Kəlbəcər əməliyyatı — 1993-cü ilin sonlarında, Birinci Qarabağ müharibəsinin axırlarında, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələrinə qarşı Kəlbəcərin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı.

Kəlbəcər Azərbaycanın ən dağlıq və ən böyük rayonlarından biridir və Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) xaricində yerləşirdi. Şimalında yerləşən hündür Murov silsiləsi ilə əhatə olunmuş ərazi əsasən sıx meşələr, çaylar və bulaqlardan ibarətdir. Rayon o dövrdə qərbdən Ermənistannın Basarkeçər şəhəri, şimaldan Daşkəsən və Xanlar (indiki Göygöl) rayonları, şimal-şərqdən Goranboy və Şaumyan rayonları, şərqdən Ağdərə və Əsgəran rayonları, cənubdan isə Laçın rayonu ilə həmsərhəd idi, Ermənistan və seperatçı Qondarma Dağlıq Qarabağ Respublikası arasında yerləşirdi. Müharibədən əvvəl təxminən 60 min əhalisi olan bölgədə əsasən etnik azərbaycanlılar və kürdlər məskunlaşmışdı. Strateji əhəmiyyətə malik olan Kəlbəcər qızıl və xrom yataqları ilə zəngindir.

Erməni qüvvələri 1992-ci ilin martında Laçın şəhərini işğal edərək Ermənistanı Dağlıq Qarabağa bağlayan ensiz bir dağ keçidi olan Laçın dəhlizinin nəzarətini ələ keçirmişdir. Onlar daha sonra Ağdaban kəndini işğal etmiş, oradakı yerli əhaliyə qarşı soyqırım törətmiş və kəndi yandırmışdır. Erməni qüvvələri növbəti il Kəlbəcərə hücum əməliyyatı başlatmış, çoxlu sayda müharibə cinayəti törədərək 1993-cü ilin aprelində rayonu tamamilə işğal etmişdir. Onlar həm də Qarabağın ən yüksək zirvəsini – strateji Murovdağı ələ keçirmişdir. Bu hadisələr Azərbaycan daxilində siyasi böhrana səbəb olmuşdur. Azərbaycanlı hərbi komandir Surət Hüseynov 1993-cü ilin yayında üsyan edərək Gəncədən Bakıya doğru irəliləmiş, ovaxtkı Azərbaycan Prezidenti Əbülfəz Elçibəyi devirmişdir. Keçmiş sovet siyasətçisi olan Heydər Əliyev hakimiyyəti öz üzərinə götürmüş və Hüseynovu baş nazir təyin etmişdir. Ermənilər bu dövrdə asanlıqla bir neçə şəhəri işğal edə bilmiş, Əliyev isə işğal edilmiş əraziləri azad etməyi vəd etmişdir.

701 saylı Motoatıcı Briqadanın üç mindən çox əsgərindən ibarət olan Azərbaycan qüvvələri 15 dekabrda yüksək hündürlüklərdə və sərt qış şəraitində hücuma başlamışdır. Bir neçə uğursuz hücum cəhdindən sonra Azərbaycan qüvvələri 1994-cü il yanvarın ortalarında Murov silsiləsini keçmiş, Kəlbəcər rayonu ərazisinə daxil olmuşdur. Onlar Basarkeçər–Ağdərə yolunu kəsmiş, Kəlbəcər–Ağdərə–Laçın yoluna doğru irəliləmişdir. Şimaldan hücuma hazırlıqsız olan erməni qüvvələri bölgənin dərinliklərinə çəkilməyə məcbur qalmışdır. Azərbaycan qüvvələri fevral ayına qədər Kəlbəcər şəhərinə yaxınlaşmışdır. Lakin yenidən toplaşmağı bacaran erməni qüvvələri həmin ay böyük canlı qüvvə ilə əks hücuma başlamışdır. Onlar Ömər aşırımından keçən yolu kəsmiş, Azərbaycan qüvvələrini mühasirəyə almışdılar. Azərbaycanlı qüvvələr buna görə də çaxnaşmaya düşmüş, kəskin şaxta havada çətin dağlıq ərazilərdən keçərək 20 fevral tarixinə qədər geri çəkilməyə məcbur qalmışdır. Ermənistan silahlıları tərəfindən mühasirəyə alınan və güclü bombardman altında qalan iki batalyon istisna olmaqla, bütün Azərbaycan qüvvələri əvvəlki mövqelərinə qayıda bilmişdir.

