Rəmal Əli oğlu Aslanov (; daha çox Ramal Aslanov olaraq tanınır; ləqəbi: Lord) — Azərbaycan kikboksçusu. O, kikboksinq üzrə dünya kəmərinin sahibi, 12 qat Azərbaycan, 3 dəfə dünya və Avropa çempionu, "Əməkdar idman ustası", Azərbaycan Kikboksinq Federasiyasının vitze-prezidenti və kapitanı, eləcə də Azərbaycan Prezidenti mükafatçısıdır.

Həyatı Ramal Aslanov 1 mart 1992-ci il tarixində Şəmkir rayonunun Çənlibel kəndində anadan olmuşdur. O, əslən Ermənistanın Vardenis rayonundandır. Aslanovun bir bacısı var. O, orta məktəbdə oxuyarkən həkim olmaq istəmiş, lakin sonra kikboksinqdə çempionluqlar qazandıqca, dərslərdən uzaqlaşmağa başlamışdır. Aslanov 2009-cu ildə orta məktəbi, 2014-cü ildə isə Azərbaycan Dövlət İdman Akademiyasını bitirmişdir. O, 2014–2015 illərdə həqiqi hərbi xidmətini Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının idman komandasında keçmişdir.

Karyerası

Kikboksinq Ramal Aslanov 2004-cü ildə cəmi bir həftə muay tay təlimləri keçmiş, həmin il isə kikboksinq üzrə məşqlərə başlamışdır. Onun ilk və son məşqçisi əməkdar məşqçi Hakim Hacıyev olmuşdur. Ramal Aslanov kikboksinq üzrə həvəskarlar arasında 6 dəfə Azərbaycan çempionu olmuşdur. O, kikboksinq üzrə 11 qat Azərbaycan, 3 dəfə dünya və Avropa çempionudur. Peşəkarlar arasında İKBO, WAC, WMAO, FF, WCF versiyaları üzrə dünya kəmərinin sahibidir.

2015-ci ilin mart ayında Portuqaliyada keçirilən idmanın kikboksinq üzrə Dünya çempionatında Aslanov 1-ci yerə layiq görülmüşdür. O, 2012-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən peşəkarlar arasında kikboksinq üzrə dünya çempionatında raundluq döyüşün 3-cü raundunda rəqibi təslim olmağa məcbur edərək dünya çempionu olmuş, dünya kəmərini Azərbaycana gətirmişdir. Aslanov peşəkarlar arasında 71 və 86 kilolarda Azərbaycan kəmərinin sahibidir. O, 26 mart 2016-cı il tarixində Almaniyanın Koblenz şəhərində peşəkarlar arasında keçirilən WMAO versiyasi üzrə (K-1) yarışda niderlandlı idmançı Mervin Rozendtruik üzərində qələbə qazanaraq Dünya Çempionu olmuşdur. Aslanov 2016-cı ildə finalda Litva idmançısını məğlub edərək Azərbaycan tarixində ilk dəfə dünya Qran-Pri turnirinin qalibi olmuşdur. O, həmin il Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən "The World Faith Fight" seriyasının super-finalında çıxış etmiş, çinli Lin Yinqan üzərində qələbə qazanmışdır. O, 2018-ci ildə ikinci dəfə Qran-Pri turnirinin qalibi olmuşdur. Aslanov 2019-cu ilin oktyabr ayında Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən kikboksinq üzrə dünya çempionatının finalında serbiyalı Miloş Kelyanoviçə qalib gələrək (-75 kq) qızıl medal qazanaraq dünya çempionu olmuşdur. 2021-ci ilin iyul ayında əldə edilən məlumatlara əsasən, Aslanov peşəkar karyerasında 42 rəsmi döyüş keçirmiş, onlardan 13-ü nokautla olmaqla, 37 qələbə qazanmışdır.

Aslanov 2014-cü ildən Azərbaycan Kikboksinq Federasiyası millisinin böyüklərdən ibarət həm həvəskar, həm peşəkarlardan ibarət yığma komandasının kapitanıdır. O, 2021-ci ilin iyulunda Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. Həmçinin, Aslanov federasiyanın İdarə Heyətinin sədr müavinləri təyin olunmuşdur.

Boks Aslanov 2018-ci ilin dekabrında "Sədərək" İdman Klubunun adından 75 kq çəki dərəcəsində boks üzrə Azərbaycan çempionatında debüt edərək gümüş medal qazanmışdır. O, çempionatda beş döyüş keçirmiş, üç döyüşü nokautla udmuşdur.

Mükafatları və adları Ramal Aslanov 2012 və 2019-cu illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən cari ilin kikboksinq üzrə ilin ən yaxşı idmançısı seçilmişdir. Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Ramal Aslanov 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən fəxri fərman ilə təltif edilmişdir. 2015-ci ildə "İdman ustası fəxri adına", 2017-ci ildə isə "Əməkdar idman ustası" fəxri adına layiq görülmüşdür. 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən Aslanova yeni mənzil təqdim edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan kikboksçuları