Şota Arveladze (; doğum 22 fevral 1973, Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcüstanlı futbol mütəxəssisi, keçmiş futbolçu, Türkiyənin Kasımpaşa klubunun baş məşqçisi.
1997-2007-ci illər ərzində Gürcüstan milli futbol komandasının heyətində 61 oyun keçirib və 26 qol vurub. Milli komandanın heyətində ən çox qol vurmuş futbolçudur. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır.
Klub karyerası Şota futbola 1990-cı ildə "Martve Tbilisi" komandasında başlayıb. Burada sərgilədiyi uğurlu oyunlardan sonra, 1992-ci ildə "Dinamo Tbilisi"yə transfer olunub.
1993-94 mövsümünün dövrə arası fasiləsi zamanı o dönəm "Trabzonspor" klubunun prezidenti olan Sədri Şener tərəfindən bəyənilərək əkiz qardaşı Arçil Arveladze ilə birlikdə "Trabzonspor"a transfer olunub. "Trabzonspor"a gələndə çox gənc olmasına baxmayaraq, yüksək performans göstərib. Şota 1995-96 mövsümündə 25 qol vuraraq Tarıq Hodziçdən sonra Türkiyə çempionatında qol kralı olan ikinci əcnəbi futbolçu adını qazanıb. "Trabzonspor" azarkeşləri tərəfindən komandaya gəlmiş ən yaxşı əcnəbi futbolçu kimi göstərilən Şota 1997-ci ildə klubu tərk edib.
"Trabzonspor"dan sonra Hollandiya karyerası başlayıb. Şota 1997-ci ildə "Ayaks"a transfer olunur. "Ayaks"da da özünü sübut edən Şota 4 mövsüm ərzində 96 matçda meydana çıxır və 55 qol vurur. Daha sonra 2001-ci ildə Şotlandiya nəhəngi "Reyncers"ə transfer olunur. Burada da "Ayaks"da olduğu kimi 4 mövsüm forma geyir. Şotlandiya klubunda 95 matçda 44 qol vurmağı bacarır.
2005-ci ildə də "AZ Alkmaar" komandasına keçib. "AZ Alkmaar"ın çempionluğu qaçırdığı və UEFA Kubokunda yarımfinala çıxdığı 2005-06 mövsümündə komandası adına 22 qol, növbəti mövsüm isə 14 qol vurmağı bacarır. Ümumən bu klubun heyətində 60 oyunda 36 dəfə fərqlənməyi bacarır.
2007-ci ildə İspaniyanın "Levante" klubuna keçib, lakin mütəmadi zədələr səbəbindən klubun heyətində cəmi 4 oyuna çıxa bilib. 3 iyun 2008-ci ildə Şota Arveladzenin vida matçı keçirilib. Tbilisidəki Boris Payçadze adına stadionda “Şota Arveladzenin dostları” ilə Gürcüstan milli futbol komandası üz-üzə gəlib. Görüş “Şota Arveladzenin dostları”nın 9:6 hesablı qələbəsi ilə başa çatıb. Görüşü 45 min tamaşaçı izləyib.
Milli komanda karyerası 1992-ci ildən milli komandaya dəvət olunur. İlk oyununu 2 sentyabr 1992-ci ildə yoldaşlıq görüşü çərçivəsində Litva yığmasına qarşı keçirmişdir. Yığmada ilk qolunu 17 sentyabr 1992-ci ildə yoldaşlıq görüşündə Azərbaycan milli futbol komandasına vurmuşdur.
Gürcüstan milli futbol komandasında indiyə qədər ən çox qol vuran futbolçudur. 1992-2007-ci illər ərzində Gürcüstan yığmasının heyətində 61 oyun keçirib və 26 qol vurub. Gürcüstan futbol federasiyası Arveladzenin millidə geyindiyi 11 nömrəli formanın əbədiləşdirməsi qərarını verib.
Uğurları
Klub Dinamo Tbilisi Gürcüstan çempionatı (4): 1990-91, 1991-92, 1992-93, 1993-94 Gürcüstan Kuboku (4): 1990-91, 1991-92, 1992-93, 1993-94
Trabzonspor Türkiyə Kuboku (1): 1994-95
Ayaks Erediviziya (1): 1997-98 Niderland Kuboku (2): 1997-98, 1998-99
Reyncers Premyer Liqa (2): 2002-03, 2004-15 Şotlandiya Kuboku (2): 2001-02, 2002-03 Liqa Kuboku (1): 2002-03
Şəxsi Gürcüstanda ilin futbolçusu (3): 1994, 1998, 2007 Türkiyə Çempionatı bombardir (1): 1996 Türkiyə Kuboku bombardir (1): 1995
İstinadlar
Xarici keçidlər
Soccerway profili TFF saytında səhifəsi FİFA saytında səhifəsi National Football Teams səhifəsi
Arveladze Arveladze Arveladze Arveladze Arveladze Arveladze Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Gürcüstanın kişi futbolçuları Kateqoriya:Trabzonspor FK futbolçuları Kateqoriya:Levante FK futbolçuları Kateqoriya:Şotlandiya Premyer Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası baş məşqçiləri Kateqoriya:AZ Alkmaar FK futbolçuları Kateqoriya:Reyncers FK futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Niderlandda legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular