Bəhreynin dövlət quruluşu — 2002-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Dövlət quruluşu Bəhreyn mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü 14 avqustda (1971) qeyd olunur. Bəhreyn Krallığının yeni, sayca ikinci Konstitusiyası 14 fevral 2002-ci il tarixində qəbul edilmişdir.
İnzibati bölgüsü Bəhreyn 5 muhafazdan (Paytaxt, Mərkəzi, Mühərrək, Şimal və Cənub) ibarətdir.
Dövlət başçısı Konstitusiyaya görə, Bəhreyn dövlətinin başçısı və nominal təmsilçisi sayılan, şəxsiyyəti toxunulmaz olan Kral — ölkənin dini rəhbəri, vətənin və milli birliyin legitim himayəçisidir, mühafizəçisidir. Kral hakimiyyətin idarə olunmasına nəzarəti həyata keçirir, Konstitusiyanın və qanunların aliliyinə zəmanət verir, əsas insan hüquq və azadlıqlarını müdafiə edir. Dövlət başçısı öz səlahiyyətlərini, Hökumətin siyasəti üçün onun və rəhbərlik etdiyi nazirlik qarşısında məsuliyyət daşıyan nazirlər vasitəsilə həyata keçirir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı və Ali Məhkəmə Şurasının rəhbəri olan dövlət başçısı, Kral fərmanlarına uyğun olaraq Baş naziri və Məşvərətçi Şuranın üzvlərini (Ali Məhkəmə Şurasının təqdimatı əsasında), Baş nazirin təqdimatına əsasən isə Kral dekretinə müvafiq olaraq nazirləri təyin və ya azad etmək və bir sıra digər mühüm səlahiyyətlərə malikdir. (hakimiyyət varislik əsasında ötürülür).
Qanunverici hakimiyyət İkipalatalı Parlament — Yuxarı Palata olan Məsləhət Şurasından (40 yer; üzvləri Kralın sərəncamı ilə 4 illik müddətə təyin edilirlər) və Aşağı Palata olan Deputatlar Palatasından (40 yer; üzvləri mövcud qanunvericiliyə uyğun olaraq ümumi, birbaşa və məxfi seçki sistemi üzrə 4 il müddətinə seçilirlər) ibarətdir.
Parlament qanunvericilik fəaliyyəti ilə (qanunvericilik aktlarının qəbul edilməsi üçün hər iki Palatanın razılığı olmalıdır) yanaşı, ölkənin sosial-iqtisadi siyasətinin aspektlərinə aid olan məsələlər üzrə də səlahiyyətlidir.
Konstitusiyaya əsasən, hər iki Palatanın sessiya dövrü eyni vaxta təsadüf etməlidir. Belə ki, Aşağı Palata öz fəaliyyətini dayandırdığı təqdirdə, Yuxarı Palatanın sessiyasının fəaliyyəti də ona uyğun olaraq dayandırılmalıdır.
Hər bir Nazirlik öz fəaliyyətinə görə Deputatlar Palatası qarşısında cavabdehdir. Aşağı Palata nazirə 2/3 səs çoxluğu ilə etimadsızlıq göstərdiyi təqdirdə, o, dərhal istefa verməlidir.
İcraedici hakimiyyət Nazirlər Şurası və ona rəhbərlik edən Baş nazir ölkədə icra hakimiyyətini həyata keçirir. Şura dövlət maraqları çərçivəsində dövlət siyasətini planlaşdırır və həyata keçirir, habelə dövlət aparatının fəaliyyətinə nəzarət edir.
Baş nazir Şura qarşısında duran vəzifələrin vaxtlı-vaxtında və Konstitusiyaya uyğun şəkildə yerinə yetirilməsinə nəzarət edir və onun fəaliyyəti üçün məsuliyyət daşıyır. Parlament qarşısında birbaşa cavabdeh olan Nazirlər Şurasının iclaslarına zəruri hallarda Kral sədrlik edir.
Məhkəmə hakimiyyəti Mülki, cinayət, kommersiya ilə məşğul olan, habelə qeyri-müsəlmanların şəxsi statusu ilə bağlı mübahisələri həll edən Mülki Hüquq Məhkəmələri və müsəlmanların fərdi statusu ilə bağlı bütün məsələlər üzərində yurisdiksiyası olan Şəriət Məhkəməsi tərəfindən həyata keçirilir.
Konstitusiya Məhkəməsinin üzvləri Kralın sədrliyi ilə Ali Məhkəmə Şurası tərəfindən, orta və aşağı instansiya məhkəmələrinin hakimləri isə Ədliyyə Nazirliyinin təqdimatı əsasında Baş nazirin fərmanı ilə təyin edilir.
Mənbə Бодянский В. Л. Современный Бахрейн (справочник). — Москва: Главная редакция восточной литературы издательства "Наука", 1976. Афанасьева В.К. Гильгамеш и Энкиду – М.: Наука, 1979, Д. Рол. Генезис цивилизации – М.: Эксмо, 2002, Пиотровский М. Б. Живая вода Бахрейна – /в кн.: Тилос. Путешествие в загробный мир — С.-Пб.: Изд-во Гос. Эрмитажа, 2012,
Kateqoriya:Bəhreynin dövlət quruluşu