və ya Qara Ay klanı — Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasında düşmən qrup. Qara Ay manqa seriyasının ikinci arkının, orijinal animenin ikinci mövsümünün və ikinci animenin 15-26-cı seriyalarının əsas düşmən qrupudur. Buna görə də seriyanın ikinci arkı "Qara Ay" adlanır. DiC ingilis adaptasiyasında qrup Neqamun soyu adlanır.
Qara Ayın üzvləri Günəş sistemində yerləşən uydurma Nemesis planetindəndirlər. Planet "mənfi enerjinin planeti" kimi təsvir olunur, gözlə görünmür və ancaq Rentgen şüaları ilə tapıla bilir. Qara Ayın üzvlərinin hamısının alınlarının ortasında aşağı doğru yönəlmiş qara aypara işarəsi vardır. Bundan başqa Qara Ayın üzvləri onlara teleportasiya bacarığını verən Qara Kristaldan hazırlanmış xüsusi sırğalar taxırlar.
Aparıcı üzvlər Ölüm fantomu / Müdrik adam və ya — Xaosun gələcəkdən gəlmiş ölümsüz forması. Seriya başlamazdan əvvəl o Kristal Tokio şəhərində adi insan kimi yaşayırdı. Daha sonra qara güc qazanaraq xaosu oyatmağa və Kristal Tokio əhalisinə sülh şəraitində keçən həyatlarını unutmağa səbəb olmuşdur. Əldə etdiyi güclər insanlara çox uzaq məsafədən hücum etməyə imkan verən ölüm əlləri və ona baxanları idarə etməyə imkan verən şeytan gözləridir. Etdiyi əməllərə görə Müdrik adam Yeni Kraliça Sereniti tərəfindən məhsuldar olmayan Nemesis planetinə göndərilmişdir. Müdrik adam gücünü Nemesis ilə birləşdirmiş və planetlə bir olmuşdur. O, maskalanaraq özünə insan bədəni almış və Yerə qayıtmışdır. Müdrik adam üsyançı dəstə yığıb onlara XXX əsrin Kristal Tokiosunun və Gümüş Kristalla ölümsüzlük əldə edən vətəndaşların təbiət üçün rəzillik olduğunu inandıra bilmişdi. Beləliklə, Qara Ay klanı yaradılmışdı. Müdrik adam adını alan Ölüm fantomu Qara Aya başçılıq edərək XX əsrin Tokiosunda Gümüş Kristalı ələ keçirmək və Gümüş Minillik vətəndaşlarından və Yeni Kraliça Serenitidən qisas almaq üçün Usaqinin gələcəkdəki qızı olan Çibiusanı öldürmək istəyir. Usaqi və Çibiusa gələcəyin və indiki zamanın Gümüş Kristallarından istifadə edərək Müdrik adama hücum edib onu öldürürlər. O, "Sailor Moon Crystal"da da eyni rolu oynayır.
Anime adaptasiyasında Qara Ayın üzvləri Kristal Tokio tərəfindən Nemesis planetinə qovulmuşların nəvələridir. Müdrik adam Şahzadə Almaz və Sapfir hələ gənc ikən onlarla tanış olur. O, onları Qara Aya çəkir, amma əsl məqsədi Qara darvazaları açmaqdır.
Sapfir — Qara Ayın əlkimyagəri, Şahzadə Almazın kiçik qardaşı. Sapfir Qara Ayın digər üzvlərinə nisbətən daha tədbirli və düşüncəlidir. Qara Kristaldan hazırlanmış sırğaları o ixtira etsə də, Qara Ayın yeganə üzvüdür ki, heç vaxt həmin sırğaları geyinməyib.
