mühafizəsi institutları, İncəsənət və memarlıq, Mühəndislik və tətbiqi elmlər, Hüquq, İdarəetmə, İctimaiyyətlə əlaqələr, Teatr, kino və televiziya, Təhsil və informasiya tədqiqatları ali, Devid Geffen adına Tibb, Stomatologiya, Səhiyyə, Tibb bacısı məktəbləri mövcuddur.

Filologiya və Elmlər Kolleci 1919-cu ilin mayından fəaliyyət göstərir. Kollec 34 akademik departamentdən ibarətdir. Burada humanitar, həyat haqqında, fizika, sosial elmlər bölmələri var. Humanitar elmlər bölməsinə incəsənət tarixi, klassika, ingilis dili, linqvistika, musiqişünaslıq, fəlsəfə, dinşünaslıq, proqramların yazılışı fakültələri aiddir. Həyat elmləri bölməsi psixobiologiya, hesablama və sistem biologiyası, ekologiya və təkamül biologiyası, mikrobiologiya, immunologiya və molekulyar genetika, molekulyar, hüceyrə və inteqral fiziologiya, nevrologiya, fiziologiya elmləri fakültələrindən ibarətdir. Fizika elmləri bölməsinə atmosfer və okean elmləri, kimya və biokimya, yer və kosmik elmlər, riyaziyyat, fizika və astronomiya, statistika fakültələri daxildir. Sosial elmlər bölməsi Afro-Amerika tədqiqatları, antropologiya, arxeologiya, kommunikasiya elmləri, iqtisadiyyat, coğrafiya, tarix, insan kompleks sistemləri, siyasi elmlər, sosiologiya, qadın problemləri tədqiqatları fakültələrindən ibarətdir.

Təhsil və informasiya tədqiqatları ali məktəbi 1919-cu ildə Los-Anceles Kaliforniya Universitetinin nəzdində yaradılıb. Burada pedaqogika, informatika sahələri üzrə magistr, doktorluq dərəcələri, müxtəlif sertifikatlar verilir. Məktəbdə informasiya tədqiqatları üzrə informasiya və kitabxana elmləri magistri, kitabxana işi, arxiv tədqiqatları, kinematoqrafiya, televiziya və kino arxivləri və s. departamentlər var.

İdarəetmə məktəbi 1935-ci ildə yaradılıb. Məktəbdə mühasibat, idarəetmənin həlli, əməliyyatı və texnologiyası, təşkilatçılıq tədqiqatları, maliyyə, qlobal iqtisadiyyat və idarəetmə, insan resursları və təşkilati davranış, informasiya sistemləri, marketinq, siyasət, daşınmaz əmlak və s. departamentləri, Harold və Poulin Sahibkarlıq Tədqiqatları, Lourens və Lori Maliyyə və İnvestisiya mərkəzləri fəaliyyət göstərir.

Mühəndislik və tətbiqi elmlər məktəbi 1945-ci ildə yaradılıb. İlk bakalavr dərəcəsi məktəbdə 1947, magistr 1948, doktorluq dərəcəsi isə 1950-ci ildə verilib. Məktəb 7 akademik departamentdən ibarətdir (aerokosmik sənaye, biomühəndislik, kimya və biomolekulyar mühəndislik, informatika və hesablama texnikası, elektrotexnika, istehsal, materialşünaslıq, maşınqayırma) və 28 ixtisas proqramı təklif edir.

Məktəbi "İnternetin yarandığı məkan" adlandırırlar, belə ki, 1969-cu il oktyabrın 29-da professor Leonard Kleynork və onun tədqiqat qrupu buradan Stenforda ilk olaraq məlumat göndəriblər.

İncəsənət və memarlıq məktəbi 1939-cu ildə yaradılıb, tələbələrə geniş spektrdə proqram və kurs təklif edir. Məktəbdə memarlıq və şəhər dizaynı, incəsənət, dizayn-media incəsənəti, etnomusiqi, dünya incəsənəti və mədəniyyəti departamentləri mövcuddur. Məktəbin nəzdində Herb Alpert Musiqi, Eli və Edit Broad İncəsənət, Perloff Holl, Qloriya Kaufmann Holl məktəbləri, Hummer, Fuler muzeyləri, 5 tədqiqat mərkəzi fəaliyyət göstərir.