Əməliyyat həm Azərbaycan, həm də Ermənistan tərəfinin ağır itki verdiyi, o cümlədən müharibənin ən ölümcül döyüşüdür. İngilis jurnalist Tomas de Vaalın verdiyi məlumata görə, ümumilikdə hücum zamanı altı mindən çox hərbçi ölmüşdür. Qış şəraitinə pis hazırlaşan bir çox Azərbaycan əsgərləri ya donaraq ölmüş, ya da qar uçqunu altında qalmışdır. İtkilərin böyükhəcmli olması Bişkek protokolunun imzalanmasına yol açmış və beləliklə müharibəyə son qoymuşdur. Azərbaycan o dövrdə itkilərini gizli saxlamışdır. Həmçinin, qış aylarında Kəlbəcərə hücum əməliyyatı gerçəkləşdirmək əmrinin kim tərəfindən verilməsi hələ də naməlumdur.

Zəmin Kəlbəcər Murov silsiləsi ilə əhatə olunmuş və əsasən sıx meşələr, çaylar və bulaqlardan ibarətdir. Rayon Azərbaycanın ən dağlıq və ən böyük rayonlarından biridir. Rayonun iqtisadiyyatında tarixən heyvandarlıq və əkinçilik üstünlük təşkil etmişdir. Sovet hakimiyyəti 1930-cu ilin avqustunda bölgəni inzibati ərazi vahidinə çevirmiş və Kəlbəcər şəhərini inzibati mərkəz təyin etmişdir. Kəlbəcər o dövrdə qərbdən Ermənistanın Basarkeçər şəhəri, şimaldan Daşkəsən və Xanlar (indiki Göygöl) rayonları, şimal-şərqdən Goranboy və Şaumyan rayonları, şərqdən Ağdərə və Əsgəran rayonları, cənubdan isə Laçın rayonu ilə həmsərhəd idi. Rayon Ermənistan və Dağlıq Qarabağ bölgəsi arasında yerləşir və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) xaricindədir. Təxminən 60 min əhalisi olan rayonda əsasən etnik azərbaycanlılar və kürdlər yaşayırdı. Rayon qızıl və xrom yataqları ilə zəngindir və müalicəvi mineral su sanatoriyaları ilə məşhurdur.

SSRİ dövründə DQMV Azərbaycan SSR-nin tərkibindəki əsasən etnik ermənilərin yaşadığı muxtar bir vilayət idi. Sovet İttifaqı 1980-ci illərin sonlarında dağılmağa başladıqda vilayətin statusu məsələsi yenidən gündəmə gəlmiş və 20 fevral 1988-ci ildə DQMV parlamenti vilayətin Azərbaycan SSR-dən Ermənistan SSR-yə verilməsini tələb edən bir qərar qəbul etmişdir. Azərbaycan bu tələbi bir neçə dəfə rədd etmiş və qısa müddət sonra 1988-ci ildən 1990-cı ilə qədər etnik zorakılıq yaşanmış, Sumqayıt, Gəncə və Bakıda ermənilərə, Quqark və Xankəndidə isə azərbaycanlılara qarşı bir sıra poqromlar törədilmişdir. Dağlıq Qarabağın statusu ləğv edildikdən sonra, 10 dekabr 1991-ci ildə keçmiş vilayət daxilində müstəqillik referendumu keçirilmişdir. Vilayət əhalisinin təxminən 22,8%-ni təşkil edən azərbaycanlılar referendumu boykot etmiş, iştirakçıların 99,8%-i isə müstəqilliyin lehinə səs vermişdir. 1992-ci ilin əvvəllərində Sovet İttifaqının süquta uğramasından sonra Qarabağ uğrunda müharibə başlamışdır.

