Robert Hempton "Robbi" Rocers (; ) — vinqer mövqeyində çıxış etmiş ABŞ keçmiş peşəkar futbolçusu. Rocers həm də ABŞ milli futbol komandasında çıxış edirdi.
2013-cü ilin fevralında kaminq aut edən Rocers 1990-cı ildə kamminq aut etmiş Castin Faşanudan sonra ikinci açıq gey Britaniya futbolçusu olmuşdur. 2013–cü ilin mayında Qelaksinin tərkibində ilk futbol oyununa çıxdıqdan sonra Rocers bütün Şimali Amerika peşəkar idman liqalarında çıxış edən komandalarda ilk açıq gey futbolçu kimi tarixə düşmüşdür.
Bir il Merilend Universitetinin kollec komandasında oynadıqdan sonra, o, Eredivisie liqasında oynayan "Herenven" komandasının diqqətini cəlb edir. 2006-cı ilin avqustunda o, "Herenven"lə müqavilə imzalasa da, klubun tərkibində çıxış etməmiş müqavilə pozulur. 2007-ci ilin fevralında qarşılıqlı razılıq əsasında klubdan ayrılan Rocers ABŞ-yə qayıdır və "Kolambus Kryu" komandası ilə müqavilə bağlayır. Rocersin "Kolambus Kryu" komandasında dörd illik çıxışı uğurlu olur, həmin dövrdə komanda 2008-ci il MLS kubokunu qazanır, 2008 və 2009-cu illərdə isə “Supporters' Shield” mükafatını əldə edir. 2011-ci ilin dekabrında müqavilə müddəti başa çatan Rocers Kolambus Kryu komandasını tərk edir. Bir ay sonra o, İngiltərə futbol liqaları çempionatında çıxış edən "Lids Yunayted" komandası ilə azad agent kimi müqavilə imzalayır. Karyerasının "Lids" dövrünün ilk altı ayı zədə üzündən o qədər də parlaq keçməyən Rocers 2012-2013 mövsümü üçün transfer siyahısına salınır. 2012-ci ilin avqustunda Rocersin 2013-cü ilin yanvarına kimi İngiltərə Birinci Futbol Liqasında oynayan "Stivenic" komandasının tərkibinə qatılması haqqında razılıq əldə edilir. Rocersin Stivenclə müqavilə müddətinin başa çatmasından sonra o, qısa müddət ərzində Lidsə qayıdır, lakin tezliklə onun qarşılıqlı razılıq əsasında komandadan ayrılması elan edilir.
Lidsin heyətini tərk etdikdən sonra kaminq aut edən Rocer 2013-cü ilin mayında ABŞ-nin "Los Anceles Qelaksi" komandası ilə müqavilə bağlayır və beləliklə də MLS-də, o cümlədən beş əsas Şimali Amerika idman liqalarında çıxış edən ilk açıq gey futbolçu kimi tarixə düşür.
Klub karyerası Erkən dövr
Rocers dörd yaş yarımında Amerika Gənc Futbolçular Assosasiyasında futbol oynamağa başlamışdır. Yeddi yaşı olanda Rocers Koast Soşer Liqasının əsasən ispan liqalarında oynamağa başlayır. Kaliforniya ştatının Santa Ana şəhərindəki Mater Dei orta məktəbinə daxil olan Rocers burada futbol üzrə ikiqat “High School All-American” seçilir. 2005-ci ildən Rocers Premyer Development Liqasında çıxış edən Oreync Kantri Blu Star komandasında oynamağa başlayır, buna görə də payızda universitetə müraciət edib-etməmək seçimi qarşısında qalır. Bir mövsüm Merilend Universitetinin futbol klubunda oynayan Rocers, gələcəkdə "Kolambus Kryu"da komanda yoldaşı olacaq Ceyson Geri ilə birlikdə komandanın 2005-ci il Milli Tələbə İdman Assosasiyası Çempionatına yüksəlməsinə nail olur. Universitet komandasında oynadığı bir mövsüm ərzində Rocers yeddi qol vurur, beş dəfə isə qol vurulmasına imkan yaradır. Həmin müddətdə o, “ACC All-Conference Freshman” və “Soccer Rookie Team of the Year” adlarına da layiq görülmüşdür.
