Azərbaycanın suvarma kanalları - Hidrotexnikada suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu). Cəmi uzunluğu 90 min km.-dən artıq. 1,3 mln hektar torpaq sahəsinin suvarılmasına imkan verən sıx kanallar şəbəkəsiMəmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s..
Haqqında Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatının inkişafı haqqında dolğun təsəvvür yaratmaq üçün sahənin inkişaf mərhələlərinə nəzər salmaq lazım gəlir. Mütəxəssislər Azərbaycanda sahənin inkişafını keçid dövrlərinə əsaslanaraq aşağıdakı dövrlərə bölməyi daha münasib hesab edirlər: Suvarmanın qədim dövrü; 1920-1940-cı illər – Sovet hakimiyyəti qurulduqdan sonrakı dövr; 1945-1970-ci illər – İkinci Dünya müharibəsindən sonrakı dövr; 1970-1985-ci illər – Ölkənin yüksək inkişaf dövrü; 1985-1993-cü illər – Yenidənqurma, Sovet İttifaqının dağılması və postsovet ölkələrinin müstəqillik əldə etmə dövrü – sahənin tənəzzül dövrü; 1993-cü ildən sonrakı dövr – yeni inkişaf dövrü.
Suvarmanın qədim dövrü Qədim dövrlərdə texnika və texnologiyaların zəif inkişafı ilə əlaqədar olaraq suvarma kanalları və hidrotexniki qurğular ağır əl əməyi hesabına tikilib istifadə olunmuşdur. V-VI əsrlərdə Mil düzündə inşa edilmiş suvarma kanallarının izləri, VI-VII əsrlərdə çəkilmiş Gavurarx, Hacı Hüseynağa, Daşçay-arx kanalları hələ də qalmaqdadır. Mühəndis tipli irriqasiya sistemlərinin və qurğularının tikintisinə XIX əsrin ikinci yarsında başlanılmışdır. 1868-ci ildə Qarayazı düzündə mühəndis tipli suvarma şəbəkəsi inşa edilmiş və suvarma aparılmışdır. 1872-ci ildə Arazdöyən suvarma şəbəkəsi tikilib istifadəyə verilmişdir. 1866-cı ildə “Qafqaz sənaye cəmiyyəti” yaradılmış və Azərbaycana Belli və Qabba adlı mühəndislər göndərilmişdir. İngilis mühəndisləri Belli və Qabbaya aşağıdakı məsələləri araşdırmağı tapşırmışdır: - Qafqazda suvarma aparılan sahələrdə su təsərrüfat sistemlərinin mövcud vəziyyəti;
- Əhalinin istifadəsindən sonra çaylarda qalan artıq su həcminin müəyyən edilməsi;
- Çayların su ehtiyatlarından istifadə etməklə yeni əkin sahələrini suvarmaq üçün kanalların layihələndirilməsi.
Belli və Qabba 8 il müddətində regionda olan çayların və əsasən Kür və Araz çaylarının hövzələrində tədqiqat işləri apararaq su ehtiyatlarından suvarmada istifadə olunmasına aid çoxsaylı layihələrin sxemlərini hazırlamışlar. Azərbaycan ərazisində pambığın istehsalını artırmaq üçün Belli və Qabbanın su təsərrüfatı sahəsini inkişaf etdirmək məqsədilə hazırladıqları bu layihələr Rusiya və xarici dövlətlərdən olan kapitalistlərdə böyük marağa səbəb oldu. 1895-ci ildə Muğana general Zubovun rəhbərliyi altında xüsusi ekspedisiya göndərilmişdir. 1895-1896-cı illərdə mühəndis Navrotskinin başçılığı altında tədqiqat-axtarış işləri aparıldı. Muğan düzünün iqlimi, relyefi və torpaq örtüyü haqqında geniş məlumatlar toplanıldı. Bu ekspedisiyanın gördüyü işlər əsasında Muğanda 1901-ci ildə bitkilərin çala üsulu ilə suvarılması üçün Sarıcalar kanalı, 1902-1903-cü illərdə “Aşağı-Qalitsın” kanalları tikilmişdir. 1911-1917-ci illərdə Muğanda ümumi uzunluğu 297.2 km olan Yuxarı Qolitsın (Sabir), Aşağı Muğan (Mürsəlli), Yuxarı Muğan (Əzizbəyov) və Orta Muğan (Nərimanov) magistral kanallarının tikilməsi planlaşdırılmışdır. Ancaq bölgədə əkinəyararlı torpaqların mənimsənilməsi üçün əmək ehtiyatlarının az olması hazırlanmış layihələrə bəzi dəyişiklik edilməsi ilə nəticələnmişdir. Layihələrə edilmiş dəyişikliklər nəzərə alınmaqla 1910-1917-ci illərdə Muğan düzündə 4 magistral kanal tikilmişdir: Yuxarı Qolitsın (Sabir) magistral kanalı, Aşağı