Rəfiqə Şahgül qızı Mustafayeva — azərbaycanlı alim, pedaqoji elmlər doktoru (1987), professor (1990), Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü (2002), Azərbaycan Respublikasının əməkdar müəllimi (1992). O, pedaqoji elmlər üzrə Qafqazda ilk qadın elmlər doktorudur.

Həyatı Rəfiqə Şahgül qızı Mustafayeva 21 iyun 1936-cı ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində, neftçi ailəsində anadan olmuşdur. O, 204 nömrəli orta məktəbi bitirmiş, 1954-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin junalistika şöbəsində ali təhsil almışdır.

Rəfiqə Mustafayeva 20 avqust 2019-cu ildə Bakı şəhərində vəfat etmiş və Balaxanı kənd qəbristanlığında dəfn edilmişdir.

Əmək fəaliyyəti Əmək fəaliyyətinə 1960-1976-cı illərdə Bakının 100, 182, 240 nömrəli məktəblərində əvvəlcə ibtidai sinif, sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır. Bu müddət ərzində onun 18 şagirdi məktəbi qızıl, 1 nəfəri isə gümüş medalla bitirmiş, 54 şagirdi ədəbiyyat müəllimi kimi ali təhsil almışdır.

Elmi fəaliyyəti Mustafayeva 1970-1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasının əyani şöbəsində oxumuşdur. Elmi işini vaxtından əvvəl tamamlamış, 14 may 1974-cü ildə müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

1979-cu ilədək aspiranturada oxuduğu institutda əvvəlcə kiçik elmi işçi, sonra isə baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 1979-cu ildə müsabiqə yolu ilə Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutuna qəbul edilmişdir. 1985-ci ilin fevralınadək burada kiçik elmi işçi, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir. 1985-cü ilin fevralında institutdakı "pedaqogika-psixologiya" kafedrasının müdiri seçilmiş, 2006-cı ilin noyabr ayınına qədər həmin kafedraya rəhbərlik etmişdir.

Mustafayeva 1987-ci ilin dekabrında Tiblisi Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almış, 1990-cı ilin 27 sentyabrında ona professor elmi adı verilmişdir. O, respublikada ilk, Şərqdə ikinci pedaqoji elmlər doktoru, professor qadındır.

4 aprel 2002-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü akademik seçilmişdir. 2000 və 2003-cü illərdə Azərbaycan Müəllimləri Qurultaylarına nümayəndə seçilmişdir.

Rəfiqə Mustafayevanın rəhbərliyi ilə 14 nəfər pedaqoji elmlər namizədi dərəcəsi almışdır. O, 5 nəfərin doktorluq, 13 nəfərin isə namizədlik dissertasiyasının rəsmi opponenti olub.

24 kitabın, 137 məqalənin, 14 tədris proqramının müəllifidir, o cümlədən 45 kitab və kitabçanın elmi redaktoru və 17 əsərin rəyçisidir.

Ailəsi Rəfiqə Mustafayevanın 2 övladı var.

Kitabları "Orta məktəbdə ədəbiyyat tədrisi", I və II hissələr, Bakı, Maarif, 1975, "IX sinif üçün Ədəbiyyat müntəxəbatı”, Bakı, Maarif, 1985, "Yeni vətəndaş tərbiyəsində proqram, dərslik və müəllimin rolu", Bakı, 1992, "Əliheydər Şirin oğlu Həşimov (biblioqrafik göstərici),", Bakı, 1994, "Təlim prosesində milli xüsusiyyətlərin nəzərə alınması", Bakı, 1994, "Pedaqogika.Ümumi pedaqogika üzrə mühazirə xülasələri", Bakı, 2002, "80 yaşın işığında: pedaqoji elmlər doktoru, professor Əliheydər Şirin oğlu Həşimovu xatırlayarkən", Bakı, 2004,

"Ömürlərə nur paylayanlar", Bakı, 2006, "Günəş evi-tərbiyə məktəbi", Bakı, 2007, "Mir Cəlalın hekayələrində tərbiyə məsələləri", Bakı, 2008, "Son 20 ildə çap olunanlardan nümunələr", Bakı, 2011, "Gənclər siyasəti XXI əsrdə: Ali məktəb tələbələrinin tərbiyəsinin bəzi məsələləri".

Təltifləri 1970 — "Fədakar əməyə görə" medalı 1971 — "Qırmızı əmək bayrağı" ordeni 1988 — "Əmək veteranı" medalı 1992 — "Əməkdar müəllim" fəxri adı 1995 — "Xan qızı Natəvan" diplomu 1995 — "Akademik Mehdi Mehdizadə mükafatı" laureatı 1996 — TC Samsun Milli Egitim Bakanlığı tərəfindən fərqləndirilmişdir.

Haqqında "Ə.Y.Seyidov, M.M.Mehdizadə və M.Ə.Muradxanov məktəbinin davamçıları". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. — səh. 436, “Azərbaycan qadını ensiklopediyası”, Azərbaycan Milli Ensiklopediyası, Bakı, 2002, s.304, “Azərbaycan qadınları” (II) — ensiklopedik toplu, Bakı, 2002, s.180, “Azərbaycanın tanınmış xanımları” Bakı, 2002, s.196, A.Eminov, “20 əsrin 20 böyük azərbaycanlı pedaqoqu”, Bakı, 2002, s.77—81, “Akademik Rəfiqə Mustafayeva.Gəncliyə həsr olunmuş ömür”(biblioqrafik göstərici), Bakı, 2006, S.Ə.Mustafayeva, J.Ə.Mustafayeva “Azərbaycan pedaqogikasının sərv ağacı”(müasirləri R.Ş.Mustafayeva haqqında),Bakı 2006, "Olduğu kimi görünən insan". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. — səh. 187, "Şah xanım Şahgül qızı demişəm". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. — səh. 98.

İstinadlar

Kateqoriya:Vahid Azərbaycan Milli Birlik Partiyasının üzvləri