Universitet komandasında oynadığı bir mövsüm ərzində Rocers Eredivisie liqasında oynayan "Herenven" komandasının diqqətini cəlb edir. 2006-cı ilin yayında "Herenven" Rocersi üç həftəlik sınaq müddətinə klubda oynamağa dəvət edir və son nəticədə öz heyətinə qəbul edir. Sınaq müddətini uğurla tamamlayan Rocers 2006-cı ilin avqustunda holland klubu ilə ilk peşəkar müqaviləsini imzalayır. Rocers qeyd edir ki, üç il Merilenddə çalışdıqdan sonra, burada qazandığı bütün uğurlara baxmayaraq ABŞ-dən uzaqlaşıb başqa bir ölkədə peşəkar müqavilə imzalamaq “çox sərt” bir qərar idi, lakin “mən belə bir uğurun yanından keçə bilməzdim”. Lakin Rocersin birinci klub təcrübəsi uğurlu alınmır, o, yalnız ehtiyat heyətdə çıxış edir. 2007-ci ildə qarşılıqlı razılaşma əsasında Rocers Herenven klubunu tərk edir.
Kolambus Kryu 220px|thumbnail|left|Rocer 29 mart 2008-ci ildə Kolambus Kryu Stadionunda Toronto komandasına qarşı keçirilən oyunda Avropadan ayrılan Rocers ABŞ-yə qayıdır və MLS-də oynayan Kolambus Kryu komandası ilə müqavilə imzalayır. Kolambus Kryu 2007-ci ilin martında “Draft Lottery” adlı oyunçu lotereyasında qalib gəldikdən sonra Rocersi ala bilmişdi. Komandanın tərkibində ilk qolunu 17 iyun 2007-ci ildə vuran Rocers Nyu-İnqland Revolyuşen komandasına qarşı oyunda hesabı 3-3 bərabərləşdirmişdir. 2007-ci il mövsümündə Rocers daha iki qol vurmuşdur ki, bunlar da hər ikisi, Robert F. Kennedi Memorial Stadionunda "Di Si Yunayted" klubuna qarşı oyunda qeydə alınmış və 3-2 hesablı qələbəyə imkan yaratmışdır. Birinci oyun mövsümü ərzində on dəfə oyuna çıxan Rocers üç qol vurmuş, bir dəfə isə qol vurulmasına kömək etmişdir.
2008-ci il mövsümü Rocersin peşəkar karyerasında sıçrayış mövsümü olmuşdur. O, Kryunun daimi heyətində oynamağa başlamış, ilk qolları ilə 12 aprel 2008-ci ildə "Çivas ABŞ" komandasını evdə 4-3 hesabı ilə məğlub etməyə kömək etmişdir. 4 may 2008-ci ildə Sportinq Kanzas-Siti komandasına qarşı keçirilən oyunda onun qolu komandanın 2-1 hesabı ilə qələbəsinə səbəb olmuş, daha sonra isə Kryu 3-2 hesabı ilə San-Xose Ertkveyks komandasını məğlub etmişdir. "Ertkveyks"ə qarşı oyunda ardıcıl iki qol vuran Rocers mövsümün yeddinci həftəsində “MLS Həftənin Oyunçusu” mükafatına layiq görülmüşdür. Rocersin yeddinci qolu 2008-ci ilin sentyabrında Kolambus Kryu Stadionunda "Nyu York Red Bulls" komandasına qarşı keçirilən oyunda 3-1 hesablı qələbəyə səbəb olmuşdur. Hesabını 2008 MLS Pleyoff Kuboku oyunlarında davam etdirən Rocers, "Sportinq Kanzas-Siti" üzərində ikinci dəfə 2-0 hesablı qələbə əldə edilməsinə nail olmuşdur, bu qələbədən sonra "Kryu" finala keçmişdir. Final oyunu da daxil olmaqla, Rocers Kryunun dörd MLS Kuboku oyunlarında iştirak etmiş, 2008-ci ilin noyabrında Stabhab Senterdə keçirilən oyunda Kryu 3-1 hesabı ilə "Nyu York Red Bulls" komandasına qalib gəlmişdir. Mövsüm həm şəxsi, həm də kollektiv baxımından Rocers üçün uğurlu olmuş, o, komandada ilin “MLS Ən Yaxşı XI” mükafatına layiq görülmüş, həmçinin “Supporters' Shield” mükafatı əldə etmişdir. 2008-ci il mövsümündə 33 oyuna çıxn Rocers yeddi qol vurmuş, üç dəfə isə qol vurulmasına şərait yaratmışdır.