Muğan (Mürsəlli) magistral kanalı, Orta Muğan (Nərimanov) magistral kanalı və Yuxarı Muğan (Əzizbəyov) magistral kanalı. Azərbaycanda 1914-1917-ci illərdə, Birinci Dünya müharibəsinin başlanmasına qədər, suvarılan torpaqların ümumi sahəsi 792 min desyatinə (855,4 min ha) çatdırılmışdır. Pambıqçılıq Yelizavetpol və Bakı vilayətlərində daha sürətlə inkişaf etmişdir. Məsələn, Yelizavetpol (indiki Gəncə) vilayətində 1887-ci ildə cəmi 12550 pud pambıq yığıldığı halda, 7 ildən sonra, yəni 1894-cü ildə bu rəqəm 62220 puda çatdırılmışdır. Bakı vilayətində 1887-1900-cü illərdə pambıq istehsalı min puddan 150 min puda çatdırılmışdır. Bu illərdə tikilmiş suvarma sistemləri bir çox nöqsanlara malik olmuşdur. Bunlar kollektor-drenaj şəbəkələrinin tikilməməsi, suvarma kanallarında sızmaya qarşı örtüklərin olmaması, sahələrin aşağı hissələrinin suvarma suyu ilə basdırılması, hər hektara sərf olunan suvarma suyunun həddindən çox (15-20 min m³/ha) olması idi. 1914-1917-ci illərdə suvarma sistemlərinə diqqət xüsusilə azalmışdır. 150 ədəd suvarma qurğularından ancaq 24-ü işçi vəziyyətdə qallmışdır, 200 min desyatin (216 min ha) suvarılan münbit torpaqlar isə şorlaşıb dövriyyədən çıxmışdır. 1920-ci ildə Azərbaycanda əkin sahələri 1913-cü ilə nisbətən 32 % azalmış, pambıq əkini sahəsi isə Birinci Dünya müharibəsinə qədərki səviyyənin ancaq 5 %-ni təşkil etmişdir. Muğan düzünün əkin sahələrinin suvarılmasında yol verilmiş nöqsanlar, torpaqların şorlaşması və sıradan çıxması elmi-tədqiqat işlərinin genişləndirilməsi və müvafiq praktiki tədbirlərin hazırlanmasını tələb etmişdir. Bu məqsədlə hələ 1890-cı ildə Qafqazda su müfəttişliyi yaradılmışdır. 1910-cu ildə Zaqafqaziyada hidrogeoloji işlər aparılmağa başlanmış, 1912-ci ildə ilk torpaq-kimyası laboratoriyası yaradılmışdır. 1913-cü ildə isə suvarma normaları (hidromodul) öyrənilməyə başlanılmışdır.Ə.C. Əhmədzadə, A.C. Həşimov. Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı. Bakı, 2016, 105-107
1920-1940-cı illər – Sovet hakimiyyəti qurulduqdan sonrakı dövr Suvarma işlərinin praktiki həlli üçün 1921-ci ilin axırlarında Əmək və Müdafiə Şurasının (STO) qərarı ilə Azərbaycanda «Muğan-Mil su tikinti idarəsi» təşkil edilmiş və bu idarəyə Muğan və Mil düzənliklərində əkinlərin suvarma suyu ilə təmin edilməsi vəzifəsi tapşırılmışdır. Muğanda meliorasiya işlərinin aparılması üçün Əmək və Müdafiə Şurası 1921-ci il sentyabrın 30-da Azərbaycana 800 min manat (qızıl pul ilə) vəsaitin və 220 ədəd traktorun verilməsi qərarını qəbul etmişdir. Bu məqsədlə həmin ilin oktyabrın 21-də əlavə olaraq Azərbaycana 12,9 mln. manat vəsait ayrılmış və respublikada xüsusi «Suvarma fondu» təşkil edilmişdir. Nəticədə, 1921-1922-ci illərdə resbublikada buğda əkinlərinin sahəsi 228 mindən (246,2 min ha) 514 min desyatinə (555,1 min ha) qədər artırılmış, pambıq əkini sahəsi isə 1924-cü ildə 85,2 min desyatinə (92 min ha) çatdırılmışdır. Böyük Vətən müharibəsinin başlanğıcına qədər, yəni 1920-1941-ci illərdə Azərbaycanda Şimali Muğan magistral kanalı yenidən qurulmuş, Kür çayından su götürən bütün qurğular təmir olunmuş, Tərtərçay, Gəncəçay və Türyançay suvarma sistemlərinin texniki vəziyyəti yaxşılaşdırılmışdır. 1927-1933-cü illərdə Mil düzənliyində 35 min hektar əkin sahəsini suvara bilən Orconikidze suvarma sistemi tikilib istismara verilmişdir. 1933-cü ildə suvarma kanalları və qurğularının istismarını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycanın bütün suvarılan rayonlarında suvarma sistemi idarələri yaradılmışdır ki, bu gün də həmin idarələr öz fəaliyyətini davam etdirirlər. Muğan, Şirvan və Mil düzənliklərində bir çox əkin sahələrinin və kəndlərin Kür və Araz çaylarının daşması zamanı su altında qalması, əhaliyə böyük ziyan vurması ilə əlaqədar, yuxarıda göstərilən müddətdə həmin çaylar boyunca uzunluğu 799 km olan sahil qoruyucu bəndlər tikilmişdir.Ə.C. Əhmədzadə, A.C. Həşimov. Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı. Bakı, 2016, 107-108