Əvvəlki hadisələr Erməni qüvvələri 18 may 1992-ci ildə Laçın şəhərini işğal etmək üçün hücum əməliyyatına başlamış və bununla da Ermənistanın cənubundakı Sünik mərzində yerləşən Gorus şəhərini Dağlıq Qarabağın regional paytaxtı olan Xankəndi şəhərinə birləşdirən Laçın dəhlizini nəzarətə götürmüşdülər; Ermənistanı Dağlıq Qarabağa birləşdirən digər əsas yol Murov silsiləsindən keçir. Laçın şəhərinin özü zəif mühafizə olunurdu və ertəsi gün erməni qüvvələri şəhəri işğal etmiş və onu dağıtmışdır. Şəhərin təqribən 7,800 nəfərdən ibarət Azərbaycan və kürd əsilli sakini qaçqın düşmüşdür. 8 aprel tarixində erməni qoşunları şimala doğru hərəkət etmiş və Kəlbəcər şəhərindən 56 kilometr şimal-şərqdə yerləşən, 460 nəfərlik əhalisinin əksəriyyəti etnik azərbaycanlılardan təşkil olunmuş Ağdaban kəndinə hücum etmişdir. Erməni qüvvələri kəndi, kənddə yerləşən 130 evi tamamilə yandırmış, 30-dan çox dinc sakini öldürmüş, yüzlərlə insana işgəncə verərək onları əsir götürmüşdür.

232x232px|thumb|left|Murov silsiləsini keçərək Kəlbəcəri tərk edən azərbaycanlı qaçqınlar.

1993-cü il Azərbaycan üçün bir çətin il olmuşdu. Erməni qüvvələri mart ayında Kəlbəcərə hücuma başlamış və apreldə rayonu işğal edərək bütün Qarabağın ən yüksək zirvəsi olan Murovdağı nəzarətə götürmüşdür. Ermənilərin Kəlbəcərdəki uğuru rayonun mülki əhalisinin evlərindən zorla çıxarılması, dinc sakinlərin öldürülməsi və girov götürülməsi də daxil olmaqla, çoxsaylı müharibə cinayətləri ilə nəticələnmişdir. Rayon uğrunda gedən döyüşlər zamanı 500-dən çox azərbaycanlı mülki şəxs öldürülmüş, 60 mindən çox insan evlərindən didərgin düşmüşdür. 30 spreldə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 822 saylı qətnaməni qəbul edərək bütün hərbi əməliyyatların dərhal dayandırılmasını və bütün işğalçı qüvvələrin Kəlbəcərdən çıxarılmasını tələb etmişdir. Bunun ardınca, iyunun əvvəlində, ovaxtkı Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin bacarıqsızlığından, eləcə də hərbi rütbəsinin endirilməsinə görə qəzəblənən Azərbaycan Silahlı Qüvvələrinin komandiri Surət Hüseynov üsyan etmiş, öz qüvvələri ilə Gəncədəki bazasından Bakıya doğru irəliləməyə başlamışdır. Bu siyasi qarışıqlıq zamanı Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları işğal edilmişdir. Elçibəy iyunun 18-də vəzifəsindən ayrılmış və hakimiyyəti ovaxtkı millət vəkili, keçmiş sovet lideri Heydər Əliyevə təhvil vermişdir. İyulun 1-də Hüseynov Azərbaycanın Baş naziri təyin edilmişdir. Payızda Beyləqan şəhərinə hücum əməliyyatı keçirən erməni qüvvələri dəf edilmişdir. Prezident vəzifəsini icra edən Əliyev siyasi cəhətdən etibarsız hesab etdiyi Elçibəyin Xalq Cəbhəsinə bağlı 33 könüllü batalyonu ləğv etmişdir. O, müharibədəki uğursuzluqlara görə əvvəlki hökuməti günahlandırmış və işğal olunmuş əraziləri azad edəcəyinə söz vermişdir. Əliyev könüllü batalyonları kompensasiya etmək üçün tez və mübahisəli bir şəkildə gənc çağırışçılardan ibarət bir ordu yaratmışdır. Oktyabr və noyabr aylarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının daha iki qətnaməsi (874 və 884 saylı) qəbul edilmiş və Dağlıq Qarabağın hüquqi müstəvidə Azərbaycanın bir tərkibi olduğu bir daha təsdiqlənmişdir.

250px|thumb|Heydər Əliyev andiçmə mərasimi zamanı.