2009-cu il mövsümündə Rocers ilk qolunu mövsümün başlamasından beş ay sonra vurmuş, ilk yeddi oyunda isə "Kryu" qələbə qazana bilməmişdir ; 9 avqust 2009-cu ildə Rocers "San-Xose Ertkveyks" komandasına qarşı Bak Şou Stadionunda keçirilən oyunda 3-0 hesablı qələbə qazanılmasında iştirak etmişdir. Bu onun 2009-cu il MLS mövsümündə vurduğu yeganə qol olmuşdur. Bundan başqa Rocers KONKAKAF Çempionlar Liqası çərçivəsində "Puerto-Riko Aylanders" və "Sparissa" komandalarına qarşı keçirilən oyunlarda da iki qol vurmuşdur. "Kryu"nun mövsümə zəif başlamasına baxmayaraq ümumi hesabda birinci olması Rocersin ikinci dəfə “Supporters' Shield” mükafatına layiq görülməsinə imkan yaratmışdır. Lakin yarımfinalda 4-2 hesabı ilə "Real Solt-Leyk" komandasına məğlub olan "Kryu" MLS Kubokunu saxlaya bilmir. 2009-cu ildə 31 oyunda iştirak edən Rocers cəmi üç qol vurur.
2010-cu il mövsümündə dördüncü il "Kryu" komandasının heyətində çıxış edən Rocers 34 oyunda iştirak edir, iki dəfə qol vurur. İlk qolunu o, "Kryu"nun "Nyu İnqland Revolyuşen" komandasının 3-2 hesabı ilə məğlub edildiyi oyunun 91-ci dəqiqəsində vurur. MLS Kuboku yarımfinalında "Kolorado Repidz" komandasına qarşı keçirilən oyunda isə Rocers ikinci qolunu vurur. Rocersin qoluna baxmayaraq, əlavə müddətdə Repidz cərimə zərbələrində hesabı keçərək 5-4 hesabı ilə qalib gəlir.
2011-ci il mövsümündə Rocers ilk qolunu komandanın Di Si Yunaytedə qarşı keçirdiyi ilk oyunda vurur, cərimə zərbəsi zamanı vurulan bu qol Kryunun 3-1 hesablı qələbəsini təmin edir. Bir ay sonra 2011-ci ilin aprelində Kolambus Kryu Stadionunda "Sportinq Kanzas-Siti" komandasına qarşı keçirilən oyunda onun vurduğu qol "Kryu"nun 1-0 hesablı qələbəsinə səbəb olur. Bu, onun otuz oyunda iştirak etdiyi mövsüm ərzində vurduğu son qol idi. Komanda heyətində onun son oyunu 28 oktyabr 2011-ci ildə "Kolorado Repidz" komandasının 1-0 hesabı ilə məğlub edildiyi oyun olur. Komanda heyətində son mövsümü zamanı Rocers Kryu Ən Çalışqan Futbolçu mükafatına layiq görülür. 2011-ci ilin dekabrında "Kolambus Kryu" ilə müqaviləni uzatmaqdan imtina edən Rocersin azad agent olduğu elan edilir. "Kryu" komandasının tərkibində keçirdiyi 138 oyunda iştirak edən Rocers on yeddi qol vurur.