1945-1970-ci illər – İkinci Dünya müharibəsindən sonrakı dövr Respublikada intensiv meliorasiya işləri Böyük Vətən müharibəsi illərindən sonra geniş vüsət almışdır. Belə ki, Cənub-Şərqi Şirvan, Muğan, Salyan, Mil düzlərində intensiv meliorasiya işləri həyata keçirilmişdir. Az bir müddət ərzində respublika ərazisində tikintisi başa çatdırılan Muğan-Salyan, Baş Şirvan və Mil-Qarabağ kollektorları yuyulmuş torpaqlardan axıdılan duzların Xəzər dənizinə nəql edilməsini təmin etmiş, qrunt suyu səviyyəsinin arzu edilən səviyyəyə düşməsinə zəmin yaratmışdır. Təkcə uzunluğu 101 km olan Muğan-Salyan kollektorunun tikintisinin başa çatdırılması (1948-1952-ci illər) nətcəsində Muğan və Salyan düzünün 190 min hektar sahəsində torpaq qatından yuyulan duzların Xəzər dənizinə axıdılmasına şərait yaratmışdır.
Tikintisi 1956-1964-cü illərdə həyata keçirilən Baş Şirvan və Mil-Qarabağ kollektorunun istismara verilməsi Mil-Qarabağ və Şirvan düzlərində torpaq qatından yuyulan duzların Xəzərə axıdılmasında, torpaqların təkrar şorlaşmasının qarşısının alınmasında, yararlı torpaq fondunun artırılmasında, dayanıqlı məhsulun alınmasında həlledici rol oynamışdır. Əgər kollektorların tikintisinin həyata keçirilməsinədək torpaqlarda şorlaşmanın yüksək olması nəticəsində bitkilərin məhsuldarlığı ilbəil aşağı düşürdüsə, kollektorun tikilib istismara verilməsindən, kollektor-drenaj şəbəkəsinin yaradılmasından və torpaqların artıq duzlardan yuyulması prosesinin həyata keçirilməsindən sonra bitkilərin məhsuldarlığı yüksəlməyə başlamışdır. Belə ki, şorlaşmaya məruz qalmış Muğan-Salyan zonası torpaqlarında pambığın məhsuldarlığı 1933-1939-cu illərdə hər hektardan 6,6 sentner, 1940-1944-cü illərdə 2,5 sentner, müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində 3,6 sentnerə qaldırıldı. Kollektor-drenaj şəbəkəsinin tikintisindən sonra, torpaqların yararlı hala salınması tədbirlərinin həyata keçirilməsi nəticəsində məhsuldarlıq 15-20 sentnerə çatdırılmışdır.
Qeyd etmək lazımdır ki, 1946-1950-ci illərdə Muğan, Şirvan düzünün cənub-şərq hissəsində, Salyan və Mil düzünün 100 min hektarlarla ərazilərində müvafiq kompleks meliorativ tədbirlər aparılmış, 35 min hektardan artıq sahədə suvarma sistemləri yenidən qurulmuş, 20 min hektardan artıq sahənin artıq duzlardan təmizlənilməsi işləri həyata keçirilmişdir. Baş Şirvan kollektorunun tikilib istismara verilməsi dövrünədək bölgənin əkin sahələrində şorlaşma, şorakətləşmə baş verməsi ilə əlaqədar olaraq pambığın məhsuldarlığı ilbəil azalaraq, ilkin məhsuldarlıqdan 3 dəfə az olmuşdur. Bununla əlaqədar olaraq respublika hökuməti Baş Şirvan kollektorunun tikintisini sürətləndirmək məqsədilə lazım olan əlavə tədbirləri həyata keçirməklə, uzunluğu 216 km olan kollektorun tikintisini 1965-ci ildə başa çatdırmışdır. Sonrakı illərdə də bu silsilədən olan işlər davam etdirilmişdir. Belə ki, 1967-ci ilin 1 yanvar tarixinədək Kür-Araz düzündə açıq və örtülü kollektor-drenaj şəbəkəsinin ümumi uzunluğu 5451 km-ə çatdırılmışdır.Ə.C. Əhmədzadə, A.C. Həşimov. Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı. Bakı, 2016, 108-112
1970-1985-ci illər – Ölkənin yüksək inkişaf dövrü