Teatr, kino və televiziya məktəbi ABŞ-də bu sahəni əhatə edən ən unikal təhsil müəssisəsidir. Məktəbin arxivi Vaşinqtonda yerləşən Konqres kitabxanasından sonra ABŞ-də ikinci ən zəngin kolleksiyaya malikdir. Məktəbdə film, televiziya istehsalı, sənədli film, ssenari, animasiya, istehsalat idarəetməsi, musiqili teatr, kritik tədqiqatlar, prodüser proqramları və s. departamentlər mövcuddur. thumbnail|Kaliforniya Nanosistemlər İnstitutu Devid Geffen adına Tibb, Stomatologiya, Səhiyyə, Tibb bacısı məktəbləri universitetin peşəkar təbabət tədrisi verən müəssisələridir. 2005-ci ildə Los-Ancelesdə Gövdə Hüceyrələri Biologiyası və Tibb İnstitutu yaradılıb. Həmin ildə Kaliforniya ştatında embrional gövdə hüceyrələrinin tədqiqatı üzrə 5 illik plan həyata keçirilib. Los-Anceles Kaliforniya və Santa-Barbara Kaliforniya universitetlərinin birgə əməkdaşlığı nəticəsində nanotexnologiyalar üzrə innovasiya lideri olan Kaliforniya Nanosistemlər İnstitutu yaradılıb. Ronald Reyqan adına Tibb Mərkəzi Los-Anceles Kaliforniya Universitetinin səhiyyə sisteminə aid ən böyük müəssisədir. thumb|V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Los-Anceles Kaliforniya Universitetinin kitabxana sisteminə 8,2 milyon cild kitab, 78000-dən çox dövri nəşr, eləcə də elektron resurs daxildir. Kitabxana sistemi ümumilikdə 12 kitabxanadan ibarətdir. Bunlar Nayt Pauel, İncəsənət, Biotibbi, CCLIC Lab, Şərqi Asiya, Hüquq, Menecment, Musiqi, Mühəndislik və elmlər, Uilliam Edryus Klark Memorial, Suthern Regional, Universitet arxivləri kitabxanalarıdır. Universitetin əsas kitabxanası olan Nayt Pauel bu ali təhsil müəssisəsinin yaradılmasından öncə - 1884-cü ildən mövcud olub və sonralar universitetə birləşdirilib.

Los-Anceles Kaliforniya Universitetinin kitabxanası Elmi-Texniki Kitabxanalar Assosiasiyası, Şəbəkə İnformasiyası Koalisiyası, Kitabxana və İnformasiya Resursları Cəmiyyəti, Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyasının üzvüdür.

Los-Anceles Kaliforniya Universitetində bir çox nəşrlər çap olunur. Onların arasında ən məşhuru gündəlik "The Daily Bruin" tələbə qəzetidir. Qəzet 1919-cu ildən fəaliyyətə başlayıb və bu günədək 20-dən çox milli mükafata, 2006-cı ildə isə Peşəkar Jurnalistlər Cəmiyyəti tərəfindən "Ən yaxşı gündəlik qəzet" adına layiq görülüb. 1954-cü ildə universitet rəhbərliyinin qəzetin redaktor seçiminə qarışmaq niyyəti qalmaqalla nəticələnmişdi. Hazırda universitetdə tələbələr tərəfindən yeddi jurnal nəşr edilir.

Los-Anceles Kaliforniya Universitetinin kansleri Gen Blok, prorektoru isə Skott Uodur. Universitetin əməkdaşlarının ümumi sayı 31024 nəfərdir. Onların 4016-sı professor-müəllim heyəti, qalanları isə inzibati işçilərdir. Ali məktəbin müəllim və məzunları arasında 11 Nobel mükafatı laureatı, 37 ABŞ Milli Elmlər Akademiyası, 97 Amerika İncəsənət və Elmlər Akademiyası üzvü var.

Los-Anceles Kaliforniya Universitetində 39984 tələbə təhsil alır. Bunlardan 26687 nəfəri bakalavr, qalanları isə magistrant və doktorantlardır. Tələbələrin 55%-ni qızlar təşkil edirlər.