Əliyev keçmiş sovet respublikalarında yaşayan Azərbaycan əsilli hərbi mütəxəssislərə müraciət etmişdir. Əksəriyyəti Sovet–Əfqanıstan müharibəsi veteranları olan bir çox zabit ölkəyə köməyə gəlmişdir. Bu və ümumxalq səfərbərlik Azərbaycanın hərbi gücünü artırmışdır. Azərbaycan hökuməti hücumdan əvvəl bölgədə yaşayan mülki əhalini təxliyə etmişdi. Əməliyyatlar dəniz səviyyəsindən 2500–3500 metr yüksəklikdə davam etdirilməli idi. Bölgədə sərt iqlim, güclü qar, küləklər və təhlükəli uçqunlar olduğu üçün plan çox təhlükəli hesab edilirdi. Bu səbəbdən bir çox komandir əməliyyatı dəstəkləməmişdi. Əməliyyata cəlb edilən əsgərlərin əksəriyyəti yeni çağırışçılar idi. Azərbaycan ordusu Murov silsiləsindən hücuma keçərək Basarkeçər–Ağdərə yolunu kəsməyi planlaşdırırdı. Azərbaycan Silahlı Qüvvələri bundan sonra Kəlbəcər rayonunun dərinliyinə doğru hərəkət edərək Kəlbəcər şəhərini işğaldan azad etməli və eyni zamanda Tərtərdən irəliləyərək erməni qoşunlarını mühasirəyə almalı idi.

Tərəflərin müqayisəsi Hücum əməliyyatını Azərbaycan Silahlı Qüvvələrinə bağlı 701 saylı Motoatıcı Briqada həyata keçirmişdir. Briqadanın şəxsi heyəti ümumilikdə 3,500 nəfər hərbi qulluqçudan ibarət idi. Onun komandiri polkovnik-leytenant Valeh Rəfiyev, qərargah rəisi polkovnik-leytenant Eldar Həsənov, əməliyyat rəisi isə mayor Qorxmaz Qarayev idi. Briqada altı batalyondan ibarət idi: 1 saylı Azərbaycan Batalyonu; komandiri Qurban Qurbanov idi; 2 saylı Azərbaycan Batalyonu; komandiri Həbib Şabanov idi; 3 saylı Azərbaycan Batalyonu; komandiri Balay Nəsibov idi; 4 saylı Azərbaycan Batalyonu; komandiri Hafiz Məmmədov idi; 5 saylı Azərbaycan Batalyonu; komandiri Gəray Əsədov idi; 6 saylı Azərbaycan Batalyonu; komandiri Vəli Bayramov idi.

Əlavə olaraq, hücum əməliyyatında Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı Kəlbəcər Rayon Polis İdarəsinin polisləri də iştirak etmişdir.

250px|thumb|Kəlbəcər rayonu ərazisi Azərbaycanın müasir inzibati bölgüsü xəritəsi daxilində.

1994 saylı ilin fevral ayının əvvəllərində Qondarma DQR-nin Mərkəzi Özünümüdafiə Qrupuna Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Hraç Andresyan rəhbərlik edirdi. Cəbhənin sadəcə cənubundakı erməni qüvvələri 2,000 nəfərdən çox hərbçidən ibarət idi. Bütün ordu qrupu bir neçə alay və tabordan ibarət idi: Stepanakert Alayı; komandiri Levon Mnatsakanyan idi. Əsgəran Özünümüdafiə Rayonu; komandiri Vitali Balasanyan idi. 35 saylı Özünümüdafiə Batalyonu; komandiri Arşavir Qaramyan idi. 42 saylı Özünümüdafiə Batalyonu; komandiri Arkadi Şirinyan idi. 43 saylı Özünümüdafiə Batalyonu; komandiri İliç Bağıryan idi. 77 saylı Özünümüdafiə Batalyonu; komandiri Petros Gevondyan idi.

Bundan əlavə, DQR-yə Ermənistan Silahlı Qüvvələrinin aşağıda göstərilənlərdən ibarət bölmələri dəstək vermişdir: 555 saylı Vardenis Motoatıcı Alayı. 7 saylı Gümrü Mühəndis Taboru. 9 sayl Eçmiədzin Mühəndis Taboru.