Manqada Sapfir Qara Ayı düzəltdiyi droidlərlə təmin edir. O, Müdrik adamın əsl məqsədlərini ortaya çıxarmağa cəhd edir və qardaşına bu barədə həmişə xəbərdarlıqlar edir. Şahzadə Almaz ona qarşı çıxır, gücünü istədiyini ifşa edir. Şahzadə Almaz Seylor Munu tutub Nemesisə gətirəndə Seylor Mun Sapfirin laboratoriyasından keçəndə Sapfir onun günahsız və planlarının duyğusuz olduğunu etiraf edir, amma onu öldürməyə cəhd edir, çünki bütün günahların ondan qaynaqlandığını və Gümüş Kristalın qorxulu güc olduğunu düşünür. Seylor Munun gücü Müdrik adamı davamsız edir və Şahzadə Almaz ilə Sapfir Qara Leydi tərəfindən xilas olunurlar. Qara Leydi onu Müdrik adamın qalasına aparır. Müdrik adam Şahzadə Almaz və Sapfirin zehinlərini ələ keçirir və Sapfirə Şeytan əlləri adlı gücdən istifadə etməyə imkan verir. Sapfir Şahzadə Almazın "Şeytan gözü" gücündən istifadə etdiyi zaman Müdrik adama qurban getdiyini öyrənəndə Müdrik adama hücum edir və qardaşı tərəfindən öldürülür. Sapfir "Sailor Moon Crystal"da da eyni rolda çıxış edir.
Anime adaptasiyasında Sapfir qardaşı ilə Nemesisdə qəmli böyüyür. Qardaşı ona bir gün Yerə gedəcəklərini və əsl gülləri göstərəcəyinə söz verir. Sapfir Müdrik adamın əsl məqsədlərindən şübhələnir, ona bütün düşündüklərini deyir, Qara Kristalın gücünü oğurlayıb XX əsrin Tokiosuna qaçır. Yaralanmış Sapfir Petts tərəfindən xilas olunur, Seylor döyüşçüləri onun köməyinə gəlirlər, amma Sapfir qardaşını xəbərdarlıq etmək istəyəndə Müdrik adam tərəfindən öldürülür. Öləndə onun alnındakı Qara Ay işarəsi yoxa çıxır və yaxşıların tərəfinə keçir. Şahzadə Almaz onun nəşini özü ilə aparır.
"Sailor Moon: Another Story" videooyununda Sapfir Kraliça Berilin işğalı zamanı Ay Krallığı ilə qarşılaşır. O, Seylor döyüşçülərini Şahzadə Almazın Seylor Munu əsir saxladığı Ay qalasına aparır. Sapfir daha sonra həyatını Şahzadə Almazı Sindən qorumaq üçün qurban verir.
Orijinal animedə Safiri Tsutomu Kaşivakura, "Sailor Moon Crystal"-da isə Tsubasa Yonaqa səsləndirmişdir. DiC ingilis adaptasiyasında personajın adı dəyişdirilmiş və Lion Smit tərəfindən səsləndirilmişdir. Viz Media ingilis adaptasiyasında isə onu Qreq Felden səsləndirmişdir. Teatr tamaşalarında Sapfir rolunu Yuri Kuroda və Sora Manami oynamışdırlar.
Kabus bacılar və ya Akayaşi bacıları — Rubeus tərəfindən idarə olunan və 4 bacıdan ibarət qrup. Klanın digər üzvlərində olduğu kimi Kabus bacılarında Qara Ayın fərqlənmə nişanları və Qara Kristaldan hazırlanmış sırğaları vardır.
Kabus bacılar Qara Ayın XX əsrin Tokiosuna etdikləri ilk hücum zamanı peyda olmuşdurlar. Onların əsas vəzifəsi Seylor Munun qoruyucularına məhv etməkdir. Kabus bacılar insanlar tərəfindən UNO-lar, falçılıq və nekromantiya ilə əlaqləndirilir. Hər Kabus bacının öz Seylor döyüşçüsü qarşılığı vardır. Koanın qarşılığı Seylor Mars, Bertenin qarşılığı Seylor Merkuri, Pettsin qarşılığı Seylor Yupiter, Kalaverasın qarşılığı Seylor Veneradır. Kabus bacılar Seylor Mun tərəfindən öldürülməzdən qabaq öz qarşılıqlarını lağa qoyurlar və onlara hücum edirlər. Seylor döyüşçüləri hər dəfə onlarla döyüşdə ağır yaralandıqlarından hər dəfə Rubeus tərəfindən əsir götürülürlər. Yeganə istisna Seylor Veneradır. Seylor Venera Kalaveras tərəfindən yaralansa da, Rubeus Taksedo Maskla döyüşdə xəsarət aldığından onu oğurlamağa macal tapmır. Kabus bacılar öldüklərində Qara Ay klanı bunu diqqətə almamışdır. "Sailor Moon Crystal" animesində də Kabus bacılar eyni rolu ifa edirlər.