Lids Yunayted
"Kolambus Kryu" komandasını tərk etdikdən sonra Rocers "Lids Yunayted" komandasına dəvət edilir. 2011-ci ilin dekabrında o, iki həftəlik sınaq müddətinə komandaya qoşulur, bir ay sonra isə 2012-ci ilin yanvarında o, "Lids"lə müqavilə imzalayır. Rocers bildirirdi ki, onun milli komandadakı məşqçisi Yurgen Klinsman onu "Lids"in baş məşqçisi Saymon Qreysona məsləhət görmüş, o isə Rocersi Elland Roud Stadionuna sınaq oyununa dəvət etmişdir. Bir həftə sonra klub onunla müqavilə imzalamışdır. 18 fevral 2012-ci ildə debütünü edən Rocers "Donkaster Rovers"ə qarşı oyunun 79-cu dəqiqəsində meydana çıxmışdır. Lakin meydana çıxmasından on dəqiqə sonra "Donkaster"in müdafiəçisi Tommi Spurr ilə ciddi toqquşaraq zədələndiyi üçün əvəzlənmə ilə meydandan çıxarılmışdır. Başından ciddi zədə aldığına görə, bir neçə həftə oyunlardan kənar saxlanılmışdır. 2012-ci ilin aprelində əsas heyətə qayıdan Rocers yeni baş məşqçi Nil Uornokun rəhbərliyi ilə Madeyski stadionunda "Redinq" klubuna qarşı keçirilən və 2-0 hesablı qələbə ilə yekunlaşan oyunun 85-ci dəqiqəsində əvəzləyici kimi meydana çıxmışdır. Bu oyunda Robert Snodqrassın yerinə meydana çıxan Rocers kapitan qolbağını daşımışdır. Bir həftə sonra 14 apreldə, Rocers klubun tərkibində "Piterboro Yunayted" klubuna qarşı ev oyununda iştirak etmişdir. Debüt oyununda olduğu kimi, cəmi on dəqiqə sonra topuğundan aldığı zədəyə görə meydandan çıxarılmışdır. Topuq zədəsi mövsümün sonuna kimi onun oynamasına mane olmuşdur. 2012-ci il mövsümünün ikinci yarısında Rocers daha dörd oyunda iştirak etmişdir.
2012-2013-cü il mövsümünün əvvəlində klubun baş məşqçisi Nil Uornok qeyd edir ki, o, Rocersin bu sezonda tam oyun göstərə biləcəyinə ümid edir. 2012-ci ilin iyununda reabilitasiya proqramında iştirak etmək üçün ABŞ-yə gələn Rocers "Los Anceles Qelaksi" komandası ilə iki həftəlik məşqlərdə iştirak edir. 2012-ci il iyulun əvvəllərində "Lids"ə qayıdan Rocers, klubun bir neçə dostluq görüşlərində iştirak edir; "Farsli Seltik" və "Tavistok" klubları ilə oyunda fərqlənir. Yeni mövsümün başlamasından əvvəl 9 avqustda baş məşqçi Nil Uarnok Rocers və komanda yoldaşı Denni Pyunun transfer siyahısına salındığını, onların transferindən əldə ediləcək gəlirə isə yeni hücumçu almağı planlaşdırdıqlarını elan etdi.
23 avqustda Rocers İngiltərə Birinci Futbol Liqası komandası "Stivenic"in heyətinə qatıldı və 2013-cü ilin yanvarında müqavilə müddəti başa çatana kimi burada fəaliyyətini davam etdirdi. Əvvəl "Kolorado Repids" komandasının baş məşqçisi olmuş "Stivenic" komandasının baş məşqçisi Qari Smit qeyd edir ki, ABŞ-də fəaliyyət göstərdiyi müddətdə Rocers həmişə onu heyran etmişdi. 25 avqustda müqavilə imzalayan Rocers iki gün sonra "Stivenic" komandasının heyətində, "Oldem Atletik" komandasına qarşı 1-0 hesabı ilə başa çatmış oyunda ilk dəfə meydana çıxır. Beş aylıq fəaliyyət müddətində Rocers doqquz oyuna qatılır. 15 yanvar 2013-cü ildə o, əsas klubuna geri qayıdır.
Kluba qayıtdıqdan sonra Rocersin qarşılıqlı anlaşma nəticəsində "Lids"i tərk etdiyi və azad agent statusu verildiyi açıqlandı. Klubda oyunu zamanı Rocer cəmi dörd dəfə futbol meydanına çıxarılmışdı ki, bunlardan da üçü əvəzləmə idi.
200px|thumbnail|right|Rocers nüfuzlu "Attitude" jurnalının üz qabığında.
Təqaüd dövrü