Orijinal anime adaptasiyasında Kabus bacıların şəxsiyyəti daha fərqlidir. Onların əsas vəzifəsi Çibiusanı ələ keçirmək və taktiki nöqtələrə hücum etməkdir. Kabus bacılar həmçinin kosmetika, ətriyyat, zinət əşyaları, moda ilə maraqlanırlar və bu Rubeusu dilxor edir. Manqadan fərqli olaraq Kabus bacılar sonda ölmürlər, Qara Aydan ayrılaraq Gümüş Kristal sayəsində adi insanlara çevrilirlər.
Koan — Kabus bacıların ən gənci. Seylor Marsın qarşılığıdır. Koan adını sözündən almışdır.
Koan Rubeusa bildirir ki, onun kimi alovu idarə edə bilən bir "qohum"u var və onu Qara Aya qatılmağa inandıra bilər. Rubeus ona "Kod: 001, Əməliyyat: Çağırış" əməliyyatını verir və insanları klana cəlb etmək əmrini verir. Koan Rey Hinonun də təhsil aldığı T*A Qızlar Akademiyasına gedir və orada "Qara Ay" fövqəltəbii klubunun lideri olur. Koan insanlara falçı kimi xidmət verməyə başlayır və ölüm tarixlərini deyir. Rey Koanın bu hərəkətinə qarşı çıxır, Koan əsl şəxsiyyətini ona göstərir və Rey Seylor Marsa çevrilir. Baş verən döyüşdə Kaon Seylor Marsı alov tələsinə salır, amma Seylor Mun və Taksedo Mask tərəfindən öldürülür. Koanın alov tələsində hələ də ilişən Rey Rubeus tərəfindən qaçırılır. "Sailor Moon Crystal" animesində də Koan eyni rolu icra edir.
Orijinal anime adaptasiyasında Koan öz xarici görünüşü ilə çox məşğuldur, hətta kimsə onun makyajına və ya saçına zərər verirsə, ona qarşı söyüşcül olur. Koan istədiyini əldə etməkdə gözəlliyinə güvənir. Koan düşünür ki, Rubeusla aralarında sevgi münasibəti var və digər bacıları ilə onun sevgisi uğrunda yarışır. Koan Seylor Mars və digər Seylor döyüşçüləri ilə bir neçə dəfə döyüşür. Sonuncu döyüş Hikava məbədində baş verir. O, Çibiusanı tuta bilmədiyinə görə Rubeus onu sevmədiyini deyir və klandan qovur. Koan qəzəblə digər Seylor döyüşçülərinə hücum çəkir, Seylor Mars isə onu Seylor Yupiterin zərbəsindən qoruyub ona yeni həyat təklif edir. Koan Gümüş Kristalla qara qüvvədən təmizlənən ilk Kabus bacı olur. Koan daha sonra digər bacılarının da kristalla təmizlənməsinə nail olur.
Koan həmçinin "Sailor Moon: Another Story" videooyununda peyda olmuşdur.
Orijinal yapon anime serialında Koan Vakana Yamazaki, "Sailor Moon Crystal" animesində isə Satsuki Yukino tərəfindən səsləndirilmişdir. DiC ingilis adaptasiyasında adı Katzi olmuşdur və onu əvvəlcə Alis Pun, daha sonra Meri Lonq səsləndirmişdir. Viz Media ingilis adaptasiyasında dublajı İden Riqel yerinə yetirmişdir. Teatr tamaşalarında Koan rolunu Seyko Takuma və Hinami Someya ifa etmişdirlər.
Berte — ikinci ən gənc Kabus bacı. Seylor Merkurinin qarşılığıdır. Berte adını berterit mineralından almışdır.
Berte Rubeusdan qorxur, digər bacılarından fərqli olaraq ona qarşı məhəbbəti yoxdur. Berteyə "Kod: 002, Əməliyyat: Aradan qaldırmaq" əməliyyatı verilir və bu əməliyyata əsasən Seylor döyüşçülərini öldürməli və Çibiusanı ələ keçirməlidir. Berte özünü adi insan kimi təqdim edir və rəqqas ilə müxtəlif bacarıqlar göstərərək insanları heyrətləndirir. Ami Mizunonun rəqqas istifadə etmədən su borusunun sızıntısını tapdığını görən Berte onun Seylor döyüşçüsü olduğunu başa düşür. Ami kimi şahmatı əla oynayan Berte televiziya vasitəsilə onu oyuna dəvət edir. Oyun zamanı qəflətən Seylor Merkuri, Seylor Mun və Seylor Yupiter ilə Berte arasında döyüş başlayır. Sonda Berte lağım suyu ilə Seylor Merkurinin ətrafında su qalxanı yaradır və onu boğmağa başlayır. Rubeus beləcə Seylor Merkurini oğurlayır. Amma Berte Seylor Mun tərəfindən öldürülür. Berte "Sailor Moon Crystal" animesində də eyni rolu oynayır.
Orijinal animedə Berte çox nadinc və dəcəl şəxsiyyətə malikdir, amma digər bacılarına olan böyük hörməti göstərilmişdir. Koan Gümüş Kristalla təmizlənəndə Berte yeganə şəxs olmuşdur ki, bundan qanı qaralmışdır. Qarşılığı olan Ami kimi, Berte də çox ağıllı və şahmat oynamaqda istedadlıdır. Lakin bəzən şahmat oynayarkən hiylələrdən istifadə edir. Berte ona verilən son tapşırığı yerinə yetirmək üçün manqada olduğu kimi Ami ilə şahmat oyununda qarşılaşır. Lakin onu öldürə bilmir, bacıları Kalaveras və Petts onu lağa qoyurlar. Buna görə də Berte özünü öldürməyə çalışır, lakin Gümüş Kristal sayəsində adi insana çevrilmiş Koan onu bunu etməməsi üçün razı salır. Nəticədə Berte də Gümüş Kristalla təmizlənir və adi qadına çevrilir.
Berte "Sailor Moon: Another Story" videooyununda görünmüşdür.
Orijinal yapon anime serialında Berte Yuri Amano, "Sailor Moon Crystal" animesində isə Rumi Kasahara tərəfindən səsləndirilmişdir. DiC ingilis adaptasiyasında adı Berti olmuşdur və onu Ketlin Laski səsləndirmişdir. Viz Media ingilis adaptasiyasında dublajı Sindi Robinson yerinə yetirmişdir. Teatr tamaşalarında Berte rolunu Manami Vakayama ifa etmişdir. Berte yeganə Kabus bacıdır ki, "Ankoku no Princess Black Lady" teatr tamaşasında görünməmişdir.
Petts — Kabus bacıların ən böyüyü. Seylor Yupiterin qarşılığıdır. Adını petzit mineralından almışdır.
Pettsə Tokio əhalisini virusa yoluxdurmağı və onları droidlərlə əvəzləməyi nəzərdə tutan "Kod: 003, Əməliyyat: Yeniləşmə" əməliyyatı verilir. Virusa yoluxanlardan biri olan Makoto Kino sonda evində huşunu itirir və oyananda qarşısında onun yerini tutmaq və onu öldürmək istəyən droidlə qarşılaşır. Makoto Seylor Yupiterə çevrilərək ona hücum edir və gizli şəxsiyyətini ona məlum edir. Bu zaman Petts ortaya çıxır və aralarında döyüş başlayır. Petts Seylor Yupiteri Qara Kristal vasitəsilə yaratdığı tornadoda tələyə salır. Seylor Mun və Seylor Veneranın oraya gəldiyini görməyən Petts Seylor Mun tərəfindən öldürülür, lakin Rubeus Seylor Yupiteri oğurlamağı bacarır. Petts "Sailor Moon Crystal" animesində də eyni rolu oynayır.